İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin mesajı - MDB-ni kimlər dağıtmaq istəyirlər...

Rusiya lideri hesab edir ki, ilbəil kənardan təhdidlər artır, üzv ölkələr arasında fikir ayrılıqları yaranır; Qərb və Ukraynadakı müharibə bu təşkilatı demontaj edə bilərmi?

“Kənardan gələn çağırışlar və təhdidlər hər il artır. Etiraf etməliyik ki, bu, MDB-yə üzv dövlətlər arasında fikir ayrılıqları yaradır. Lakin əsas odur ki, əməkdaşlıq etməyə hazırıq. Hər hansı problemli məsələlər ortaya çıxsa belə, biz onları özümüz birlikdə bir-birimizə yoldaşlıq yardımı göstərərək həll etməyə çalışırıq”. “Yeni Müsavat” məlumat verir ki, Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin qeyri-forma sammitində açılış nitqində belə deyib. Kreml rəhbəri hesab edir ki, MDB ölkələri arasında əməkdaşlıq uğurla davam edir. Son bir ildə dövlətlərin çoxşaxəli qarşılıqlı əlaqəsinin bütövlükdə uğurla inkişaf etdiyini deyən Rusiya liderinin sözlərinə görə, bunu Rusiya ilə bütün MDB ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı təsdiqləyir. “Yanvar-oktyabrda ticarət dövriyyəsinin həcmi 6,6% artaraq 81,5 milyard dollara çatıb. Bu ilin sonuna qədər onun 100 milyard dollara çatacağını gözləməyə əsas var. Sonda bir daha əmin olduğumu bildirmək istərdim ki, MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verir, Birlik dövlətlərinin sosial-iqtisadi inkişafı problemlərinin daha səmərəli həllinə, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə kömək edir”, - deyə Putin vurğulayıb.

MDB-nin sentyabr sammitində də Putin buna oxşar fikirlər səsləndirmişdi. Rusiya Prezidenti demişdi ki, Qərb MDB məkanında yeni münaqişələrin qızışdırılması ssenariləri üzərində işləyir. Sitat: “Qərb istənilən ölkəni təhlükəyə atmağa, onu böhranın episentrinə çevirməyə, rəngli inqilab və qanlı qırğın törətməyə hazırdır”. Maraqlıdır ki, sammit ərəfəsi Rusiya XİN başçısının müavini Mixail Qaluzin də deyib ki, ABŞ MDB-dəki qeyri-sabitlik ocaqlarından faydalana bilməyəcək. “MDB-də qeyri-sabitlik ocaqlarının kimə sərfəli olması sualına cavab olaraq deyə bilərəm ki, bundan heç kim fayda görməyəcək. Qısamüddətli konyuktur məqsədlərinə çatmaq üçün çalışan ABŞ belə”, - nazir müavini bildirib.

Putin bu dəfə “kənardan gələn çağırışlar və təhdidlər hər il artır. Etiraf etməliyik ki, bu, MDB-yə üzv dövlətlər arasında fikir ayrılıqları yaradır” deməklə bir az da konkretləşmə aparıb. Bu, o anlama gəlir ki, Qərb ölkələri MDB daxilində münaqişələrdən istifadə edir. Bu mesajın anlamı nədir? Görünür ki, Rusiya lideri Azərbaycan-Ermənistan, vaxtaşırı sərhədlərində toqquşan Tacikistan-Qırğızıstan münaqişələrinə işarə edib. O cümlədən bu təşkilatı elə Rusiyanın işğalçı siyasəti ucbatından tərk etmiş Gürcüstan və Ukraynanı da nəzərdə tutmamış deyil. Həmçinin Ermənistanda güclənən anti-Putin əhval-ruhiyyəsi, elə rəngli inqilab nəticəsində Paşinyanın hakimiyyətə gətirilməsi, yanvarda Qazaxıstanda baş verən iğtişaşlar, habelə Özbəkistanın Qaraqalpaqıstan ərazisində olan toqquşmalar da Rusiya Prezidentinin “kənardan təhdidlər hər il artır” mesajı ilə sinxronluq təşkil edir. Və getdikcə MDB platforması öz kəsərini, əhəmiyyətini itirməkdədir. Bu baxımdan Putində bu təşkilatın dağılması qorxusu mövcuddur. Eləcə də Rusiyanın ağalıq etdiyi KTMT, Avrasiya İqtisadi Birliyi, Avrasiya Gömrük İttifaqı da analoji aqibətlə üzləşmək riskini yaşamaqdadır. Bu təhlükə Ukrayna müharibəsi fonunda baş verir və Rusiyanın nüfuzu azalır, mövqeyi zəifləyir. Bəs MDB tamamilə demontaj edilə bilərmi, yoxsa Putin qeyri-rəsmi sammitlərlə, toplantılarla ona süni nəfəs verib yaşatmağı bacaracaq? Burada Ermənistanla Azərbaycan arasında münaqişəyə vurğu ön plandadırmı? Ümumiyyətlə, Rusiya MDB-nin dağılması planından niyə narahatdır?

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, MDB öz ömrünü başa vurmaqdadır. Partiya lideri hesab edir ki, istənilən halda bu təşkilat dağılacaq. “Çünki keçmiş sovet ölkələri ittifaq dağılanda reallığı nəzərə alaraq bir araya gəlmişdilər. İndi isə bu platformaya zərurət yoxdur. Rusiya hazırda Ukrayna ərazisində işğalçı müharibə aparır, elə bunun özü türk dünyası üçün təhdiddir. MDB-yə üzv olan türkdilli ölkələr Türk Dövlətləri Təşkilatının inkişafında maraqlıdırlar, nəinki MDB-nin.

Ona görə Putin Qərbdən Rusiyaya olan haqlı demarşı bütövlükdə MDB məkanına transformasiya etmək istəyir, belə süni görüntü yaratmağa çalışır ki, guya bölgəyə kənardan təsirlər var. Əslində MDB məkanına yox, Rusiyaya təzyiqlər var. Bu təzyiqlər də əsaslıdır, onun işğalçı addımlarına, hərbi cinayətlərinə cavab verilir. Düşünürəm ki, MDB platforması yalnız Rusiyanın özünə lazımdır, üzv ölkələr onun yaşamasında maraqlı deyillər. Sadəcə, SSRİ dağılanda bu birliyin yaranması zəruri idi. İndisə həmin ölkələr Rusiyanın orbitindən uzaqlaşmağa çalışırlar", - deyə A.Əlizadə qeyd etdi.

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev hesab edir ki, Putinin MDB məkanı ilə bağlı narahatlığı başadüşüləndir. Onun sözlərinə görə, Rusiya bu regionu tarix boyu öz təsir dairəsi hesab edib: “Rusiyanın indi burada imkanları xeyli zəifləsə də, siyasətini davam etdirməyə çalışır. MDB təbii ehtiyatlarla zəngin ölkədir, geosiyasi cəhətdən maraqların toqquşduğu bölgədir, Qərb və Moskva burada üzləşirlər, belə olan təqdirdə Rusiya liderinin açıqlaması anlaşılandır. Rusiya açıq mesaj verir ki, MDB məkanını itirmək istəmir”.

E.Musayevin fikrincə, Putin indi MDB-yə üzv ölkələrə birbaşa göstəriş verə bilməsə də, siyasi və iqtisadi təsirlərini saxlamağa çalışır: “MDB isə formal bir təşkilatdır. Dövlətlər artıq Rusiya ilə yanaşı dayanmaq istəmirlər. Çünki işğalçı adı qazanmış bir ölkədir, heç kəs onunla yanaşı görünməyi arzulamır. Ona görə də üzv ölkələr MDB-nin qalmasında maraqlı deyil. Biz Türk Dövlətləri Təşkilatının fəaliyyətində istəkliyik. İndi Azərbaycanın MDB-ni tərk etməsinə ehtiyac yoxdur, zamanı gələndə onsuz da proses özü bunu zəruri edəcək. Bu gün MDB Rusiyaya lazımdır, üzv ölkələrin nəzarətindən çıxmasını istəmir. Çünki Qərbin regionda təsir gücləri var. Ukrayna müharibəsi Rusiyanı daha da zəiflədərsə, postsovet respublikaları Qərbə inteqrasiyanı daha da gücləndirəcəklər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2023

31 May 2023

BÜTÜN XƏBƏRLƏR