İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dostu olan universitet rektorunun həyat yoldaşının sərvəti heyrət doğurdu

Sankt-Peterburq Mədən Universitetinin rektoru Vladimir Litvinenkonun həyat yoldaşı Tatyananın 2,8 milyard dollarlıq varidata sahib olduğu ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rektor xanımı artıq “Forbes” jurnalının dərc etdiyi Rusiyanın ən varlı qadınları siyahısında ikinci yeri tutub.

Litvinenko mineral gübrə istehsalçısı "Phosagro" holdinqinin səhmlərinin 20 faizindən çoxunun sahibidir. Həmin səhmlər ona 2022-ci ilin mayında rektor əri tərəfindən adına köçürülüb.

Vladimir Litvinenko Putinin 1997-ci ildə iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə etdiyi Elmi Şuranın rəhbəri olub. 2000, 2004 və 2012-ci illərdə o, Putinin seçki kampaniyalarına rəhbərlik edib.

2000-ci illərin ortalarında Putinin dissertasiyasını nəzərdən keçirən ekspertlər onun mətninin əhəmiyyətli hissəsinin plagiat olduğu qənaətinə gəliblər. Litvinenkonun qızı Olqa “Azadlıq” radiosuna müsahibəsində dissertasiyanı atasının Putin üçün yazdığını etiraf edib.

Xatırladaq ki, 1997-ci ildə Vladimir Putin “Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının təkrar istehsalının strateji planlaşdırılması (Sankt-Peterburq və Leninqrad vilayəti)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Müstəqil analitiklərin fikrincə, dissertasiyanın əsas hissəsində 20 səhifə heç bir istinad verilmədən amerikalı alimlər Uilyam Kinq və Devid Klilandın araşdırmalarından köçürülüb.

Olqa həmçinin atasının Putinin “kölgə kassiri” olduğunu və mədən müəssisələrinin alqı-satqısı ilə bağlı korrupsiya sxemlərinə nəzarət etdiyini bildirib.

Hazırda Vladimir Litvinenko Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən sonra Ukrayna və ABŞ-ın sanksiya siyahısına daxil olunanlardan biridir.

Tatyana Litvinenko müharibə başlayandan sonra milyarderlərin sərvətlərinin köçürüldüyü yeganə rus qadını deyil. Rusiyanın ən zənginlərindən biri Aleksey Mordaşov Nordgold qızıl mədən şirkətinin nəzarət paketini uşaqlarının anası Marina Mordaşovaya verib. Bunun sayəsində Marina Mordaşova ən varlı qadınların yeni reytinqində dördüncü yeri tutub. İndi onun sərvəti 1,85 milyard dollar civarında dəyərləndirilir.

2023-cü ilin əvvəlində Novatek qaz şirkətinin təsisçisi Leonid Mixelson “Optima” şirkətindəki payını qızı Viktoriyanın (yeddinci yer, sərvəti 1,2 milyard dollar) adına keçirib. Bu şirkət, ən son dərc edilmiş məlumatlara görə, Novatek-də 2,3% paya sahib idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR