Onlayn ictimai-siyasi qəzet
Bakıda məhəllə sakinləri arasında başlayan mübahisə məhkəmədə bitib. Buna səbəb tərəflərdən birinin digərinə bir şillə vurması olub.
Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. 21 yaşlı Vasif eyni məhəllədə yaşadığı Raufla mübahisə edib. Buna səbəb Rauf maşınla məhəllədən keçəndə Vasif və məhəllədə olan digər şəxslərin narazılıq etməsi olub.
Belə ki, Vasif Raufun maşını üzərilərinə sürməsinə görə əsəbiləşib. Rauf isə ona yol verilmədiyi üçün əsəbiləşib. Tərəflər arasında mübahisə zamanı Vasif Raufun sifətinə bir zərbə endirib. Rauf elə hadisə yerində “102 xidməti”nə zəng vurub.
Mübahisəyə görə tərəflər bir-birini ittiham edib. Vasif deyib ki, Rauf maşını onların üzərinə sürərək yol istəyib. Narazılıq edəndə isə,- “görmürsünüz gəlirəm? niyə yol vermirsiniz?”,- deyib. Vasifin dediyinə görə, Rauf onu təhqir etdiyi üçün ona bir şillə vurub.
Rauf isə günahın Vasifdə olduğunu deyib. Söyləyib ki, Vasif heç bir səbəb olmadan onunla mübahisə edib. Rauf iddia edir ki, Vasif ona,- “məni tanımayan özünü tanımır. Pulum çoxdur. İstəsəm, bu ölkəni çevirərəm”,- deyib.
Vasif isə belə bir ifadə işlətmədiyini deyib.
Raufun şikayətindən sonra Vasif polisə çağırılsa da getməyib. Bundan sonra axtarışa verilib. İlk olaraq onun barəsində sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra isə Vasifin əməli xuliqanlığa tövfis edilib. İş məhkəməyə çatanadək tərəflər arasında barışıq olub. Vasif Raufun 500 manatlıq xəstəxana xərclərini qarşılayıb.
Məhkəmə Vasifi günahkar bilib. Amma ona yüngül cəza təyin edib. Barışığın olması, Vasifin ilk dəfə cinayət törətməsi nəzərə alınıb və ona bir il azadlığın məhdudlaşdırılması cəzası verilib.
İ.Muradov
Musavat.com
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ