Onlayn ictimai-siyasi qəzet
“Putin Ağ Evdə Tramp-Zelenski qovğasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq”.
Musavat.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu fikirdədir.
Onun sözlərinə görə, Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışacaq:
“İkincisi, Putin Trampla yaxın müddətdə görüşməyə çalışacaq. Doğrudur, Putin Zelenskinin gününə düşməmək üçün görüşün üçüncü ölkədə və qapalı keçirilməsini tələb edəcək.
Bu arada, Ukrayna ABŞ-ın maliyyə və hərbi yardımını unutmalıdır. Ukrayna ancaq öz gücünə arxalanmalıdır. Bəlkə də resurslar barədə bu gün Ağ Evdə sazişin imzalanmaması Ukraynanın xeyrinə oldu. Tramp həmin sazişlə Ukraynanın rerurslarını ələ keçirmək istəyirdi. Buna baxmayaraq, Zelenski ABŞ-ın borcuyla bağlı nəsə etməlidir. Əlbəttə, bu, Trampın iddia etdiyi kimi 350 milyard dollar deyil. Hər halda borcun 100 milyard dollar civarında olduğu bildirilir. Kiyev bu borcu müharibədən sonra hissə-hissə qaytarmalı olacaq. Kiyev indidən bunun mexanizmini düşünməlidir”.
E.Şahinoğluna görə, Avropa da Ağ Evdəki qovğadan dərs çıxarmağa çalışacaq:
“Hamıya aydın oldu ki, Trampın Ağ Evdə olduğu müddətdə Avropa ilə ABŞ arasında məsafə daha da uzanacaq, NATO-nun birliyi zəifləyəcək. Avropa ölkələri təhlükəsizliyə xərclərini artırmalı olacaqlar. Avropa ölkələrinin büdcələrini daha çox sosial problemlərin həllinə yönəltmək, təhlükəsizlik məsələlərini isə Amerikaya yükləmək dövrü bitdi. Ağ Evdəki qovğanı gördükdən sonra Azərbaycanın da Tramp administrasiyasından uzaq olması faydalıdır”.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ