İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqaz uğrunda ABŞ-Rusiya davası: kimin sülhü qalib gələcək...

Azərbaycanla Ermənistan arasında sülh yaratmağa üç iddiaçı var 

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətindəki gərgin döyüşlərdən bir neçə gün sonra növbəti dəfə tərəflər arasında müzakirələr bərpa olundu. Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirildi və müzakirələr barədə qısa informasiyalar verildi.

İlkin informasiyalardan çox irəli gedən nəticələr çıxartmaq təbii ki, mümkün deyil. Amma bəzi təxminləri ortaya qoymaq mümkündür. Blinken görüşlə bağlı açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında onlar sülh üçün hazır olduqlarını bəyan ediblər: “Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, Blinken nazirlərlə görüşdə gələcək eskalasiyanın qarşısının alınmasının və sülh prosesinə qayıtmağın vacibliyini vurğulayıb: “Onlar növbəti addımları müzakirə ediblər və dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb”.

Görünən budur ki, ABŞ-da keçirilən ilk üçtərəfli görüşdə konkret bir nəticə, razılaşma olmayıb. Amma ortaya çıxan bir həqiqət var ki, ABŞ sülh prosesin onun vasitəçiliyi ilə aparılmasında son dərəcə maraqlı və israrlıdır. Ekspertlər xeyli öncədən bildirirdilər ki, Amerika Brüsselin təşəbbüsü ilə başlayan sülhyaratma sürəcini onunla məsləhətləşərək aparılmasına çalışır. 12-13 sentyabr hadisələri zamanı ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Rikerin bölgəyə səfərində də bu barədə təkliflər verdiyi qeyd olunurdu. Sərhəd döyüşlərindən sonra ABŞ Blinken səviyyəsində dövriyyəyə girdi və görünən budur ki, Birləşmiş Ştatlar üzərinə vasitəçilik missiyasını götürməyə start verib.

Əlbəttə, istənilən sülh təşəbbüsü Azərbaycan üçün arzuolunandır. Ancaq ortaya suallar da çıxır - bundan sonrakı mərhələdə Brüssel, Rusiya və ABŞ-la koordinasiyalı şəkildə yaxud hansısa digər formatda razılaşdırılaraq sülh prosesini aparmaq daha effektiv olacaqmı? Bununla vəziyyət daha yaxşılığa doğru olacaq, yoxsa qəlizləşəcək? Amerikanın təşəbbüsü ələ almaq istəməsinə Rusiyanın mövqeyi necə ola bilər? Bu yerdə vurğulamaq yerinə düşər ki, açıq-aydın şəkildə, dünyanın böyük gücləri və təsisatları Güney Qafqazda səlahiyyət və mövqelər uğrunda yarışırlar. İndiyəcən rəsmi Bakı Brüssel və Moskva arasında gedən rəqabətdən ustalıqla faydalanırdı, prosesləri və sülh gündəmini idarə edə bilirdi. İndi Azərbaycan-Ermənistan arasındakı münasibətlərə üçüncü oyunçu da daxil olub. ABŞ təşəbbüsü ələ alaraq, “sülh gündəliyi”ni özü diqtə etməyə çalışır. Və Amerika oyuna müdaxil olandan bəri sərhədlərdə atəş səsləri və qan tökülməsi dayanmır. İndi görünən budur ki, Azərbaycan-Ermənistan arasında “sülh” yaratmağa 3 iddiaçı var. Bəs o zaman kimin “sülh”ü  daha faydalıdır? Həm də bu üçlükdən hansının öz təklifində daha çox israr etmək, onu keçirmək imkanları var? Yeri gəlmişkən, Kreml bugünlərdə İrəvanda səfərdə olan ABŞ rəsmisinin dediklərinə ironiyalı reaksiya verib. “Rusiya Azərbaycan və Ermənistan arasında nizamlanmanı təşviq edən istənilən əməli addımı alqışlamağa hazırdır” - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvan səfərini şərh edərkən bildirib.

“Sözdə deyil, əməldə olan, yüksək səslə deyil, populist deyil, real, sakit və praktiki, münasibətlərin tənzimlənməsinə, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verən hər şeyi alqışlamaq olar. Bu cür səs-küylü hərəkətlərin və bəyanatların nizamlanmaya töhfə verib-vermədiyini  isə zaman göstərəcək”, - deyə Peskov bildirib. Şənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfər edib, baş nazir Nikol Paşinyan, Ermənistan Parlamentinin sədri Alen Simonyan və digər rəsmilərlə görüşmüşdü. Peskovun bu açıqlamasını oxumaq kifayətdir ki, rəqabətin nə dərcədə ciddi olduğunu biləsən...

Bəs ABŞ-ın oyuna müdaxil olması və rəqabətin böyüməsi Azərbaycana xeyir edirmi? Edirsə, necə, etmirsə, niyə?  Bu sualların fonunda "Sülh prosesinin, sərhədlərin müəyyənləşməsi məsələsinin gələcəyini necə görürsünüz", - deyə tanınmış ekspertlərə müraciət etdik.

Ceyhun Məmmədov - YouTube

Deputat: “ABŞ prosesə töhfə vermək istəyirsə, yaxşı olardı ki, Azərbaycanın yaratdığı yeni reallığı qəbul etsin”

Deputat Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan bölgədə sülhün təmin olunmasına yönəlmiş bütün cəhdləri alqışlayır: “Hazırda prosesdə 3 tərəf vasitəçi kimi iddiasını nümayiş etdirir. Rusiya və Avropa İttifaqının prosesdə iştirakı uzun müddətdir davam edir. ABŞ prosesə yeni qoşulub və təşəbbüsü ələ almağa çalışır. Ancaq ABŞ-ın mövqeyi Azərbaycanı qane etmir. Bu dövlətin ölmüş Minsk Qrupunu zorla diriltmək cəhdləri, status məsələsini davamlı vurğulaması qəbuledilən deyil və Azərbaycanın mövqeyi ilə uzlaşmır”. C.Məmmədovun sözlərinə görə, ABŞ prosesə töhfə vermək istəyirsə, yaxşı olardı ki, Azərbaycanın yaratdığı yeni reallığı qəbul etsin: “İlk növbədə lazımdır ki, ABŞ beynəlxalq hüquqla təsbit olunmuş Azərbaycan torpaqlarının bütövlüyünü şübhə altına alan bəyanatlar verməsin və Ermənistanı sərhəddə təxribatlar törətməkdən çəkindirsin”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasına dedi ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və İrəvanda Azərbaycan əleyhinə verdiyi açıqlamalar Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarına zidd idi: “Nensi Pelosinin İrəvanda anti-Azərbaycan açıqlamaları Azərbaycan cəmiyyətində ABŞ-ın siyasəti ilə bağlı ciddi iradlar yaradıb. ABŞ-da erməni lobbisi və onlara bağlı bir qrup konqresmen ölkəmizi hədəf seçsə də, Amerikanın təhlükəsizlik maraqları Azərbaycanla hərtərəfli əməkdaşlığı diqtə edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində kiçik də olsa, pay sahibi olması Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynaması da Vaşinqtonun diqqət mərkəzindədir. Misal üçün, Vaşinqton Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına daşınmasını istəyir. Azərbaycan buna hazırdır. Buna baxmayaraq, Nensi Pelosi kimilərinin anti-Azərbaycan fəaliyyəti ölkəmizdə Amerikaya qarşı haqlı narazılıq yaradır. Bunu Amerikanın rəsmi qurumlarında anlamamış deyillər”.

Politoloq: “Vaşinqtonun vasitəçiliyi nəticəyə köklənməsə də, rəsmi Bakı Amerikanın vasitəçiliyindən imtina etməyəcək”

Analitik xatırlatdı ki, Pelosinin İrəvanda anti-Azərbaycan açıqlamalarından sonra dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng etdi: “Bu zəngin əsas məqsədi Pelosinin İrəvandakı açıqlamalarını yumşaltmaq məqsədi daşıyırdı, sanki Vaşinqton Bakıya belə mesaj vermək istəyib ki, Amerikada hamı Pelosi kimi düşünmür. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Entoni Blinkenin vasitəçiliyi ilə Nyu-Yorkda görüşdülər. Bu görüşdən nəticə çıxmadı. Nəticənin olmayacağı Blinkenə də bəlli idi. Çünki ağır döyüşlərdən az müddət keçib, tərəflərin mövqeyində fərqlər var. Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Nyu-Yorkda görüşdürməsinin iki məqsədi olub. Blinken görüş vasitəsilə Cənubi Qafqazda mümkün toqquşma ehtimalını ortadan qaldırmağa və Rusiyaya "bölgədə biz də varıq" mesajını göndərməyə çalışıb".

E.Şahinoğlu qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında iki vasitəçi var - Rusiya və Avropa İttifaqı: “ABŞ üçüncü vasitəçi olmaq istəyir, Kremlsə bundan narazıdır. Vaşinqtonun vasitəçiliyi nəticəyə köklənməsə də, rəsmi Bakı Amerikanın vasitəçiliyindən imtina etməyəcək. Bu, Amerikanın Azərbaycanla Ermənistan arasında balansı ikincinin xeyrinə pozmaması baxımından bizə lazımdır”.

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov isə qeyd etdi ki, Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatdan sonra keçirildi və sülhün gücləndirilməsinə yönəlmişdi: “Blinkenin əsas vurğuladığı məsələ Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həllinin olmaması ilə bağlı idi. Bununla yanaşı, ABŞ dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də avqustun 31-də Brüsseldə ali səviyyədə keçirilən görüşün sonunda yaydığı bəyanatda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında 1 ay ərzində sülh müqaviləsinin mətni ilə bağlı görüşün keçirilməsinə çağırış var idi. Nəticədə Ermənistan sülhü və təhlükəsizliyi pozaraq sülh müqaviləsi ilə bütün işləri yarımçıq qoymağı üstün hesab etdi”.

İ.Hüseynovun sözlərinə görə, artıq konkret görünür ki, Birləşmiş Ştatlar üzərinə vasitəçilik missiyasını götürməyə start verib və özünün böyük təsiri olduğu Brüssel formatını da əvəzləmək istəyir: “Lakin bu xüsusda Vaşinqton, Moskva və Brüssel formatı meydana çıxacaqsa və onların da maraqları ziddiyyət təşkil edəcəksə, onda bu, bizə Vaşinqton, Moskva və Paris üçlüsünün nəticəyə gətirməyən, mənasız görüşlərini xatırladacaq. Bu gün Cənubi Qafqaz mühüm strateji bölgədə yerləşdiyi üçün region uğrunda diplomatik müstəvidə amansız savaş gedir. İstənilən halda rəsmi Bakı geosiyasi mövqelərinin güclənməsinə və sülh gündəliyinə uyğun prosesin inkişafına çalışacaq”.

 Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR