Onlayn ictimai-siyasi qəzet
Almaniya Bundesver Universitetinin professoru və hərbi analitik Karlo Masala, “Əgər Rusiya qalib gəlsə” adlı yeni kitabında mümkün ssenarilərdən danışıb. Onun fikrincə, Ukrayna müharibədə uduzarsa, bu, Avropada populist və ekstremist partiyaların güclənməsinə səbəb ola bilər. DW Masala ilə müsahibə aparıb və onun analizlərini təqdim edib.
Musavat.com bildirir ki, Deutsche Welle (DW) Almaniya hökuməti tərəfindən maliyyələşdirilən və dünyanın müxtəlif dillərində xəbər, analitik materiallar və reportajlar təqdim edən media təşkilatıdır. DW əsasən Almaniyanın rəsmi mövqeyini və Qərb baxış bucağını əks etdirən beynəlxalq xəbərlər yayımı ilə tanınır.
Bəs nə deyir Masala? Onun əsas ssenarisi nədir?
Professorun əsas ssenarilərindən birində Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi, atəşkəsə nəzarət üçün Avropa və Çin sülhməramlılarının yerləşdirilməsi, lakin bu qüvvələrin pozuntulara müdaxilə etməməsi nəzərdə tutulur. Eyni zamanda, Dünya Bankı Ukraynanın və Rusiyanın işğal etdiyi ərazilərin bərpasına vəsait ayırır. Lakin Ukrayna iqtisadiyyatının zəifləməsi və ölkədə pessimizmin artması nəticəsində hakimiyyətə prorusiya qüvvələrinin gəlməsi ehtimalı yüksəlir.
Masala hesab edir ki, Rusiya hazırda işğal etdiyi əraziləri saxlayarsa, bu, onun üçün qələbə sayılacaq: “Atəşkəs və ya sülh Rusiyanın işğal etdiyi əraziləri möhkəmləndirməsi üçün bir əsas olacaq.”
Karlo Masala
Masala Rusiya prezidenti Vladimir Putinin hazırkı mərhələdə müharibəni bitirmək ehtimalını az görür. Onun sözlərinə görə, Moskva müharibəyə yenidən başlamaq üçün hərbi qüvvələrini bərpa etməyə vaxt qazanmağa çalışır:
“Rusiya yenidən müharibəyə başlayacaq, lakin bunun üçün ordusunu bərpa etməlidir. Bu, altı ay ərzində baş verməyəcək, proses ən azı bir yarım il çəkəcək.”
Bu müddət ərzində Avropada Ukraynaya yardımların davam etdirilməsinin məqsədəuyğunluğu sual altına düşə bilər. Masala bildirir ki, əgər atəşkəs elan edilsə və Rusiya taktiki olaraq sakit davranıb iki il ərzində yeni hücum planı nümayiş etdirməsə, Avropada Ukraynaya yardımların mənasız olduğu müzakirələri başlaya bilər.
“Əgər Ukrayna bu müharibədə uduzsa, populist və ekstremist partiyalar ‘biz bunu üç il əvvəl də əldə edə bilərdik’ deyəcək və bu, Avropada böyük rezonans doğuracaq. Həmin partiyalar isə gələcək seçkilərdə güclənəcək.”
Masala kitabında başqa mümkün ssenarilər də təqdim edir:
Rusiya qəfil Estoniyanın Narva şəhərinə hücum edir.
Putin gözlənilmədən istefa verir və öz yerinə maliyyəçi olan varisini təyin edir...
Məqalənin geniş orijinalı bu linkdə: https://www.dw.com/ru/esli-rossia-pobedit-ukrainu-scenarij-nemeckogo-eksperta/a-71987070?maca=rus-Red-Telegram-dwglavnoe
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ