Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.
Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.
***
Rusiya Prezidenti Vladimir Putin təyyarə qəzasının Rusiya hava məkanında baş verdiyinə görə Prezident İlham Əliyevdən üzr istəyib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Danışıq zamanı 25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası müzakirə edilib.
Vladimir Putin hadisənin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar üzrxahlığını bildirib və həlak olanların ailələrinə dərin başsağlığı verib. Yaralılara tezliklə sağalmağı arzulayıb. Danışıq zamanı qeyd olunub ki, Azərbaycan təyyarəsi cədvələ uyğun olaraq Qroznı hava limanına eniş etməyə çalışıb. Lakin həmin vaxt Ukraynanın pilotsuz uçuş aparatları Qroznı, Mozdok və Vladiqafqazı hədəf alıb və Rusiya Hava Hücumundan Müdafiə qüvvələri bu hücumları dəf edirdi.
Rusiya İstintaq Komitəsi hava nəqliyyatı hərəkəti və istismar təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. Hazırda ilkin istintaq tədbirləri görülür, mülki və hərbi mütəxəssislər dindirilməkdədir.
Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı hazırda Groznıda Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsinin nümayəndələri ilə birlikdə çalışır. Hadisə yerində Rusiya, Azərbaycan və Qazaxıstanın aidiyyəti xidmətləri arasında sıx əməkdaşlıq davam edir.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ