İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalib ölkə liderindən kritik Laçın mesajları - Nöqtə Xankəndində qoyulacaq!

İlham Əliyevin xəbərdarlıqlarından kimlər hansı nəticələri çıxarmalıdır

Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması mərasimindəki çıxışı bir sıra özəl məqamlarla yadda qaldı. Laçın şəhəri kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi, heç şübhəsiz, İlham Əliyevin uğurlu dövlət xadimi kimi böyük xidməti və siyasi-diplomatik qələbəsidir.

Buna qədər, Qarabağ zəfərinə qədər Azərbaycan dövləti, əlbəttə ki, çox ciddi ordu quruculuğu, işğalçı Ermənistana qarşı effektli təbliğat və diplomatik iş aparmışdı. Təbii ki, xalqın vəhdətinin təmin edilməsi, onun vahid hədəf ətrafında birləşdirmək bacarığı da ayrıca qeyd edilməlidir. Buna da ölkə rəhbəri böyük ustalıqla nail ola bildi. Çıxışın başqa bir leytmotivi bu idi ki, biz qarşımızda hansı məkrli, vəhşi, qanımızı içməyə hazır bir düşmənin olduğunu unutmamalı, daim millət-dövlət olaraq ayıq-sayıqlığımızı saxlamalı və əlbəttə ki, daha da güclənməliyik. O dərəcədə  ki, Ermənistandakı revanşist qüvvələr Azərbaycan tərəfə baxmağa belə, cürət eləməsin.

Prezident bu xüsusda heç də boşuna bu ifadəni işlətmədi ki, torpaqları kimsə bizə bağışlamayıb. Topraqlarımızı qan bahasına, şəhidlərimiz, qazilərimizin canları bahasına geri almışıq. Odur ki, eyforiyadan, arxayınlaşmaqdan uzaq olmalıyıq. Çünki dövlət başçısının vurğuladığı kimi, son olaylar da göstərdi ki, müharibə hələ bitməyib, sülh müqaviləsi imzalanmayıb, düşmən bizə qarşı ən azından iyrənc mina müharibəsi aparır.

Bununla bağlı Prezident qeyd elədi ki, Ermənistan təkcə Laçın rayonu ərazisinə müharibədən sonra (!), 2021-ci ildə 1400-dən çox yeni mina döşəyib. Yəni Ermənistan Azərbaycana qarşı dövlət səviyyəsində cinayət törətməyə davam edir. Əfsus ki, bu cinayətlərə də heç bir adekvat beynəlxalq reaksiya yoxdur. Ermənistan həmçinin sülh müqaviləsi imzalamaqdan və sərhədlərin delimitisasiyası və demarkasiyasından israrla yayınır, sülh istəmir. Deməli, revanşist planlardan hələ də əl çəkməyib.

Bu, Ermənistanın növbəti faciələrinin müqəddiməsidir. Halbuki məğlub Ermənistan öz vəziyyətini, şansını düzgün qiymətləndirməli, qalib Azərbaycanın uzatdığı əli geri çevirməməli, sülh müqaviləsi üzrə işə başlamalı, Zəngəzur dəhlizinin icra olunmasına mane olmaqdan əl çəkməlidir.

İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb - FOTO

Bu xüsusda İlham Əliyevin aşağıdakı sitatını xatırlatmağın yeri var: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Prezidentin çıxışında təbii ki, daxilə, xalqa ünvanlı başqa mesajlar da var idi. O mesajlardır ki, əgər biz xalq olaraq, “nöqtə”ni Xankəndində qoymaq istəyiriksə, yekdil, yumruq kimi olmalı, sağdan-soldan aranı qarışdırıb “bulanıq suda balıq tutmaq istəyən”lərin, daxildəki “5-ci kolonçular”ın, sapı özümüzdən olan “baltaların” fitnə-felinə getməməliyik. Çünki məhz bu fitnə-fəsadların, hərc-mərcliyin nəticəsi olaraq torpaqlarmız, o cümlədən Şuşa, Laçın vaxtilə işğal altına düşmüşdü. 

Prezident İlham Əliyev Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin  törətdikləri dağıntılara baxıb (FOTO)

Çıxışdakı daha bir mühüm məqam o idi ki, Azərbaycan xalqı ərazi, suverenlik məsələlərində heç vaxt hansısa beynəlxalq təşkilata güvənməməlidir. Yalınız özümüzə, öz gücümüzə və bir də həqiqi dost-müttəfiqlərimizə etibar eləməliyik. ATƏT-in Minsk Qrupunun 28 il erməni işğalına, erməni barbarlığına göz yumması, rəsmi müraciətlərə baxmayaraq, YUNESKO-nun hələ də işğaldan azad olunan ərazilərimizə gəlib gerçəyi sənədləşdirmək istəməməsi bizə dərs olmalıdır. Bu kimi qurumlar artıq Azərbaycan üçün  öz legitimliyini itirib, özünü gözdən salıb.

Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və burada Azərbaycan Bayrağını ucaltması tarixi hadisədir: “Bu, bir daha göstərdi ki, Azərbaycan öz istəklərinə nail olur və heç bir güc buna mane ola bilmir. Prezident İlham Əliyevin Laçın şəhərindəki çıxışı isə öz məzmunu ilə yenə də yol xəritəsi və siyasi dərs mahiyyətindədir. Bunu görmək üçün dövlətimizin başçısının bir neçə sitatına nəzər yetirmək kifayətdir. Prezident deyib ki, sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Cənab Prezidentin mesajı kifayət qədər aydındır. Bu, bir daha onu göstərir ki, heç bir bəyanat, təzyiq, qaragüruh Azərbaycanı gündəmini dəyişdirməyə vadar edə bilməz. Əksinə, son proseslər bir daha göstərdi ki, bu regionda gündəmi məhz Azərbaycan müəyyənləşdirir.

İƏT Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi, Ermənistana göz dağı  verdi

Aydın Hüseynov

Prezidentin çıxışında sentyabrın 13-də Ermənistanın təxribatına Azərbaycan ordusunun cavabını fərqli şəkildə təqdim etməyə çalışan xarici dairələrə və onlarla həmrəy olan daxildəki ünsürlərə də tutarlı cavab var. Cənab Prezident bəyan edib ki, əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz. Prezidentin bu sözləri həm də onu göstərir ki, Azərbaycan güclü tərəf olmaqla yanaşı, beynəlxalq hüquq və ədalət prinsiplərinə də sadiqdir. İstənilən tənzimləmə, o cümlədən də delimitasiya tarixi sənədlər və xəritələr əsasında olmalıdır. Azərbaycan isə bu prosesə həm hazır, həm də hazırlıqlıdır.

Cənab Prezidentin çıxışındakı “Biz Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik” bəyanatı isə onu göstərir ki, Azərbaycan bundan sonra baş verəcək proseslərdə üstünlüyünü daha da möhkəmləndirib. Həm Ermənistanın növbəti təxribat cəhdlərinin qarşısının alınması, həm də danışıqlar baxımından. Bu həm də, “13 sentyabrda Azərbaycan nəyə nail oldu” deyib ordumuzun cavab əməliyyatına kölgə salmaq istəyən, bunu daxili siyasi mübarizəyə alət etmək istəyən ünsürlərə bir cavabdır".

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Prezident İlham Əliyevin Laçın şəhərinə səfər etməsinin özü Azərbaycanın daha bir böyük qələbəsinin təntənəsidir: “Laçından verilən mesajlar isə hər biri Azərbaycanın qalib ölkə, diktə edən tərəf olduğunu daha bir təsdiqi sayıla bilər. Cənab Prezidentin Laçından verdiyi mesajlar bir çox ünvanların eşitməsi, bir çox ünvanların nəticə çıxarması və düzgün yola gəlməsi üçün verilən mesajlar idi. Çıxışda əksini tapan bir sıra nüanslar isə Azərbaycanın son hadisələrdə də beynəlxalq hüquqa görə haqlı olduğunun ən yüksək səviyyədə sübuta yetirilməsi sayılamlıdır. Dövlət başçısı bir daha baş verən hadisələrin xronologiyasını qeyd etməklə, torpaqlarımızın silsilə formada işğal edilməsinə 30 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupu kimi təşkilatların seyrçi qalmasından, fəaliyyətsilik nümayiş etdirmələrindən bəhs etdi. Bildirdi ki, bundan sonra Ermənistan Minsk Qrupu kimi təşkilatlara, kimlərinsə zənginə arxayın olmasın. Ermənistana mesaj verdi ki, sərhədlərin delmitasiyası və demarkasiyasına tezliklə nail olmaq lazımdır. Əks halda, hazırkı vəziyyət Ermənistanın özünü ağır vəziyyətlə üz-üzə qoyacaq. Ermənistan indiki vəziyyətdə bizə deyə bilməz ki, sərhədimiz pozmusan. Olmayan sərhədi necə pozmaq olar?! Sərhədi rəsmən müəyyənləşdirmək və qarşılıqlı olaraq bir-birimizin dövlət sərhədlərini, sərhəd toxunulmazılığını tanımaq lazımdır. Nə qədər ki, bu baş verməyib, Ermənistan və ona dəstək verən xarici güclər Azərbaycanı sərhəd toxunulmazılığını pozmaqda ittiham edə bilməzlər. Hesab edirəm ki, həm Ermənistan, həm də erməniləri müdafiə etməyə çalışan kənar qüvvələr Azərbaycan liderinin bu qətiyyətli mövqeyindən nəticə çıxarmalıdırlar. Onlar əvvəlki təcrübələri də yadlarına salıb bilməlidirlər ki, İlham Əliyevin xəbərdarlıqları boşuna edilmir, xəbərdarlıqlardan nəticə çıxarılmayanda ”dəmir yumruq" işə düşür. Prezidentin Qarabağda hələ də erməni silahlı birləşmələrinin qaldığını bəyan etməsi isə 10 noyabr üçtərəfli bəyanatına imza atan Rusiyaya da mesaj hesab edilməlidir. Dövlət başçımız bu bəyanatı ilə bir daha nəzərə çatdırmış oldu ki, Rusiya sülhməramlıları bəyanatın erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutan tələbini tam icra etməlidirlər. İcra edilməyəcəksə, bu məsələni də Azərbaycan özü həll etmək hüququna və nöqtəni Xankəndində qoymaq hüququna malikdir". 

Elçin Mirzəbəyli: Azərbaycan diasporunun formalaşması prosesinin təməlində  Ümummilli Liderin azərbaycançılıq məfkurəsi dayanır - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Politoloq Elçin Mirzəbəyli isə AZƏRTAC-a bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını qaldırması tarixi hadisədir və özündə Azərbaycan dövlətçiliyinin işğaldan azad edilmiş bütün ərazilərimizdə bərqərar olması kimi dərin mənanı ifadə edir. Siyasi ekspert qeyd edib ki, Laçın Azərbaycanın Ermənistanla sərhədində yerləşən, ölkəmizin digər ərazilərinin, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təhlükəsizliyinin təmin edilməsi, kommunikasiya və bu kimi digər vacib komponentlər baxımından mühüm əhəmiyyət kəsb edən bir ərazidir: “Laçın şəhərinin və digər Azərbaycan ərazilərinin, yaşayış məntəqələrimizin, tarixi, dini, mədəni abidələrimizin ermənilər tərəfindən məhv edilməsinə, talanmasına, erməniləşdirilməsinə, torpaqlarımızda qanunsuz məskunlaşdırma aparılmasına, yurd yerlərimizin ”mina tarlası"na çevrilməsinə görə təkcə Ermənistan deyil, on illər boyu bu ağır cinayətlərə göz yumanlar da məsuliyyət daşıyırlar. Məhz bu aspektdən, 30 ilə yaxın bir müddət ərzində bölgəyə turist səfərləri həyata keçirməklə, işğalçı ilə işğala məruz qalanı eyniləşdirməklə, bir çox hallarda təcavüzkara dəstək verməklə işini bitmiş hesab edən təsisatlar, o cümlədən ömrünü başa vurmuş ATƏT-in Minsk qrupu kimi təqaüdçü diplomatların “pansionatı” Azərbaycan xalqının yanında legitimliyini çoxdan itirib və ölkəmizdə heç bir şəxs bu ifadəni belə eşitmək istəmir.

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü təmin edib və bölgəyə davamlı sülhün gəlməsi üçün bütün mümkün imkanlardan istifadə edir. Müzəffər Azərbaycan Ordusunun bir çox hallarda kiçik miqyaslı təxribatlara münasibətdə kifayət qədər səbirli davranması da ölkəmizin insan həyatına, humanizm prinsiplərinə və sülhə verdiyi önəmdən qaynaqlanır. Lakin yenidən revanşist hisslərlə yaşayan müharibə caniləri və onların ideoloji zəhərini dadanlar unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və sərhədlərimizdə təhlükə yaratmağa çalışanların bir göz qırpımında başını əzəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR