İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaldı avqusta - Tramp savaşı niyə 6 aya da dayandıra bilmədi...

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı; Kiyevin müqavimət gücü hara qədər olacaq? - ekspertlərin gözləntisi

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətini avqustun 6-dək uzadıb. “Yeni Müsavat” qeyd edir ki, qərarın lehinə 357 deputat səs verib. Bu müddət artıq 15-ci dəfədir artırılır. O deməkdir ki, avqusta qədər suda, quruda və havada atəşkəs gözlənilmir. Sabah, yəni aprelin 18-də isə enerji sektoruna zərbələrə moratorium qoyulmasının müddəti başa çatır. Bu atəşkəsin uzadılması ilə bağlı hər hansı təşəbbüs yoxdur. Onsuz da tərəflər razılaşmaya riayət etmədilər və enerji infrastrukturuna hücumlar davam etdirildi.

Bundan əlavə, Rusiya hücumları gücləndirib. Ukraynanın Xerson, Odessa, Xarkov, Sumı vilayətləri müntəzəm olaraq atəş altındadır. Ona görə də atəşkəs üçün imkanlar azalır. Üstəlik, ABŞ liderinin Rusiya üzrə xüsusi elçisi Stiv Uitkoff Kreml başçısı ilə 4 saatdan çox davam edən danışıqların bəzi detallarını açıqlayarkən məlum olub ki, Moskvanın şərtləri dəyişməzdir: Krım və 4 regionla bağlı reallıq qəbul olunmalıdır. Bu da yenə də atəşkəs danışıqlarını və tərəflərin masaya oturmaq perspektivlərini tormozlayır. Vaşinqton isə bəyan edir ki, Rusiya aprelin sonuna qədər atəşkəsə razılaşmasa, ağır sanksiyalar tətbiq olunacaq. Halbuki Tramp seçki dövründə bir günə, sonra isə 6 aya müharibənin dayandırılmasına nail olacağını bildirmişdi.

Ukrayna isə hərbi vəziyyətin və səfərbərliyin müddətini avqustun 6-dək uzatmaqla göstərdi ki, savaş davam edəcək. Bu da yanvarın 20-də and içmiş ABŞ prezidentinin 6 aylıq vədindən o yana keçir. Bununla belə, həm Ukrayna lideri ümidlidir ki, tezliklə atəşkəs əldə oluna bilər, həm ABŞ Rusiya ilə daha uzunmüddətli dialoq aparmağa həvəsli olmadığını bəyan edib, o cümlədən Rusiya rəsmiləri də qeyd edirlər ki, sıx danışıqlar gedir.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, rəsmi Moskva yalnız öz şərtləri əsasında atəşkəsə gedəcəyini qeyd edir: “Bununla da Ukrayna və Şərqi Avropanı öz nüfuz dairəsinə daxil etməyi planlaşdırır”. Analitikin sözlərinə görə, Putinin əsas tələbi ABŞ qoşunlarının Şərqi Avropadan çıxarılması və NATO-nun regionu tərk etməsidir. O bildirib ki, ABŞ və Rusiya arasında aparılan danışıqlar effektiv deyil: “Ukrayna ilə bağlı ortaq məxrəcə gəlinməsi də gözlənilmir. Tərəflər o zaman razılaşa bilərlər ki, bir tərəf digərinə güzəştə getsin”.

Şərhçi Aqşin Kərimov vəzifəyə təyin olunub

Aqşin Kərimov

Siyasi təhlilçi Aqşin Kərimovun fikrincə, Moskva ilə Vaşinqtonun Ukraynadakı müharibənin tənzimlənməsini asanlaşdırmaq üçün birgə səy göstərdikləri artıq sirr deyil: “Bu isə Kiyevin milli və təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir. Ukraynada narahatlıq var ki, Rusiya ABŞ-la danışıqlara müharibədəki gələcək hücum səylərini gücləndirmək vasitəsi kimi baxır. ABŞ-ın Donald Trampın administrasiyası dövründəki Ukrayna ilə əlaqədar fərqli yanaşmaları, Vaşinqtonun resurslarını Çinlə tarif müharibələrinə yönləndirməsi Kiyevdən diqqəti yayındırır. Ukrayna Rusiya ilə ABŞ danışıqları, Ağ Evlə Çin arasındakı ticarət savaşına görə öz mövqelərinin beynəlxalq aləmdə sıfıra düşməsini arzulamır”.

Ekspertə görə, Ukrayna nəzərləri öz üzərinə çəkərək yenidən bir nömrəli beynəlxalq prioritet olması üçün döyüş meydanında ciddi nəticələr əldə etməlidir: “Bu, hələlik baş vermir, əksinə, Ukraynanın ərazi itkiləri getdikcə çoxalır. Bir məsələni də nəzərdə saxlamaq lazımdır ki, Rusiyanın da hücum tempi son 5 ayda yüksək intensivliyini azaldıb. Belə bir məqamda Ukrayna üçün güclü əks-hücum əməliyyatları keçirmək şansı yaransa da, ABŞ-ın yardımlara və Kiyev üçün tərtib etdiyi kəşfiyyat məlumatlarına əhəmiyyətli məhdudiyyətlər qoyması Kiyevin əlini-qolunu bağlayır. Bu baxımdan Ukraynanın taleyini birbaşa olaraq ABŞ-Rusiya danışıqları deyil, müharibə meydanındakı əməliyyat şəraiti müəyyənləşdirir. Ukraynanın müqavimət gücü hara qədər olacaq - bunun hesabını indidən təqdim etmək çətindir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR