İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalası dağılmış İran...

Bəri başdan etiraf edirəm ki, şahmatdan elə də başım çıxmır, daha doğrusu, dərin bilicisi deyiləm bunun. Əlbəttə, “e2-e4"dən başqa bir gediş bilməyən "On iki stul" qəhrəmanı Ostap Benderdən fərqli olaraq bütün gedişləri bilirəm, oynamağı da bacarıram, amma bir daha ərz edirəm sizə ki bilicisi, hətta həvəskarı da deyiləm bu oyunun. 

Di gəl, bütün siyasi yazarlar kimi elə mən də arabir şahmat terminlərindən istifadə edirəm, çünki səhvdir, düzdür, bilmirəm, fəqət, siyasət haqqında həm də belə bir fikir var ki, bu da bir oyundur. Mən hələ onu demirəm ki, böyük Platon (oxşar fikirlər səsləndirən digər filosofların adını hallandırmıram burada: onsuz da özləri deyirlər ki, bütün Qərb fəlsəfəsi Platona kommentariyalardır!) ərz edirdi ki, hətta həyatın özü də bir oyundur...

Bu səbəbdən də son Suriya hadisələri ilə bağlı bir-iki yazımda şahmat terminini - qambit sözünü işlətmişdim. Bilirsiniz niyə? Yanılmıramsa, qambit oyunun əvvəlində olur və adətən piyadanın və ya zəif bir fiqurun qurban verilməsi ilə müşayiət olunur. 

Son Suriya hadisəsi zamanı da “qurban” oldu - Kreml özünün himayə etdiyi diktator Əsədi “qurban” verdi. Başlanğıc məsələsinə gəldikdə isə yenə də səhv etmirəmsə, hələ proses nəinki bitməyib, burada geosiyasi ehtiraslar nəinki səngiməyib, əksinə, hər an yenidən vüsət ala bilər. 

ABŞ-ın “qarnının altındakılar” təxminən bircə ay bundan sonra, cənab Donald Tramp özünün kürsüsünə əyləşəndən sonra daha dəqiq bilinəcək. 

İsrail artıq indidən özünün iddialarını nəinki gizlətməyə, heç pərdələməyə də çalışmır, deyəsən, onlar da “böyük İsrail” sevdasına düşüblər. 

Ruslar guya texnikalarını Suriyadan Liviyaya daşıyırlar və hələ ki Suriyada qalmaq və yaxud buraya qayıtmaq haqda hər hansı açıqlama vermir, iddia qoymurlar ortaya. 

Ötən həftə səbrimizi basıb V.Putinin düz dörd saat yarım davam edən mətbuat konfransını dinlədik ki, bəlkə nəyisə yəqinləşdirə bildik, amma o da xüsusi maraq doğura biləcək bir söz demədi...

Qərəz, bu prosesdə hələ ki “dəvəsi ölmüş bir ərəb” varsa, o da, deyəsən, bizim qonşu İrandır. 

Rus mətbuatı durmadan yazır ki, bəs İranın Yaxın Şərqdəki əsas qalası çökdü, halbuki hamı Əsədi daha çox Moskvanın admaı hesab edirdi və o, Suriyadan İrana yox, Moskvaya qaçdı, hərçənd ki, qaçmaq ərəfəsində onu Tehranın da nümayəndəsi ziyarət etmişdi! 

Mən hələ bir məsələni demirəm: dağılmış, tamamilə viran qalmış Suriyanı və real olaraq çoxdan çökmüş Əsədi “qala” adlandırmaq nə dərəcədə düzgündür və hətta ciddir? Nə isə! Bu sualı hələ saxlayaq. 

Əlbəttə, biz də durub inkar etmək niyyətində deyilik ki, Suriya İran “oxu”nun əsas həlqələrindən biridi, yanılmıramsa, hətta onu da İranın “şiə qövsü”nə aid edirdilər. 

Eləcə də B.Əsəd də İranın adamı idi. Amma burada bir “həm də” vurğusunu əlavə etmək istərdik, çünki “peşəkar agentlər” adətən “ikiqat agent” olurlar, bir deyil, bir neçə kəşfiyyata işləyirlər. 

Üstəlik, Tehran və Moskva ən azı indiki dövrdə Yaxın Şərqdə “müttəfiq” olmağa məcburdurlar, əlbəttə, dost və qardaş ölkələr deyillər, hər an biri-birilərini sata bilərlər, amma şərait hələ ki onlara bəzi məsələlərdə bir olmağı diqtə edir. Odur, mən də qəbul edirəm ki, Yaxın Şərqdə Tehranın qalası çökdü, bircə düzəlişlə: Tehranın  və Moskvanın qalası çökdü...

Tehran məsələsi gündəmə gələndə mən həqiqətən də inanmağa başlayıram ki, Suriyadakı son dəyişikliklərin əsas səbəbkarlarından biri də İsraildir. Sonuncu dəfə İran İsraili atəşə tutarkən yəhudilər deyirdi ki, onların cavabı daha sərt və amansız olacaq. Amma ya ABŞ imkan vermədi, ya başqa bir səbəb mane oldu, hər halda, Təl-Əvivin cavab atəşi elə də təəssürat yaratmadı və düşünürük ki, Əsədin Suriyadan qovulması daha effektiv və təsirli cavab oldu İsrail tərəfindən - əlbəttə, İsralin son Suriya hadisələrindəki rolu haqqında deyilənlər həqiqətən də doğrudursa...

Bəli, Yaxın Şərqdə ən azı bir “fiqur” vuruldu. Davamı olacaqmı? Trampın Ağ Evə təntənəli qayıdışını gözləmək lazım gələcək. Hamı bilir, bu adam ən azı ABŞ-ın son dövrlərdə ən israilpərəst prezidenti olub. 

Digərləri belə deyildi. 90-cı illərdən sonrakı ABŞ prezidentlərindən birinin qeydlərini oxumuşdum. Yazdığı təxminən bu idi ki, adam səhərin açılmasını istəmir, çünki bilirsən ki, səhər açılan kimi İsrailin baş naziri birinci zəng edəcəkdir...

Amma Tramp belə deyil. Sadəcə, problem ondadır ki, İranın molla rejimi Vaşinqtonun əlində bir “oyuncaq”dır və dəfələrlə bu “oyuncağı” bitirmək mümkün olsa da onlar bunu etməyiblər. Düzdür, indi ABŞ-ın sərəncamında daha bir “oyuncaq” - "xoxan" var, bu, Rusiyadır. Amma Trampın sonuncuya marağı yoxdur, odur ki, istisna deyil ki, İran rejimi bu dörd ili də - Trampın idarəçilik dövrünü də birtəhər başa vuracaq...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR