İnsanlara hürriyət, millətlərə istiqlal!

PUA tarixində növbəti ilk - biz yolun harasındayıq...

PUA texnologiyaları sahəsində hərbi mühəndislər az qala hər il yeni bir ilkə imza atırlar. Təbii ki, yeni və daha böyük uğurlar hələ qabaqdadır. Əsas odur ki, bu yarışda hansı ölkə və nə dərəcədə irəli gedib öz hərbi arsenalını gücləndirə biləcək.

Bu arada Ukrayna Silahlı Qüvvələri ilk dəfə pilotsuz uçuş aparatının (dron) köməyi ilə Rusiyaya məxsus 12 tonluq "Mi-8" helikopterini havada vurmağa nail olub. Bu barədə “Forbes” xəbər verib. 

Bildirilir ki, buna qədər ən azı 10 aylıq cəhdlər edilib. İlkin məlumatlara görə, bir kiloqramlıq pilotsuz təyyarə Donetskin şərqində, cəbhə xəttindən təxminən 16 km aralıda helikopteri vurub. Xəbərə görə, bu qədər məsafəni uçmaq üçün bir FPV-dron arxadan gələn və siqnalı yayan ikinci bir PUA-nın köməyinə ehtiyac duya bilər. 

“Bu, diqqətli koordinasiya tələb edən mürəkkəb əməliyyatdır. Ukraynalıların hər ay nə qədər dron istehsal etdiyini nəzərə alsaq, Rusiya helikopterləri üçün təhlükə çox ciddi şəkildə arta bilər”, - nəşr qeyd edib.

Bunlar nə dronlardır belə? Azərbaycan Ordusunun bu cür imkanları varmı, nə yerdədir? Ümumiyyətlə, biz yeni nəsil PUA texnologiyaların istehsalı və tətbiqi ilə bağlı yolun harasındayıq?

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycanın silah məsələsində ən həssas ölkələrdən biri olduğunu qeyd etdi: “Silahlar ilk yaranan dövrdə dünyada müharibə gedən ocaqlar var idi. Həmin zamanlarda silahlar gec dəyişirdi. Bəzən əsrdə bir dəfə silah dəyişmələri olurdu. XX əsrdə isə 10 ildən bir silahlar dəyişməyə başladı. XX əsrin sonları və XXI əsrin əvvəllərində bu proses daha da sürətləndi. Bəzən olur ki, indi hər ay silahlar dəyişir. Tək internet texnologiyası, silahlar deyil, əmək alətləri belə sürətlə dəyişir. Ümumiyyətlə, hazırda elə dövrdə yaşayırıq ki, yeni-yeni texnologiyalar demək olar ki, hər gün meydana çıxır. Silah istehsalının sürətlənməsi məcbur edir ki, ölkələr bu sahədə rəqabətə girsinlər. Keçmişdə də əslində belə idi. İndi də proses ona doğru gedir ki, hər 10 gündən bir dəyişiklik olsun. Hərbi sahədə baş verən bu sürətli dəyişikliklər əslində gözləniləndir. Çünki dünyanın müxtəlif regionlarında durmadan qarşıdurmalar, münaqişə ocaqları yaranır. II Qarabağ savaşından sonra ümumiyyətlə, silahlanmaya münasibət dəyişdi. Müharibədə yeni bir dövr, era açıldı. Azərbaycan bu irəliləyişləri tətbiq edən ölkələrdən biridir. Silah hazırlanması istiqamətində müvafiq qurumlar fəaliyyət göstərir. Qardaş Türkiyə, İsraillə bu sahədə sıx əməkdaşlığımız var. Dövlətimiz çalışır ki, ən müasir silahlar ölkəmizdə olsun. Bu istiqamətdə davamlı olaraq, təhlillər aparılır. Azərbaycan prosesləri çox yaxından izləyir. Bu istiqamət üzrə çox çevik komandamız var. Beynəlxalq sərgilərdə, eləcə də təlimlərdə nümayiş etdirilən silahlara Azərbaycanın əlçatanlığı var. Təhlillər aparıldıqdan sonra silahlar əldə olunur. Azərbaycan bu sahədə demək olar ki, bir çox ölkələri qabaqlayıb və bir çox dövlətlər də bu sahədə ölkəmizdən nümunə götürürlər”. 

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd Azərbaycanın dron məsələsinə diqqət ayırmalı olduğunu vurğuladı: “Yeni nəsil müharibələrdə dronlar əsas rol oynayır. Hətta Rusiya-Ukrayna müharibəsi dronların savaşına çevrilib. Müharibənin ilk ili Rusiya bu sahədə geridə qalsa da, daha çox İran dronları vasitəsilə boşluğu doldurmağa çalışsa da, artıq Rusiya da dron istehsalına çox ciddi önəm verir. Rusiya prezidenti Vladimir Putin bu sahədə işləmək üçün ən azı bir milyon mütəxəssis yetişdirəcəklərini bildirdi. Dövlətlər artıq dron sahəsinə xüsusi önəm verirlər. Xüsusilə kiçik həcmli dronlar maliyyə baxımından az xərc tələb edir, ancaq effektivliyi çox yüksəkdir. Ukrayna tərəfi Rusiya helikopterlərinin vurulması üçün dəfələrlə cəhd ediblər. Təxminən 10 gün bundan öncəyə qədər helikopteri vurmaq üçün cəhdlər edildiyi barədə videolar yayılmışdı. Görünən odur ki, artıq mütəxəssislər niyə helikopteri vura bilmədiklərini müəyyən edib və bunun üçün dronlara lazımı əlavələrini ediblər. 44 günlük müharibə zamanı dronların koordinasiyalı işləməyinin şahidi olmuşuq. Türkiyə, İsrail və yerli istehsal olan dronlar koordinasiyalı şəkildə fəaliyyət göstərirdi. Dronlardan biri obyekti aşkar edirdi, digəri isə ona ya zərbə endirirdi, ya da həmin obyektə çırpılırdı. Rusiya-Ukrayna müharibəsi məcbur etdi ki, texnikaların zirehlərinə yenidən əl gəzdirilsin, səngərlər təkcə öndən yox, həm də havadan qorunaqlı şəkildə tikilsin. Azərbaycan müharibə zamanı dronlardan aktiv şəkildə istifadə etdi. Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Hesab edirəm ki, Azərbaycan özünün dron sənayesini qura bilərdi. Ancaq bunu daha çox Türkiyə ilə birgə həyata keçirir. Dron sənayesində ən çətin məsələlərdən biri mühərrikdir ki, bunu azərbaycanlı mütəxəssislər edə bilib. Bundan əlavə, sualtı dronları da Azərbaycanda istehsal etmək olar. Böyük həcmli dronlar xüsusi əməliyyatlar üçün effektivdir. Kiçik dronların döyüş meydanında necə effektiv olduğunu isə Rusiya-Ukrayna müharibəsi açıq göstərir. Hesab edirəm ki, gələcəkdə ordularda hər manqanın belə dronları olacaq. Ona görə də Azərbaycan indidən bu sahəyə diqqət ayırmalı və dron idarə edəcək mütəxəssislər yetişdirməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR