Onlayn ictimai-siyasi qəzet
İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qahirəyə səfər etdi. Prezident Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdü və dünyaya önəmli mesajlar verdi.
Buna keçməzdən öncə qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan və beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzu durmadan artır.
Ən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir.
Konkret olaraq Misirə gəlincə, Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Bu gün Misir və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var.
Prezident İlham Əliyevin cari səfəri zamanı iki ölkə arasında energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olundu.
Misir 100 milyondan artıq əhalisi olan böyük bazar və strateji coğrafiyada yerləşən böyük dövlətdir. Afrika,Yaxın Şərq və digər regionlara əlverişli çıxış imkanları olan ölkədir ki, bunun da ticarət üçün faydaları böyükdür.
Azərbaycan Prezidenti Qahirədə mətbuata verdiyi bəyanatda bildirdi ki, bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür:
“Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”.
Onu da bildirək ki, Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə də əməkdaşlıq var. Prezident İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü buna sübutdur.Misir və Azərbaycan dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm töhfə verirlər.
Azərbaycan islam həmrəyliyinə daim töhfə verən ölkədir, İslam dünyasının diqqətində olan məsələlərə böyük önəm verir. Azərbaycanın Fələstin məsələsində də həmişə ədalətli və prinsipial mövqeyi olub. Azərbaycan Fələstin məsələsinin 1967- i il sərhədləri şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır. Azərbaycan QH sədri olarkən də bu prinsiplərin təşviqinə daim töhfə verib. Son zamanlar irəli sürülən bəzi iddialara baxmayaraq, Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhəmiyyəti var.
Prezident bununla bağlı bildirdi:
“Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır”.
Prezident İlham Əliyev prinsipial mövqe ortaya qoyaraq bildirdi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.
Azərbaycan prezidenti işğal dövründə də bütün tədbirlərdə Qarabağ məsələsinə toxunur, problemimizi dünyanın diqqətinə çatdırırdı. Məhz bu siyasətin nəticəsində biz Qarabağı işğaldan azad edə bildik, separatçıları torpağımızdan təmizlədik, xəyal kimi görünənləri gerçəkdə yaşadıq. İndi də qarşıda duran məsələlərdən biri də sülh müqaviləsidir ki, ölkə başçısı Qahirədən verdiyi bəyanatda buna da toxundu.
Prezident bildirdi:
“Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır. Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir”.
Onu da qeyd edək ki, yüksək səviyyədə keçən səfər çərçivəsində Azərbaycanla Misir arasında 7 önəmli sənəd imzalandı.
Həmin sənədlər aşağıdakılardır:
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”;
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”;
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.
Qafar Səfərli,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ