Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, "Associated Press" agentliyinin yaydığı araşdırmaya görə, Rusiya Qərbi Afrikadakı hərbi iştirakını genişləndirir.
Kreml bölgəyə yeni və müasir silahlar, tanklar, artilleriya qurğuları və radioelektron mübarizə sistemləri göndərir. Bu silahların əsasən Malidə yerləşdirilən və birbaşa Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunan “Afrika Korpusu”na aid olduğu bildirilir. Həmin korpus, əvvəllər bu regionda fəaliyyət göstərmiş “Vaqner” muzdlu dəstəsinin yerini alır.
Avropa hərbi mənbələrinin və peyk görüntülərinin təsdiqlədiyi məlumata əsasən, rus bayrağı altında üzən yük gəmilərindən ibarət karvan son bir ay ərzində Baltik dənizindən Qərbi Afrikaya doğru hərəkət edib. Onların içində haubitsalar, radio pozucu avadanlıqlar və digər strateji hərbi texnika olub.
Mənbələr bildirir ki, bu silahlar təkcə Maliyə deyil, eyni zamanda Sahel bölgəsində Kremlin təsir dairəsini genişləndirmək üçün nəzərdə tutulub. Xüsusilə Fransanın və Qərbin bölgədən çəkilməsindən sonra Rusiya burada yaranan siyasi-hərbi boşluğu doldurmağa çalışır.
Analitiklər bu gedişi Rusiya üçün strateji üstünlük hesab edirlər: həm Qərbin sanksiyalarından yayınmaq, həm də enerji və mədən resurslarına nəzarəti gücləndirmək məqsədi güdür.
Qeyd edək ki, Rusiya “Vaqner”in lideri Yevgeni Priqojinin ölümündən sonra onun xaricdəki strukturlarını tədricən hərbi qurumlara birləşdirərək, daha birbaşa dövlət nəzarətinə keçirir. Mali, Burkina Faso və Niger kimi ölkələr isə bu yeni formatla əməkdaşlığa açıq görünür.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ