İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin yaralandı, bir yolu qaldı, Putinin isə üç...

Qiyam necə yatırıla bilər - mümkün variantlar... 

Putinin xalqa və orduya müraciəti gözlənildiyi kimi oldu. Qısa və konkret. Əsas vurğunu yenə “sarı simə” - Rusiyanın dövlət kimi yaşamasına vurdu. Silahlı qiyamda iştirak edənlərə isə heç bir amnistiya-filan (Müdafiə Nazirliyi isə əvvəl belə bir vədlə çağırış etmişdi) vəd etmədi, əksinə, onların xalq düşməni olduqlarını və sərt cavab veriləcəyini söylədi.

putin nitq.jpg (315 KB)

Konkret olaraq Priqojinin adını çəkmədi, eləcə də bu qiyam cəhdində xarici qüvvələrin əli ola biləcəyi haqda da heç bir işarə vermədi. Ümumi fikri budur ki, vəziyyətin bu həddə gəlib çatmasına Priqojinin şəxsi ambisiyaları səbəb olub. Demək, Priqojinin qarnının ağrısını da, niyə qanuni hakimiyyətə və dövlətə qarşı silahlı mübarizəyə başladığının gerçək səbəblərini bilir. Putin silahlı qiyamçıların (bəzi məlumatlara görə, 25 min döyüşçüdən söhbət gedir) ölkə daxilində və xaricdən heç bir siyasi dəstək qazana bilməyəcəyinin fərqindədir. Yeri gəlmişkən, xaricdən reaksiyalar kifayət qədər təmkinlidir (Ukraynanı nəzərə almaqsaq), onlar da fərqindədirlər ki, bu, Ukrayna müharibəsinin doğurduğu hadisə olsa da, qiyama sözdə də dəstək verilə bilməz. Ona görə Putinin sonrakı addımlarını gözləyirlər.

Bəs, bundan sonra, daha doğrusu, yaxın saatlarda nə ola bilər? Priqojini 20 illik həbsə, yoxsa o dünyaya göndərəcəklər? Qiyam necə yatırıla bilər?

kto.jpg (649 KB)

Rusiya müdafiə nazirinin iki müavinin Priqojinlə həyət söhbəti sadəcə, gözdən pərdə asmaq üçündür. Putinin heç bir halda qiyamçıların şərtlərini qəbul etməyəcəyini Priqojin də, danışıqlara getmiş generallar da bilir. Amma Putin qiyamı yüzlərlə döyüşçünün məhv edilməsi hesabına yatırılmasında maraqlı deyil.

Ən yaxşı variant hakimiyyət üçün bu ola bilər ki, Priqojin silahı yerə qoysun və əsgərlərini təslim olmağa çağırsın. (Görünür, nazir müavinləri də Priqojini elə bunu təklif ediblər). Priqojin bilir ki, Putinin atası qəbirdən dirilib qayıtsa da, ona hansısa güzəşt etməsi mümkünsüzdür. Priqojin də, onun dəstəsi də Rusiya üçün bitdi. Putin Priqojinin bütün nəslini Rusiyadan didərgin salacaq, biznesini alacaqlar və sair. İstər sağ qalsın, istər öldürülsün, Priqojinin sonu bəllidir. Bu, Afrika ölkələrindəki qiyamçılar deyil ki, hansısa qonşu ölkə ona sığınacaq versin. O səbəbdən Priqojin artıq ölü hesab oluna bilər, onun sağ qalması hətta öz işinə belə yaramaz. Özünü öldürsə, yaddaşlarda bəlkə daha yaxşı qala bilər. Öldürməsə, gec-tez bunu həbsxanada edəcəklər. Priqojinin seçimi yoxdur...

yevgeni.jpeg (77 KB)       

Son olaraq, Priqojinin raket zərbəsində yaralandığı haqda dəqiqləşməmiş informasiyalar var. Təslim olmağa razı sala bilməsələr, əlbəttə ki, əks-əməliyyatlarda əsas vəzifə onun fiziki məhvidir. Priqojinin meyitini (ya da əlli qandallı) çəkib göstərəndən sonra “Vaqner”çilərin yenə də müqavimət göstərməyə davam edəcəyi inandırıcı deyil. Bu variant qardaş qırğınının qarşısını almağa, silahlı dəstələrin tərksilah edilməsinə yardım edə bilər. Kremlin əsas üzərində dayandığı variant da yəqin ki, buna yaxındır. 

vaqner.jpg (45 KB)

Üçüncü variant isə Kreml sahibi üçün ən əlverişsizidir. Bu, Priqojinin və “Vaqner”çilərin sonadək döyüşməsi, müqavimət göstərməsi ola bilər. Küçə döyüşlərində onlar peşəkardırlar, Baxmutda da ciddi təcrübə toplayıblar. Əgər  “Vaqner”çilərin indi əsas qüvvələrinin cəmləşdiyi Rostovdakı qərargahlarından çıxıb şəhərə dağılarlarsa, bunun çox pis nəticələri ola bilər, döyüşlər bir neçə gün davam edər, hətta mülki əhali də ziyan çəkər.

O səbəbdən, indiki informasiyalar onu deməyə əsas verir ki, Priqojinin dəstəsinin ətrafda dağılması yox, öz yuvasında məhv etmək planı daha ağlabatan görünür…

Putinin xalqa müraciətindən sonra MDB liderlərinə (hələ ki, Lukaşenko, Qazaxıstan və Özbəkistan prezidentinə) zəng etməsi və baş verənlər haqda məlumat verməsi də diqqət çəkir. Yada salaq ki, Qazaxıstanda dövlət çevrilişi cəhdi olanda KTMT oraya hərbi dəstək göndərmişdi. Mümkündür ki, əgər qiyamçılara  başqa ordu birlikləri də qoşularsa (belə bir ehtimal hazırda yoxdur) Putin KTMT-dən də hərbi dəstək variantını gözdən keçirsin.    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR