Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, R️usiya Prezidenti Vladimir Putin azərbaycanlı jurnalist İradə Zeynalovanı Mavriki Respublikasına səfir təyin edib. İradə Zeynalova 30 ilə yaxın televiziyada çalışıb. I və II dərəcəli “Vətənə görə xidmət” ordenləri ilə təltif olunan jurnalist bundan sonra diplomat kimi fəaliyyət göstərəcək. Xanım Zeynalovadan öncə Rusiyanın Mavrikidəki səfiri Konstantin Klimovski olub.
O, bu vəzifəyə 2017-ci ilin sentyabrında təyin edilib.
Xatırladaq ki, 2022-ci ildə Zeynalova Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil aldığını, bu ilin mayında akademiyanın məzun olduğunu, ali diplomatik təhsil aldığını bildirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu xəbəri şərh edərkən söyləmişdi ki, ikinci ali təhsil Zeynalova üçün faydalı olacaq. XİN rəsmisi əlavə açıqlama verməmişdi.
Filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli Musavat.com-a açıqlamasında bildirib ki, İradə Zeynalovanın səfir kimi təyinatı keçid xarakterli ola bilər:
“Bu, Rusiyanın daxili işidir. İradə Zeynalova Rusiyada indiki hakimiyyətin ruporlarından biridir. Kifayət qədər anti-Azərbaycan mövqedə olan adamdır. Siyasəti aparanlar, onun parametrlərini müəyyən edənlərin əlbəttə ki, bir düşüncəsi var. İradə Zeynalova Mavriki adasına göndərilməklə Rusiyadan uzaqlaşır. Bunun özü də yaxşı əlamətdir.
Bir jurnalist üçün diplomatik fəaliyyət piar, diplomatik təcrübə baxımından müəyyən bir mərhələdir. İradə Zeynalovanın valideynlərinin Qərbi Azərbaycandan nüfuzlu insanlarla bağlılığı var. Amma o, Rusiya mühitində böyüyüb, dünyagörüşü Rusiyada formalaşıb. Bəlkə Mavrikiyə getməklə, səfir fəaliyyəti dövründə düşünmək üçün imkanları olar. Rusiyaya bir qədər uzaqdan baxmaqla dəyişiklik baş verərsə, müsbət hadisə sayılar.
Olmasa belə, bu, Rusiyanın daxili məsələsi olaraq qalacaq. Səfirlər haqqında belə bir fikir var ki, onlar başqa ölkələrə yalan danışmaq üçün göndərilən nisbətən vicdanlı adamlardır. Bu, İradə Zeynalovanın təyinatına çox uyğun gəlmir. Amma bu, keçid vəzifəsi ola bilər. Hər bir halda İradə Zeynalovanın təyinatı səbəbsiz deyil. Mavriki Rusiya üçün strateji tərəfdaş olan ölkə deyil. Diplomatik rütbə olaraq səfir nominal vəzifədir. Ola bilər ki, İradə Zeynalovanı yenidən Rusiyaya qaytarıb, informasiya sahəsində müəyyən vəzifəyə təyin etsinlər. Hər halda o, diplomatik vəzifə üçün nisbətən gəncdir. Onun bu vəzifədə uzun müddət qalacağına şübhəm var”.
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ