Onlayn ictimai-siyasi qəzet
“Rusiya bir tərəfdən Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, digər tərəfdən iqtisadiyyatını ayaqda saxlamağa çalışır”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Putin Trampın atəşkəs təklifinə cavab verməyə tələsmir:
“ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini xəbərdar edib: “Kreml atəşkəsə razılaşmasa Rusiya daha ağır sanksiyalarla üzləşəcək”.
Putin Trampın atəşkəs təklifinə cavab verməyə tələsmir. Kremli sahibinin əsas məqsədi Kursk ətrafını Ukrayna qoşunlarından azad etməkdir ki, gələcəkdə masada əli güclü olsun. Rusiya Prezidenti elə buna görə hərbi formada Kurskda olub, hərbi əməliyyatın gedişi ilə maraqlanıb. Görünür, Putin bununla göstərmək istəyib ki, atəşkəsə ancaq öz şərtləri daxilində razılaşacaq. Ancaq əgər Putin atəşkəsə razılaşmasa, Rusiya iqtisadiyyatını həqiqətən daha ağır günlər gözləyəcək. Rusiya indinin özündə əsas idxal məhsulu olan neft satışında çətinliklə üzləşib”.
Politoloq həmçinin xatırladıb ki, Kremlin əsas strateji tərəfdaşı olan Çin yanvar ayı ərzində Rusiyadan neft alışını 12 faiz azaldıb:
“Çinin neft idaxlına Rusiyanın payı 20 faizdən 19 faizə enib və bu eniş davam edir. Çinin Malayziya və Səudiyyə Ərəbistanından neft alışının həcmi 13 faiz civarındadır. Rusiya neftinin digər əsas alıcılarından olan Hindistan da bu ilin fevral ayında Rusiyadan neft alışını azaldıb. Hindistan yanvar ayı ilə müqayisədə fevralda Rusiyadan neft alışını 15 faiz azaldıb. Hindistanın neft alışında İraq neftinin payı artıb. Hindistan neft alışında ərəb ölkələrinə və ABŞ-a üstünlük verməyə başlayıb.
Hindistan şirkətləri Rusiyadan neft alışını ona görə azaldıblar ki, ABŞ-ın sanksiya siyahısına düşmək istəmirlər. ABŞ Rusiya neftini daşıyan tankerlərə və həmin tankerləri qəbul edən limanlara qarşı da sərt qərarlar qəbul edib.
Rusiya neft satışını artırmaq istəyirsə, ABŞ-la münasibətlərin normallaşdırılmasına çalışmalıdır. Əks halda Rusiya neftinin Çin və Hindistan bazarına payı getdikcə azalacaq. Rusiya neftini isə bu iki ölkədən başqa alan yoxdur”.
Xalidə Gəray
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ