Onlayn ictimai-siyasi qəzet
"Milli Məclisdə Azərbaycanda gender məsələləri üzrə məlumatın təqdimatı zamanı təqdim etdiyimiz təkliflərdən biri də pensiya yaşının differensiya baxılması və kişilərlə qadınlar arasında pensiya yaşında fərqin müəyyənləşdirilməsindən ibarət olub".
Musavat.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bir sıra ölkələrdə, o cümlədən postsovet ölkələrində qadınların pensiya yaşı kişilərlə müqayisədə daha tezdir: "Nəzərə almaq lazımdır ki, Azərbaycanda qadınlarla kişilərin pensiya yaşının növbəti illərdə bərabərləşdirilməsi nəzərdə tutulur.
Ona görə təklif edirik ki, qadınların daha tez pensiya çıxması məqsədəuyğun olardı və praktiki olaraq qadınların pensiya yaşının daha çox sosial təminata ehtiyacı olur. Ona görə onların daha tez pensiyaya çıxması, pensiya hüququndan istifadə etməsi onların sosial təminatının gücləndirilməsinə gətirib çıxarır.
Fərqli ölkələrdə bu yaş fərqlidir. Biz təklif edirik ki, qadınlar təxminən üç il fərqlə daha tez pensiyaya çıxsınlar. Bu onların təbii ki, sosial təminatının gücləndirilməsinə gətirib çıxara bilər.
Eyni zamanda, praktik olaraq differensial sistemin tətbiqi, həm də gender baxımından pensiya sistemli islahatların səmərəliliyinin artmasına gətirib çıxara bilər. Xüsusən də Mərkəzi Şərqi Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi məqsədəuyğun olardı.
Bu ölkələrin əksəriyyətində qadınlar üçün güzəştli və daha tez pensiyaya çıxmaq imkanları var. Bu imkanların istifadə olunması nəticə etibarilə, xüsusən də qadınlarımızın daha tez pensiyaya çıxmaq hüququnu əldə etməsi və onların təbii ki, büdcədən dövlətdən daha tez pensiya almasına imkan yarada bilər.
Fiskal imkanlarımız genişlənir. Bu kontekstdən təbii ki, bu, belə bir islahatın aparılması üçün maliyyə bazası da formalaşıb. Ona görə də dövlət qurumu tərəfindən mexanizmin hesablanması və bu istiqamətdə addımların atılması məqsədəuyğun olardı".
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ