İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ilə Paşinyan arasında görüş "çox şeyi aydınlaşdıracaq" - Kreml

Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimindən bir gün sonra, mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşəcək. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O deyib ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında müxtəlif səviyyələrdə təmaslar nəzərəçarpacaq dərəcədə azalıb və "problemli məsələlər yığılıb". Uşakovun sözlərinə görə, danışıqlar zamanı liderlərin bu məsələləri açıq şəkildə müzakirə edəcəyi gözlənilir.

Prezidentin köməkçisi əlavə edib ki, 2023-cü ilin dekabrında sonuncu görüşdən bəri onlar praktiki olaraq danışmayıblar: "Ona görə də mən bir daha vurğulamaq istərdim ki, biz məhz bu ikitərəfli görüşə çox böyük əhəmiyyət veririk. Bu, mənə elə gəlir ki, bir çox məsələləri aydınlaşdırmağa kömək edəcək".

Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki problemlərdən danışan Uşakov qeyd edib ki, İrəvan Qərb ölkələri ilə münasibətləri "nümayişkar şəkildə" inkişaf etdirir, "Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantları nəzərdən keçirir, NATO xətti ilə əlaqələr intensivləşir".

Fevralda Ermənistanın baş naziri ölkəsinin Rusiyanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının de-fakto dondurulduğunu bəyan edib. Onun fikrincə, KTMT Bakı ilə münaqişədə İrəvanla bağlı öz funksiyalarını yerinə yetirməyib. Daha sonra Paşinyan Ermənistanın təşkilatdan çıxa biləcəyini istisna etmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml KTMT məsələsində İrəvanla dialoqa hazırdır və Putin ilə Paşinyan arasında şəxsi görüş zamanı ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılacağına ümid edir.

Azadlıq Radiosu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR