İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Şuşadakı çıxışı səmimi, qətiyyətli və qürurverici idi

Alınmaz qala sayılan Şuşanın  erməni işğalından azad edilməsndən iki il keçir. İki il öncə  Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Dünya  azərbaycanlıları, xalqımız, bu Qələbə ilə fəxr edir, qürur duyur.Gələcək nəsillər də bu şanlı Zəfər ilə  fəxr edəcəklər. Noyabrın 8- də Şuşada  bu tarixi Qələbə münasibətilə atəşfəşanlığın təşkili dünyaya ciddi bir mesaj verdi: “Qarabağ Azərbaycandır!” Bu atəşfəşanlıq həm Ermənistana, həm də onun havadarlarına göz dağı oldu. Bəs ermənilər neylədilər? Onlar həmin gün atəşkəsi yenə də pozdular. Deyərdim ki, bu atəşfəşanlığa “ov tüfəngi” ilə cavab verdilər. Belə möhtəşəm bir tədbirə atəşkəsi pozmaqla “cavab vermək” ermənilərin cılızlığından, xəbisliyindən  xəbər verir.

Mən bunu Ermənistanın növbəti təxribatı hesab edirəm.   Məğlub ölkədə baş qaldırmış revanşistlərin  Qərbdən, İrandan, Fransadan cüzi kömək almaları onlarda başgicəllənməsi yaradıb.  Düşünürlər ki, yenidən baş qaldırmaqla nəyəsə nail olacaqlar. Ancaq başlarını qaldıranda “dəmir yumruğ”u görürlər.  Artıq son vaxtlar Ermənistan öz ərazisindən Azərbaycanın müxtəlif rayonlarını atəşə tutur. Bu da beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır.  Müharibə bizim Qələbəmizlə başa çatıb. Bu Qələbə dünya birliyi tərəfindən də qəbul edilib. Ümumiyyətlə, postmüharibə dövründə Cənubi Qafqazda yaranmış reallıq beynəlxalq aləmdə də qəbul edilir. Ermənistan da bu reallıqla barışmalıdır. Ayrı yolu da yoxdur. Dövlət başçımız da Şuşadakı çıxışında bildirdi ki, müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi: “Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən, ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.

Dövlət başçımızın Şuşadakı çıxışını dinlədikcə, düşünürəm ki, artıq Ermənistan, xüsusilə seperatçılar layiqli cavablarını aldılar. Möhtərəm Prezidentimizin  də qeyd etdiyi kimi, Şuşaya gedən yol  2020- ci il  sentyabrın 27- dən başlanmışdır.  Həmin gündən başlayaraq, müharibənin  son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi. Hər dəfə möhtərəm Prezidentimiz, Ali Baş Komandan xalqa müraciət edəndə müzəffər ordumuzun düşmənə divan tutmasından, yaşayış məntəqələrimizin azad edilməsi barədə müjdə verirdi.  Qırx dörd  gün ərzində  əsgər və zabitlərimiz  bir gün də  olsun geri addım atmadı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan ümumilikdə 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi. Şuşanın azad edilməsi ilə  Ermənistan ordusunun beli qırıldı. Şuşa  Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra düşmən təslim oldu.

Prezident İlham Əliyev Zəfər Günündə  Şuşada hərbçilər qarşısında çıxışı zamanı  bir sıra  erməni himayəçilərinə sərt mesajlar göndərdi.  Dedi ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək: “Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Dövlət başçımız Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən də söhbət açdı. Həqiqətən də, bu məğlubiyyət  xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. Ermənilər isə havadarlarına güvənərək daha da quduzlaşmışdı. Getdikcə daha böyük qüvvə ilə üstümüzə gəlirdilər. O vaxt orduda nizam- intizam, vahid komandanlıq olmadığından məğlubiyyətlə üzləşdik. Dövlət başçımız bu məsələyə münasibət  bildirərkən dedi ki, o vaxt antimilli ünsürlər hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra bütün sahələrdə uğurlar bir-birini əvəz etdi. Xüsusilə ordu quruculuğunda  islahatlar aparıldı.  Ərazi bütövlüyümüzün təmin olunması istiqamətində  zəngin hüquqi baza yaradıldı. Düşmənə  layiqli cavab verə biləcək nizami ordu formalaşdı və 2020- ci il noyabrın 8- də tarixi Qələbəyə nail olduq.

Dövlət başçımız bir daha Ermənistana və havadarlarına ciddi mesaj göndərdi: “Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR