İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Ermənistana mesajının şifrəsi... - Politoloq Murad Sadəddinovdan hadisə kimi şərhlər

“Prezident İlham Əliyevin bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə çıxışında səsləndirdiyi bir sıra bəyanatlar və xəbərdarlıq xarakterli mesajlardan Ermənistan nəticə çıxarmalıdır”.

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Murad Sadəddinov bildirib.

Politoloq qeyd edib ki, Prezident müşavirədə xarici siyasətlə bağlı da bir sıra maraqlı, önəmli fikirlər söyləyib və müəyyən məsələlərin üzərinə işıq tutub:

1514725813-0-222601_src.jpg (39 KB)

“İlk dəfə olaraq Prezident erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması üçün Rusiyanın vasitəçi kimi rolu ilə bağlı bu vaxta qədər müəyyən dərəcədə qapalı qalan məsələləri ictimaiyyətə açmış oldu. Konkret olaraq Rusiyanın yüksək rütbəli zabitlərinin Azərbaycan tərəfinə iyun ayına qədər Azərbaycan ərazisindən erməni silahlı qüvvələrinin tamamilə çıxarılacağı vədini verdikləri və bu vədin yerinə yetirilmədiyi barədə açıqlama ciddi məsələdir. Bununla Azərbaycan tərəfi bir daha vurğulayır ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının bütün bəndlərinə və bu bəndlərə uyğun olaraq götürdüyü öhdəliklərə sadiqdir, öhdəliklərin hamısını yerinə yetirib, amma qarşı tərəf müxtəlif yollarla öhdəlikləri yerinə yetirməkdən yayınır. Bu bəyanatda üçüncü tərəf kimi çıxış edən Rusiya da öz öhdəliklərini, həmçinin bəyanatdan kənar verdiyi vədləri yerinə yetirməkdən yayınır.

Prezidentin müşavirədə səsləndirdiyi fikirlər və mesajlar o deməkdir ki, Azərbaycan tərəfi bu vəziyyətlə razılaşmayacaq. Ermənistanı güc yolu ilə də olsa, öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. Prezident qarşı tərəfə açıq bəyan etdi ki, öhdəlikləri yerinə yetirib-yetirməyəcəyiniz barədə konkret mövqeyinizi bildirin, biz də işimizi bilək. Bununla dövlətimizin başçısı bəyan etmiş oldu ki, Azərbaycanın kifayət qədər imkanları var ki, məsələni öz gücü ilə həll etsin. Ali Baş Komandanın məhz bu açıqlamaların ardınca Azərbaycan ordusunun bütün istiqamətlər üzrə gücləndirilməsi prosesinin getdiyi, islahatların aparıldığı, ordumuza ən müasir silahlar alındığı və qarşıdakı dövrdə də alınacağı, hərbi xərclərin artırıldığı, hərbçilərin sosial təminatının yüksək səviyyədə həyata keçirildiyini bəyan etməsi təsadüfi deyildi. Cənab İlham Əliyev bütün bunları dedikdən sonra “Nə üçün” sualını da verdi və əslində cavabı özü söylədi. Dedi ki, deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, burada demədiyim məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bununla Prezident işarə etmiş oldu ki, Ermənistanın sülh sazişini imzalamaqdan, öhdəliklərini yerinə yetirməkdən yayınması, Ermənistanın və Minsk Qrupunun status məsələsini qabartması, Rusiyanın öhdəlikləri yerinə yetirməsi üçün Ermənistana ciddi təsir göstərməməsi Ermənistan üçün ciddi fəsadlar yaradacaq. Azərbaycan tərəfi bununla öz ərazilərindəki qanunsuz silahlı birləşmələri və qrupları tərk-silah etmək hüququnun olduğunu və buna gücünün yetdiyini də bəyan etmiş oldu”.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi ən yüksək səviyyədə göstərdi ki, yaranmış vəziyyətlə, məsələnin bu qədər uzanması ilə razılaşmayacaq: “Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün Ermənistan tərəfindən real addımların atılmasını, Rusiyanın da bunun üçün Ermənistana təsir etməsini gözləyir. Həmçinin bəyan edir ki, Ermənistan status məsələsini qaldırmaqda davam edərsə, Azərbaycan da öz tarixi torpaqları olan Zəngəzur məsələsini, ən azından oraya azərbaycanlıların qaytarılması və onlara status verilməsi məsələsini qaldıra bilər. Bu isə Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxaracaq”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR