İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin xalqa müraciətində dörd mühüm mesaj

Humanizm, qətiyyət, ermənilərin xilas yolu və regionda təməlli sülh! 

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərində qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək.

Prezident qeyd edib ki, 20 sentyabr təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir: “Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.

Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir...

Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq".

Prezident qeyd edib ki, əməliyyatın uğurlu gedişatı  Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır: “Bu gün səhər beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə, sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir.

Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu və onu da bildirməliyəm, artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar..."

İlham Əliyev deyib ki,  bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər:  “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.

Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranları ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.

Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir..."

Dövlət başçısı cəmi iki il ərzində böyük quruculuq işlərinin görülüdüyündən danışıb və vuğulayıb ki, eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər.

İlkin razılıq verilsə də, təyyarə boş geri qayıtdı-politoloq Anar Əliyev

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev lokal antiterror tədbirlərinin yekunu olaraq xalqa müraciəti bir çox istiqamətlərdə xalqımızın, dövlətimizin baxış prizmasını əsas hədəflərini çatdırmış oldu: “Prezidentin bu çıxışı bir neçə istiqamətdən təhlil edilməlidir. Birincisi, antiterror tədbirlərinin həyata keçirilməsini zəruri edən səbəblər və bu səbəblərə Azərbaycan dövlətinin reaksiyası, davranışı istiqamətindən. Azərbaycan Prezidenti qəti şəkildə bir daha bəyan etdi ki, Azərbaycan humanist mahiyyətinə uyğun olaraq uzun müddətdir Ermənistandan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözlədi. Amma təxribatlara, terrora da heç bir halda güzəşt etməyəcəyini nümayiş elətdirdi və antiterror tədbirlərinin mahiyyətində də Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, havadarlarının mənasız dəstəyinə arxayın olaraq destruktiv davranış nümayiş etdirməsi dayanır. Azərbaycan Prezidenti antiterror tədbirlərinə başlama əmri verərkən həm də ordu qarşısında bu vəzifəni müəyyən etdi ki, nöqtə atışları ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılmalıdır.

Prezidentin çıxışında üçüncü istiqamət Azərbaycan Prezidentinin erməni dinc sakinlərə müraciəti idi. Prezident İlham Əliyevin müraciəti dinc erməni sakinlər tərəfindən diqqətə alınmalıdır. Onlar bundan sonra yaxşı həyat yaşamaqlarında maraqlıdırlarsa, bu müraciətə müsbət əməli reaksiya verməlidirlər. Azərbaycan Prezidenti erməni sakinlərə ləyaqətli həyat vəd edir. Erməni sakinlər İlham Əliyevin verdiyi vədləri yerinə yetirən lider olduğunu, hər halda, görürlər. Ona görə də ona inanmalıdırlar".

Politoloq hesab edir ki, Prezident İlham Əliyevin çıxışında növbəti istiqamət Ermənistan dövlətinə və cəmiyyətinə yönəlik fikirlər idi: “Prezident Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ümid yarandığını ifadə etdi. İlham Əliyev bununla göstərdi ki, Ermənistan cəmiyyəti, dövləti son iki gündə olduğu kimi nisbətən düzgün davranış nümayiş etdirəcəksə, bölgəyə sülh gələcək. Ermənistan cəmiyyəti və dövləti yaranmış şansdan səmərəli istifadə etməyi təklif etdi.

Azərbaycan dövlət başçısı Ermənistanın havadarlarına, Cənubi Qafqazı rahat yaşamağa qoymayan beynəlxalq güclərə, dövlətlərə də Cənubi Qafqazın lider dövlətinin lideri olaraq sərt formada müraciət etdi".

Politoloq bildirdi ki, cənab Prezidentin müraciətində ən mühüm məqamlardan biri işğaldan azad olunan rayonlarımızda olduğu kimi, Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda da quruculuq işlərinin həyata keçiriləcəyi ilə bağlı oldu. Prezidentin bizim iradəmizə təsir edəcək heç bir qüvvənin mövcud olmadığını bəyan etməsi isə Azərbaycan cəmiyyətinə və bütün dünyaya verilmiş mesaj idi.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR