Onlayn ictimai-siyasi qəzet
"Prezident İlham Əliyev TV kanallarına verdiyi geniş müsahibəsində çox vacib məqamlara toxundu. Xarici siyasət və Azərbaycanın təhlükəsizliyi ilə bağlı açıqlamaları Azərbaycan dövlətinin gələcəklə bağlı sistemli baxış bucağının olduğunu göstərdi".
Musavat.com xəbər verir ki, bu fikirləri "Bakı Politoloqlar Klubu"nun rəhbəri Zaur Məmmədov bildirib.
O əlavə edib ki, Türkiyə ilə münasibətlər prioritetdir və bu dövlətin uğurları, həm də, Azərbaycanın uğurlarıdır:
"Suriyada Rəcəb Tayyib Ərdoğanın məqsədinə çatmasından sonra ölkəmiz Ankaranın yanında olan ilk dövlət oldu və Türkiyənin xahişi ilə ərəb dövlətinə hümanitar yardım göndərdi. Türkiyə haqqında danışan Azərbaycan Prezidenti bir neçə dəfə Yaxın Şərqdə Fələstin dövlətinin qurulmasının vacibliyindən danışdı və islam həmrəyliyinin xarici siyasətimizdə o coğrafiya ilə bağlı əsas meyar olduğunu göstərdi.
Bəzilərinin Azərbaycan və Türkiyə arasında müəyyən məsələlərlə bağlı ziddiyyətlərin olduğunu deməkləri fonunda Prezidentin çıxışı göstərdi ki, rəsmi Bakı və Ankara arasında bu gün heç bir məsələ ilə bağlı ziddiyyət yoxdur, əksinə son bir neçə həftə ərzində region ətrafında baş verənlərlə bağlı yeni mövzulara dair sıx uzlaşma mövcuddur. Hətta o qədər sıx uzlaşma kı, 2025 - ci il ərzində Bakı və Ankaranın regional proseslərlə bağlı yeni hədəflərə çatacaqlarına şahidlik edə bilərik".
Politoloq qeyd edib ki, bəlkə də ilk dəfə olaraq İranın təkcə siyasi hakimiyyətinin deyil, həm də, dini hakimiyyəti haqqında konkret tənqid ifadə edildi:
"Azərbaycan haqlıdır. İranda dövlətin əsas təməlini təşkil edən klerikal qrup 44 günlük müharibədən sonra həmin vaxta qədər olduğu kimi Xankəndi və ətraf rayonlardakı erməni separatçılara pulsuz kerosin satmaqla məşqul idi. Daha sonra İranda kimə yaxınlığı məlum olan hərbi dəstənin sərhədlərimiz yanında bizi təhdid etmələri, səfirlikdə məlum cinayətin hələ də aqibətinin məlum olmaması ikitərəfli münasibətlərin dəhşətli səhifələridir. Prezident İlham Əliyevin ilk dəfə olaraq İranın keçmiş XİN rəhbərinin ona verdiyi sözün hələ də yerinə yetirilməməsi, eyni zamanda cinayətkarın edamının vacib olmasını qeyd etməsi Tehrana bir ismarışdır. Eyni zamanda, Azərbaycan Prezidenti çıxışı zamanı Ərdəbil mollası ilə bağlı şərhi və onun kim tərəfindən təyin edilməsinin hamıya bəlli olmasını qeyd etməsi son təhqirin unudulmayacağının göstəricisidir. Təhqir - ədəbsizlikdir və zəiflikdir və cənub qonşumuz nəhayət başa düşməlidir ki, Azərbaycan heç kimdən qorxmur. İranla bağlı çıxışında Prezidentin yeni hakimiyyətlə münasibətlərin necə olacağı ilə bağlı "bunu gələcək göstərəcək" deməsi, rəsmi Bakının Tehranda rasional fikirlilərin üstünlük təşkil edəcəyinə ümid etməsini göstərir. Bu çıxışdan sonra top Pezeşkiyandadır. Bəlkə o İranın Qafqazla bağlı siyasətinə təsir edə bilə. Həm səfirlikdə cinayət törətmiş şəxsin cəzalandırılması, həm də, Ərdəbil mollasının cəzalandırılması iki ölkə arasında münasibətlərin normallaşdırılmasına müsbət təsir etmiş olardı".
Zaur Məmmədov onu da bildirib ki, Prezident İlham Əliyev Ermənistandakı köhnə və yeni hakimiyyət arasında heç bir fərq qoymayaraq, bu dövlətin özlüyündə faşist təfəkkürlü olduğunu qeyd etdi:
"Məlum məsələdir ki, faşizmə bölgədə yer yoxdur və Petrosyanın 1993- cü ildəki çıxışının dünənlərdə ictimaiyyətə yayılması danışıqlar prosessində rəsmi Bakının mövqeyini gücləndirəcək.
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil. Ermənistan qarşısında duran vəzifələri yerinə yetirməyi vacib bilmirsə, bunu Azərbaycan öz bildiyi formada edəcək.
Təkcə azərbaycanlılar Zəngəzura qayıtmayacaqlar, Azərbaycan Zəngəzuruna qayıdacaq. İndiki Ermənistan ərazisi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır və qayıdış qaçılmazdır. Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ regionları vahid region kimi olmalıdırlar.
Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının da zəruri olduğunu qeyd etməsi, Bakıda bu torpaqlarla bağlı strateji planın olduğunu göstərir.
ABŞ ilə münasibətlər haqqında danışarkən isə Prezident İlham Əliyev oradakı siyasi elitaları bizə olan münasibətlərinə görə yaxşılara, normallara və pislərə böldü. Görünən odur ki, Bayden administrasiyası ilə münasibətlər artıq geridə qaldı. Yeni dövrə isə ümidlər var. Tramp dövründə ABŞ- ın Cənubi Qafqaz və Azərbaycana yanaşmasında bərabərhüquqluluq, daxili işlərə qarışmamaq əsas prioritetlər kimi nəzərdən keçirilməlidir.
Eyni sözləri Azərbaycan və Aİ arasında münasibətlər haqqında demək olar. 2024-cü ildə ermənipərəst siyasət aparan Avropa institutlarında seçkilərdən sonra yeni dönəm başlayır və yeni elitalardan bölgə ilə bağlı adekvat addımların atılması gözlənilir. Əgər bu atılacaqsa, ikitərəfli münasibətlərdə yaxınlaşma olacaq, əgər köhnə siyasət davam edəcəksə, bu onların özlərinin əleyhinə olacaq.
Beləliklə, Prezident İlham Əliyev çıxışında onun üçün milli maraqların, dövlətin maraqlarının hər şeydən üstün olduğunu bir daha bəyan etdi və bu maraqların həyata keçməsi üçün məqsədyönlü konseptual iş aparıldığını və aparılacağını göstərmiş oldu".
Afaq Mirayiq,
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ