İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Türkiyəyə gedir - özü, yoxsa oxşarı...

Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

Nəşr bildirib ki, Putin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə NATO üzvü olan ölkəyə səfər edəcək. Rusiya taxıl müqaviləsi çərçivəsində Türkiyə vasitəsilə Ukrayna, ABŞ və Avropa Birliyi ilə təmas və danışıqlar aparır. Müqavilə iyulun 17-də başa çatıb. Rusiya və Türkiyə liderləri qarşıdakı görüşdə anlaşmanın bərpasını müzakirə edəcəklər. Amma maraqlıdır ki, Putinin bu günlər xəstələnməsi və özünü pis hiss etməsi barədə də xəbər yayılıb. Məlumat hökumətə yaxın “General SVR” Teleqram kanalında gedib.

Bildirilir ki, Putin heç bir iclas keçirməyib, ancaq dərman və hesabatlar qəbul edib: “İstirahət günləri Putin özünü pis hiss edib. Prezidentin şəxsi görüşləri yalnız həkimlər və ən yaxın adamları ilə məhdudlaşıb”.

“SHOT” telegram kanalı isə xəbər verib ki, Putin və Ərdoğan arasında görüş avqustun 31-də baş tuta bilər. Bildirilir ki, avqustun 31-də görüşün keçirilməsi razılaşdırılır, lakin görüş barədə Türkiyə tərəfindən hələlik konkret məlumat verilmir. Bəs Türkiyəyə hansı Putin gedəcək - özü, yoxsa oxşarı?

Xatırladaq ki, keçən ay Dağıstanda onun oxşarı olmuşdu.

Əlbəttə, insan insana zahirən çox bənzəyə bilər. Ancaq hər kəsin axı özünəməxsus səs tembri, jestləri var. Hələ fərqli siyasi savadı, intellekt məsələsini demirik. Türkiyədə isə ciddi mövzuların müzakirəsi gözlənilir. Ərdoğan yəqin ki, “saxta” Putini dərhal fərq edəcək. Ümumiyyətlə, indiyədək hansı siyasi liderlər öz oxşarlarından və hansı məqsədlə istifadə ediblər?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu ehtimalları o qədər də real görmür: “Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Türkiyə yeganə NATO ölkəsidir ki, Qərblə Rusiya arasında müəyyən problemlərin həllində balanslaşdırıcı bir siyasət yürüdərək, bəzi mühüm məsələlərin həllinə nail oldu. Ona görə bu gün də Qərblə Rusiya arasında dialoq Türkiyə vasitəsilə baş tuta bilir. Qardaş Türkiyə Cümhuriyyətinin beynəlxalq siyasi arenada belə bir çəkiyə malik olması, bütün türk dünyası və o cümlədən Azərbaycan üçün böyük əhəmiyyətə malikdir.

Rusiya ətrafında həlqənin daraldığı və onun praktik olaraq dünyada təkləndiyi bir dönəmdə, bu ölkənin prezidentinin Türkiyəyə səfər etməsi onun Türkiyə hökumətinə və təbii ki, ilk növbədə prezident Rəcəb Tayyib Ərdoğana olan inamından, güvənindən irəli gəlir. Bütün dünya bilir ki, Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Bu o deməkdir ki, Putin digər ölkələrə səfəri zamanı həmin ölkələrdə həbs oluna bilər. Onun belə bir qərarın ortada olduğu bir vaxtda NATO üzvü olan bir ölkəyə səfər etməsi əslində onun üçün olduqca riskli bir məsələ sayılmalıdır. Lakin Putin bilir ki, Ərdoğan söz sahibi kimi həm özünün, həm də Türkiyənin etibarını heç nəyə dəyişməz.

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov: “Türkiyəyə Putinin oxşarının gedəcəyi barədə fikirlər ciddi görünmür”

Mətbuat səhifələrində Putinin oxşarlarının olmasına dair məlumatlar illərdir yayılmaqdadır. Tarixdə dövlət başçıları öz oxşarlarından bu və ya digər məsələlərin həllində istifadə ediblər və bu gün də bunu edən bir çox dövlət başçıları var. Lakin bir həqiqət var ki, peşəkarlar siyasətçilərin oxşarını həmən müəyyən edə bilirlər. Oxşar faktorundan sadə insanlarla hər hansı problemlərin çözülməsində istifadə olunsa da diplomatik səviyyədə bunun edilməsi inandırıcı deyil. Hər bir ölkədə xüsusi kəşfiyyat qurumları var və onlar bu qədər bəsit məsələni həmin an aşkarlaya bilərlər. Odur ki, Türkiyəyə Putinin oxşarının gedəcəyi barədə fikirlər ciddi görünmür. Bəli, Dağıstan kimi bir əyalətə Putinin oxşarının getməsi mümkündür. Burada da səfərə oxşarın gəldiyini öncədən yerli hakimiyyətin başında dayanan şəxs bilməmiş deyil.

Rusiya imperiya ambisiyaları ilə bu gün özünü saldığı dərin quyudan çıxmağın yollarını axtarmaqdadır. Bu vəziyyətdə ona ən yaxşı yol göstərən və yardım edə bilən yeganə ölkə Türkiyədir. Rusiya ilə Türkiyə arasında nə qədər böyük tarixi ədavət olsa da Rusiya bu seçimi etmək zorundadır. Siyasətdə keçmiş olmur, orada bu gün və sabah var. Bu səbəbdən Türkiyə də keçmişdə iki dövlət arasında olmuşları unudaraq, bütün dünyaya bölgədəki rolunu və nüfuzunu nümayiş etdirir".

Sabiq nazir hesab edir ki, Türkiyə diplomatiyası yeni uğur qazanmaq astanasındadır: “Əlində olan bütün vasitələrlə dünyanı təhdid edən işğalçı Rusiya ilə belə təmasların yaradılması və taxıl müqaviləsinin vaxtının uzadılması kimi mühüm bir məsələnin həll edilməsi Türkiyə diplomatiyasının yeni qələbəsi olacaq. Bu müqavilənin 2022-ci ilin iyul ayının 22-də bağlanması zatən Türkiyənin və onun prezidenti Ərdoğanın səyləri nəticəsində mümkün olmuşdu. Heç şübhə etmirəm ki, bu səfər çərçivəsində bu ilin iyul ayının 17-də müddəti başa çatmış taxıl müqaviləsinin müddətinin uzadılması baş tutacaq. Sazişin vaxtının uzadılması Qərbin maraqları dairəsində olan bir məsələdir. Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbindən dünya taxıl bazarında böyük paya sahib olan Ukraynadan taxıl ixracının dayandırılması dünyada taxıl qıtlığının yaranmasına səbəb ola bilər. Bu səbəbdən də Qərb Türkiyənin bu məsələdəki missiyasını yüksək qiymətləndirir. Xatırladıram ki, Qara Dəniz Taxıl Təşəbbüsü 22 iyul 2022-ci il ildə BMT, Türkiyə, Rusiya Federasiyası və Ukrayna arasında Ukraynadan taxıl və əlaqədar məhsulların ixracı üçün dəniz dəhlizləri haqqında sazişdir. Dünyanı atom silahı ilə təhdid edən Rusiyanın imkanı olsaydı, düşdüyü bu durumda bütün dünyanın ac qalmasına razı olardı. Lakin dünya birliyi tərəfindən küncə sıxılmış Rusiya bu gün düşdüyü quyudan çıxış yolları axtarışındadır”.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Yeltsin 1996-cı ildə infarktdan ölüb, 2007-ci ilədək onu oxşarı əvəz edib”

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Rusiyanın bir sıra dövlət xadimləri ilə bağlı tarixdən bəzi faktlar sadaladı: “Doğrusu, mən XXI əsrdə prezidentlərin müxtəlif məkanlarda kütlə qarşısına çıxan, hətta nitq söyləyən oxşarları ilə bağlı iddialara ciddi yanaşmıram. Nə qədər mükəmməl makiyaj olunursa olunsun, insanların üz quruluşları simmetrik olaraq bir-birindən fərqlənir. Səsi, üz cizgilərinin hərəkətini olduğu kimi təkrarlamaq mümkün deyil. Azacıq diqqətli yanaşma fərqi seçə bilər. Bütün dövlət başçıları kimi, Vladimir Putinin də protokolu ilə peşəkarlar məşğul olurlar və onlar da nəinki müasir texnologiya, hətta, sadəcə, adi baxışla şəxsin özü ilə oxşarı arasındakı fərqin müəyyənləşdirilə biləcəyini yaxşı başa düşürlər. Oxşarlardan bir qayda olaraq, yayındırıcı faktor kimi istifadə oluna bilər. Hərçənd ki, bu da faktoloji yanaşma deyil. Tarixin bütün dövrlərində dövlət başçılarının oxşarları barədə mülahizələr olub. Çar Nikolaydan başlamış Trampa qədər. Hətta Fidel Kastronun nə az, nə çox, düz 8 oxşarının olduğunu bildirirlər. Belə konsproloji nəzəriyyələrə görə, Rusiyanın sabiq prezidenti Boris Yeltsin 1996-cı ildə infarktdan ölüb, 2007-ci ilədək onu oxşarı əvəz edib. Kennedenin 2, Trampın isə 3 oxşarı olub. Bütün bunlar nəzəri iddialar, publisist, yaxud jurnalist təxəyyüllərinin məhsullarıdır. Məsələn, Yeltsinin 1996-cı ildə vəfat etməsi və hətta Avstriyada dəfn olunması ilə bağlı iddia Stalinin nəvəsi, publisist Yuri Muxinin "Eltsin kodu" əsərində yer alıb. Muxinin babasının - İosif Stalinin isə müxtəlif mənbələrdə 12 oxşarının olduğu bildirilir. Amma yenə də qeyd edim ki, bütün bunlar nəzəri mülahizələrdən başqa bir şey deyil".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR