İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror sevgilisinə görə dillərə düşdü, erməni həkimin əlində öldü - FOTO

Cəmi 36 il yaşadı. Ölümündən 43 il keçməsinə baxmayaraq, unudulmur, səsi də, gözəlliyi də ölməz olub, yaddaşlarda yaşayır. Səhnələrə gündə bir müğənni çıxır. Çoxu özünün reklamına, gündəmdə qalmasına külli miqdarda xərc çəkir, sifarişli yazılar yazdırır, lakin 3 gün keçmədən unudulur, yeni gələn axının tozunda görünməz olur. Amma nə sirdirsə, Nəzakət Məmmədova düz 43 ildir yaddaşlardan silinmir, ona olan sevgi ölmür, qəribədir ki, yaşamasa belə yenə haqqında  dedi - qodular, şayiələr gəzir. Hamı sirr pərdəsinin arxasında nələrinsə olduğunu güman edir.

Musavat.com lent.az-ın "Bir ulduz axdı" layihəsinə istinadən Nəzakət Məmmədova haqda yazını təqdim edir.

Bu gün səsi, özü gözəl, bəxti qara xanımın doğum gündür. 1944-cü il fevralın 28-də Gəncə şəhərində doğulmuşdu.  Ailədəki üç qızın ən kiçiyi o idi. Ata sevgisi görmədən böyümüşdü. Orta məktəbi bitirib, anasının arzusu ilə müəllimlik peşəsini seçdi. Xarici Dillər İnstitutuna daxil oldu. Amma özünü səhnədə görmək istəyirdi. 

Buna görə, təhsilini yarımçıq qoyub 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Texnikumda oxuyarkən Ceyran Haşımovanın rəhbərlik etdiyi "Lalə" qızlar ansamblına daxil olur və səhnəyə ilk addımlarını bu ansamblla atır. 

"Lalə" qızlar ansamblının rəhbəri Ceyran Haşımovanın Lent.az-a danışdıqlarına əsasən, həmin ərəfədə  yeni evlənmiş olan Nəzakət çox kasıb vəziyyətdə yaşayırmış.

"Onun səhnəyə geydiyi paltarları da mən almışdım. Oğlu Ceyhun doğulanda uşağın beşiyini, yatağını, geyimini biz təmin etdik. Onun Opera teatrının səhnəsinə çıxmasına da mən səbəb oldum. Lakin sonralar Nəzakət bizi atıb getdi,  Eldar Baxış radio proqramlarından birində Nəzakəti özü kəşf etmiş kimi təqdim elədi, bu mənim xətrimə dəydi. Ölənə qədər danışmadım onunla", deyə Ceyran xanım bildirib.

"Lalə" qızlar ansamblından ayrılan Nəzakət ömrü boyu bu ansamblın üzvlərinin qısqanc münasibəti ilə qarşılaşır. 

Təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə Leyli obrazı ilə hamını heyran edir.  "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. 

Bu gözəl qadının ailə həyatı heç uğurlu alınmamışdı. Uşaqlıqdan tanıdığı Qüdrət adlı gənc mühəndislə nişansız, toysuz ailə qurur, bu evlilikdən oğlu Ceyhun doğulur. Öncələr bir - birlərini çox sevsələr də, Qüdrət tezliklə dəyişir, əsəbi, qısqanc, şiddətə meyilli  kişiyə çevrilir. Tez-tez Nəzakəti döyür. Günlərin birində yaşadıqları gecəqondu evdə Nəzakəti o qədər möhkəm döyür ki, təsadüfən onlara gələn anası ilə bacısı müğənnini ərinin əlindən çətinliklə alırlar. Elə həmin gün onların münasibətlərinə son qoyulur, ailə dağılır. Nəzakət oğlunu tək böyütməyə qərar verir. Çoxlu elçiləri, sevənləri olsa da kimsəyə ürək qızdıra bilmir. İllər sonra ailəsi olan bir prokurorla tanış olur. Çox sevir, sevilir. Sonralar bu sevgi dillərdə qalır, amma xoş mənada deyil. Bu barədə bir qədər sonra...

 

Çoxlu məktublar alırdı pərəstişkarlarından. Sevgi dolu sözləri eşitdikcə çiçək kimi açılır, günəş kimi parlayırdı. Lakin bir gün tamaşaçılardan birindən gələn məktub onu ölümə apardı. Pərəstişkarı çox gözəl qadın olduğunu, lakin boynundakı qırışların ona heç yaraşmadığını, qüsurlu göstərdiyini yazmışdı. Nəzakət bu məktubdan dərhal sonra boynundakı qüsuru aradan qaldıracaq həkim axtarışına çıxır (Boynunda şiş var idi və həmişə efirə çıxarkən bunu aksessuarlarla gizlədirdi).

Dövr indiki dövr deyildi. Nə tibb indiki imkanlardaydı, nə də müalicə üçün xaricə getmək mümkün idi.  O ərəfədə Nəzakət Hindistana qastrol səfərinə hazırlaşırdı. Buna qədər Türkiyə, İran, Əfqanıstan' Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olub mahnıları ilə sevdirmişdi özünü. 

Nəzakətin ölümü haqqında müxtəlif iddialar dolaşır. Bir iddiaya görə, onu sevgilisi olan həmin prokurorun oğlu bıçaqlayıb. Hətta bıçaqlanandan sonra Nəzakət dərhal ölməyib. Atası oğlunun cinayətini ört - bas etməkdən ötrü estetik cərrahiyə ilə bağlı söz-söhbətlər yayıb və bu da cinayətkar üçün alibiyə çevrilib. O zaman çoxları deyirdi ki, onun prokuror sevgilisinin oğlu bir məclisdə Nəzakəti öldürməyə söz verib və sözünü də tutub. İllər keçsə də, müğənni haqqında gəzən bu mif hələ də dolaşmaqdadır. 

Müğənninin ölümünə dair başqa bir iddiaya görə, Nəzakət gözəllik arzusunun qurbanına çevrilib. 1980-ci ildə əməliyyat olunmaq üçün Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edir.

Əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir. Məhkəmədə şahidlik etmiş tibb bacılarından birinin dediyinə görə, həkim əməliyyata girərkən sərxoş olub, müğənninin damarını kəsəndən sonra həyəcan keçirən həkim əməliyyatı yarımçıq qoyub qaçıb. Narkozdan ayılan müğənni qışqırıb kömək istəsə də, yalvarsa da köməyinə gələn olmayıb. O həkim səhlənkarlığına qurban gedib. Bəzi mənbələrin məlumatına görə, əməliyyatı aparan adam, ümumiyyətlə, cərrah deyilmiş. Müğənni özü riskə gedib. O yaxınlarına bildiribmiş ki, boynunda əməliyyat uğurlu alınsa gözünün dərisini də dartdıracaq.

Nəzakət Məmmədovanın gözəlləşmək istəyərkən ölməsi xəbərini yaymaq ailəsinə ayıb kimi görünür. Onlar ölüm səbəbini gizlətdikcə qara şayiələr dolanmağa başlayır. 

Öləndə oğlunun 7 yaşı var idi və uşaq xəbəri eşidib evlərinə gələn adamları ağlayaraq qovurmuş, anasının ölümünə inanmırmış. Xəbər yalan olsun deyə, həmin gün xalq artisti Rübabə Muradovanın qoyun qurbanı nəzir etdiyi də deyilir.

Ölümündən sonra da ruhu dinclik tapmadı. Xanəndə Çəmbərəkənd qəbiristanlığında dəfn olunur. Lakin, illər keçəndən sonra Nəzakət Məmmədova Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib ona deyir ki, məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm. Kifayət xanım, bacısını yuxuda görəndən sonra onun və anasının məzarını Bakıdan Gəncəyə İmamzadə Məzarlığına köçürür.

Anadan olanda Nəzakətə özündən böyük bacısı, uşaqkən ölmüş Nəzakətin adını vermişdilər. Bu ad hər iki Nəzakətə səadət gətirmədi. Hətta üçüncü Nəzakətə də. İllər sonra oğlu Ceyhun qızının adını Nəzakət qoyur və nəvə Nəzakət də avtomobil qəzasında həlak olur. Onun ailəsindən heç kim sağ qalmayıb. Oğlu Ceyhun da gənc yaşlarında dünyasını dəyişib. Mentalitet olaraq xalqımızın dilində bir söz var - Övladın olsun, adını yaşatsın. Onun adını yaşadacaq, ocağının işığını yandıracaq heç kimi qalmadı. Tifaqı dağısa da, ürəklərdən silinmədi. 

Amma ən böyük arzusuna çatdı Nəzakət. Gənc və gözəl qalmaq istəyirdi. Yaddaşlarda gənc, şux, şən və  gözəl qaldı. Əbədi olaraq 36 yaşında.









ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR