Onlayn ictimai-siyasi qəzet
“Banklar geniş marketinq və satış siyasəti həyata keçirirlər. SMS və zənglər vasitəsilə kreditlər təklif edirlər. Buna baxmayaraq, kredit götürmək üçün müraciət edən vətəndaşın real gəliri araşdırılır”.
Bunu Musavat.com-a iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
O bildirib ki, ölkə banklarında vəsait çoxdur, buna görə də vəsaiti satmaq üçün yumşaq kredit siyasəti həyata keçirirlər: “Bəzən vətəndaşların maliyyə savadlılığı yetərsiz olur. Kreditin öhdəliyini və məsuliyyətini dərk etmədən banklara kredit üçün müraciət edirlər, bu da sonradan böyük problemlər yaradır. Bu gün ölkədə istehlak kreditinin məbləği 9 milyard AZN-ə çatıb. Bu, kifayət qədər böyük məbləğdir. Problemli kreditlərin sayının artması həm də kredit faizlərinin yüksək olması ilə bağlıdır”.
Eyyub Kərimli inflyasiyaya diqqət çəkərək qeyd edib ki, ölkədə məhsul və xidmətlərin qiyməti artır: “Artan qiymətlər vətəndaşların büdcəsinə müəyyən dərəcədə təzyiq yaradır. Bəzən insanlar problemlərini həll etmək üçün kredit götürməyə məcbur olurlar. Bu gün dövlət tərəfindən həyata keçirilən ipoteka kreditləri kredit bazarına təsir edir, o cümlədən əmlak bazarında qiymətlərin artmasına səbəb olur. İlin sonuna doğru mənzərə dəyişəcək”.
Qeyd edək ki, bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,3 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,5 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 15,4 %, son 1 ildə isə 24 % azalıb.
Bu il iyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət mayın sonuna 2,3%, ötən ilin sonuna 2,9 %, ötən il iyunun sonuna isə 3,5 % olub.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ