Onlayn ictimai-siyasi qəzet
Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, o, səhiyyə sahəsində 2 il rəhbər vəzifə tutmaq huququndan da məhrum olunur.
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Hüseyn Seyidov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Hüseyn Seyidovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilib.
Təqsirləndirilən Hüseyn Seyidov məhkəmədə xəstə yaxınları tərəfindən ona hörmət əlaməti olaraq pul verildiyinu və verilən pulu baş həkimlə böldüyünü deyib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ