Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə mümkün sülh danışıqları haqda danışarkən mayın 20-dən qanuni prezidentlik müddəti bitmiş Volodimir Zelenskinin legitimliyini şübhə altına almaqda haqlıdır. Ukrayna Mərkəzi Seçki Komissiyasının hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinin mümkünsüzlüyü barədə mövqeyinə baxmayaraq, ölkə konstitusiyası “dövlət başçısı seçkilərinin keçirilməsini məhdudlaşdırmır”. Zelenskinin Ofisi Konstitusiya Məhkəməsinə(KM) bəlkə də bu səbəbdən müraciət etmədi. Çünki KM “seçki keçirilməlidir və ya keçirilə bilər” rəyini verəcəkdi. Amerikalılar da indi çox narahatdırlar ki, Zelenskinin mayın 20-də qanuni legitimliyini itirməsindən sonra ukraynalı oliqarxlar və ya Kreml bu faktdan onun fiziki aradan götürülməsi və ya devrilməsi üçün istifadə edə bilər. Eləcə də Zalujnı və Poroşenko tərəfdarları da Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq, hətta fiziki məhvi üçün aktiv fəaliyyətə başlaya bilərlər.
Putin seçkini təxirə salsaydı, Zelenskindən də pis vəziyyətlə üzləşə bilərdi. Ona görə seçkini keçirdi. İndi Zelenskini və onun Qərb tərəfdaşlarını həmin zəif nöqtədən vurur.
Hələ müharibənin ilk günündən o rəydəyəm ki, bu savaşın sonunda iki Prezidentdən biri hakimiyyətdə olmayacaq. Zelenski özünə Putinlə danışıqlar aparmağa qadağan edən xüsusi qanun qəbul edib. Məntiqsiz görünsə də, Zelenski özünü alçaldıcı sənədin altında imzası olmaqdan sığortalamış kimi görünür. Amma bu boyda qan-qadadan sonra “mən daha qanuni prezident deyiləm, Putinlə danışıqlar apara bilmərəm” deyib, aradan çıxmaq da çətin olacaq. Putin də əslində, Zelenski ilə bir masaya oturmağı özünə rəva görməz, ona görə Putinin sülh danışıqlarında Ukrayna tərəfdən kiminlə masaya oturacağı bəlli deyil.
Belə bir vəziyyətdə Rusiya da bütün cəbhələrdə irəliləməkdə davam edir. Bu yerdə də Qərb silahları ilə Rusiya ərazisini vurmaq üçün hay-küy salan Zelenskiyə haqq vermək lazımdır. O da düz deyir. “Əgər mənim ərazimi vururlarsa, mən də Rusiyanı hədəf almalıyam”. Əslində, Ukrayna neçə vaxtdır Rusiya ərazisini hədəfə alır. Amma bunlar Rusiyanı durdurmur, ona görə Zelenskinin könlündən keçir ki, ABŞ-ın və Almaniyanın uzaqmənzili raketlərini əldə etsə, Rusiyanın dərinliklərini vursun. Amma bu məsələdə də qəribə vəziyyətlə üzləşirik. NATO baş katibi Stoltenberq deyib ki, Ukrayna ərazisini nə Alyansın hava hücumundan müdafiə sistemi, nə qoşunla qorumayacaqlar. Amma bildirib ki, Ukrayna Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək imkanına malik olmalıdır. ABŞ dövlət katibi Entoni Blinken də Zelenskinin arzusunu reallaşdırmağa tərəfdardır. Blinken hətta Co Baydeni də buna inandırmaq istəyindədir. Qərb raketlərinin Rusiyada mümkün hədəflərini gstərən xəritəni isə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol təqdim edib. Ukrayna Rusiyanın hava hücumundan müdafiə bölmələrini, hərbi qərargahlarını, idarəetmə orqanlarını, şəhər administrasiyalarını, nəqliyyat qovşaqlarını (stansiyalar, dəmir yolu və avtomobil körpüləri), neft emalı zavodlarını və ordu üçün silah istehsal edən müəssisələrini vurmaq üçün icazə istəyir.
Zelenskinin ruhi vəziyyətini demək çətindir, son bir ayda Rusiya işğal zonasını genişləndirib. 2008-ci ilin avqustunda Saakavşili yeni torpaqlar itirmədi, Rusiya yalnız onu geri almaq istədiyi ərazilərdən çıxardı. Saakavşilinin məşhur qalstuk çeynəmək səhnəsi isə hələ də tirajlanır. Zelenski cəbhədəki məğlubiyyətlərə baxmayaraq, hələ bu vəziyyətə düşməyib, dözür. Bu qədər itkilərin, dəstəyin, milyardlarla dollar hərbi yardımların qarşılığı olaraq isə nəticə yoxdur.
Aydındır ki, ABŞ Ukrayna müharibəsini noyabrda keçiriləcək prezident seçkilərinə qədər uzatmağa çalışır. ABŞ-da seçki kampaniyasının aktiv mərhələsində Ağ Ev Kiyev rejiminə dəstək verməkdən imtina edə bilməyəcək. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen açıq deyib ki, kollektiv Qərb Ukraynaya Rusiya ilə danışıqlara başlamamaq, əksinə, döyüş meydanında vəziyyəti yaxşılaşdırmaq və sabitləşdirməkdə kömək etmək istəyir. Amma indidən də görünür ki, Amerika artıq Ukraynada “aradan çıxmaq” yolunu tutub. Məlum olub ki, gələn ay İsveçrədə keçirilməsi planlaşdırılan sülh konfransında ABŞ yüksək səviyyədə təmsil olunmayacaq. Hətta vitse-prezidenti Kamala Harrisin belə sülh sammitində iştirak etməyəcəyi bildirilir. Səbəb gstərdikləri, əslində bəhanədir. Guya seçki kampaniyası üçün pul yığımı başlayır, ona görə iş çoxdur və sairə... Amma fakt göz qabağındadır - Ağ Ev administrasiyası Zelenskinin byük ümid bəslədiyi İsveçrədəki tədbirin ABŞ üçün prioritet olmadıı siqnalını verir. Yeri gəlmişkən, Qərb nəşrləri yazır ki, digər dövlətlərin liderləri də sammitdən yayınmağı planlaşdırır. Yalnız Olaf Şolz, Kanada baş naziri Trüdo və ola bilsin ki, Yaponiyanın baş naziri Fumio Kişidanın gəlişi gözlənilir...
Hər şey razvyazkaya - düyünün açılmasına doğru gedir. Ondan sonra isə final gəlir...
Nazim SABİROĞLU,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ