İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putini Putin edən adam" hakimiyyətin başına keçir - Rusiyanın yeni lideri BU ŞƏXS ola bilər

Fevralın 24-də Ukrayna müharibəsi başlayandan bəri ən çox müzakirə edilən məsələlərdən biri Rusiya prezidenti Vladimir Putinin səhhəti və onun yerinə keçəcək şəxsin kimliyi olub. Yeni iddiaya görə, Putin özündən sonra prezident olacaq şəxsi artıq müəyyən edib.

Musavat.com Britaniyanın “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov Putinin özündən sonra Sergey Kiriyenkonu xələfi elan etdiyini bildirib.

PUTİNİN SİRDAŞI VƏ ƏN ÇOX GÜVƏNDİYİ İNSAN...

Kirienko-1.jpg (490 KB)

60 yaşlı Kiriyenko Qərb mediasında “Putinin sirdaşı” kimi qələmə verilir.

“Putinin varislik planları haqqında heç kim heç nə bilmir, lakin Rusiya lideri Kiriyenkoya tamamilə güvənir”, – “The Telegraph” yazır.

Bəs Putinin varisi kimi seçildiyi iddia edilən Sergey Kiriyenko kimdir?

2016-cı il oktyabrın 5-də prezident aparatının birinci vitse-prezidenti təyin edilən Sergey Kiriyenko yeni dövrün ən görkəmli siyasətçilərindən biridir.

Putinin bir müddət əvvəl ilhaq etdiyi 4 regionda (Donetsk, Luqansk, Zaporoje və Xerson) keçirilən referendumlara şəxsən cavabdeh olan Kiriyenko Rusiyanın genişlənməsində böyük rol oynayıb və öz mövqeyini möhkəmləndirib.

Kiriyenkonun siyasi karyerası və Putinin yanındakı sağlam yeri həm heyrətamiz uğurlar, həm də amansız uğursuzluqlarla dolu keçmişə dayanır. 1998-ci ildə 35 yaşında Rusiyanın o zamankı prezidenti Boris Yeltsin tərəfindən baş nazir təyin edilən Kiriyenko “Rusiyanın ən gənc baş naziri” kimi tarixə düşüb, lakin bu vəzifədə uzun müddət qala bilməyib.

Həmin dövrdə siyasətdə bir ildən az təcrübəsi olan və gözlənilmədən baş nazir seçilən Kiriyenko Rusiyada “Kinder Surprise” adlandırılıb. Kiriyenko ölkənin o vaxtkı maliyyə böhranı səbəbindən cəmi 4 ay vəzifəsində qalıb və istefa verməyə məcbur olub.

PUTİNİ PUTİN EDƏN KİRİYENKO...

93a81e25d3e101b2.jpg (33 KB)

Qısa müddət ərzində yüksək vəzifədə çalışan Kiriyenko həyatını dəyişdirən bir addım ataraq, indiki prezident Putini Rusiya kəşfiyyat agentliyi olan FSB-nin rəhbəri təyin edib.

Bu səbəbdən Kiriyenko “Putini Putin edən adam” kimi də tanınır.

Putin iki il sonra prezident seçiləndə bu lütfü cavabsız qoymayıb və Kiriyenkonu Rusiyanın ən mühüm bölgələrindən biri olan Volqaya səfir təyin edib, 5 ildən sonra isə “Rosatom” Dövlət Atom Enerjisi Şirkətinin rəhbəri vəzifəsinin icrasını ona tapşırıb.

O vaxtdan bəri ikilinin yolları heç ayrılmayıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR