Onlayn ictimai-siyasi qəzet
Qadınlarda sonsuzluq və xərçəng kimi ciddi xəstəliklərə yol aça bilən polikistik yumurtalıq sindromu (PCOS) reproduktiv dövrdə görülən hormonal xəstəlikdir.
Reproduktiv yaşda olan təxminən hər 10 qadından birində rast gəlinən xəstəliyin ağır menstruasiya, sızanaq və çəki artımı kimi digər xəstəliklərlə asanlıqla qarışdırıla bilən əlamətləri var.
Ekspertlər deyirlər ki, bu hormonal xəstəliyin daha az yayılmış simptomları isə yuxuya getməkdə çətinlik, depressiya və dəri problemləridir. Mütəxəssislər bu vəziyyətin hormon balanssızlığı və qadının daha çox kişi hormonuna sahib olması ilə nəticələndiyini bildirirlər.
Sindromun az bilinən əlamətləri bunlardır:
Yuxusuzluq
Bir qadının hormon səviyyələrinə təsir edən vəziyyətin yuxusunu da poza bilməsi qəribə görünə bilər. Ancaq tədqiqatlar bunu göstərir. Çikaqo Universitetində bir endokrinoloq tərəfindən 2011-ci ildə aparılmış araşdırma, PCOS olan qadınların yuxu apnesi riskinin 10 qat daha çox olduğunu müəyyən edib.
Ət xallarının artması
Ziyil və xallardan fərqli olaraq, ət xalları adətən dərinin bir-birinə sürtüldüyü yerlərdə, məsələn, boyunda və qolların altında böyüyürlər. Mütəxəssislər PCOS-un səbəb olduğu hormonal balanssızlığın ət xallarının artmasına səbəb olduğunu düşünürlər.
Dəri ləkələri
PCOS “akantozis nigricans” adlanan dəri probleminə səbəb ola bilir. Bu da ət xalları kimi insulin müqaviməti ilə əlaqələndirilir. Bir çox PCOS xəstəsinin orqanizminin qanda şəkərin təmizlənməsinə kömək edən hormon olan insulinin təsirinə davamlı olduğu bildirilir.
Mütəxəssislər bu hormonun dəri hüceyrələrini stimullaşdıraraq onların sürətlə çoxalmasına səbəb ola biləcəyini, nəticədə tünd ləkələrin əmələ gəldiyini söyləyirlər.
Əhval-ruhiyyənin dəyişməsi
Əhval-ruhiyyə dəyişiklikləri də PCOS olan qadınlara təsir edən simptomlardır. PCOS xəstəsi olmaq depressiyaya düşmə riskini arıtırır. Bunun səbəbinin PCOS simptomlarının "özünə inama və özünə hörmətə təsir göstərə bilməsidir".
Sonsuzluq problemi, çəki artımı və ağrılı dövrlər depressiyanı tətikləyən üç əsas simptomdur.
Mütəxəssislər bildirirlər ki, son beynəlxalq PCOS sorğularına əsasən, xəstələrin 80 faizə qədəri depressiya, 70 faizi isə qayğı və narahatlıq keçirir.
Keçəllik
Saç tökülməsi PCOS-un digər bir simptomudur. Yumurtalıqlar artıq androgen buraxmağa başlayanda PCOS inkişaf edir. Bunlar qadınların az miqdarda istehsal etdiyi testosteron kimi kişi hormonlarıdır. Androgenlər tərəfindən follikulların həddindən artıq stimullaşdırılması saçların incəlməsinə səbəb ola bilər. Mütəxəssislər deyirlər ki, bu cür saç tökülməsi adətən başın yan tərəflərində olur.
Hormon balansının pozulması hər nə qədər saç tökülməsinə səbəb olsa da, eyni zamanda üz, sinə, kürək və ya ombada həddindən artıq tüklənmə ilə nəticələnir.
Libidonun azalması
Mütəxəssislər PCOS xəstələrinin aşağı libidoya sahib olmalarının adi hal olduğunu deyirlər. Lakin bu, çoxlarının haqqında danışdığı bir mövzu deyil. İnsanlar PCOS ilə əlaqəli simptomlar səbəbiylə özünəinamını itirdiyi üçün bu cür simptomları dilə gətirmirlər. (medicina.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ