İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən “yolumuzdan dönməyəcəyik” mesajı - informasiya savaşında yeni mərhələ

Prezident İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində çıxış edərkən Ermənistanın 12-14 sentyabrda törətdiyi təxribatlardan danışıb, ölkəmizə qarşı qərəzli, ədalətsiz yanaşanlara sərt reaksiya bildirib.

O, diqqətə çatdırıb ki, Azərbaycan ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib: “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bu reallıqlara rəğmən Azərbaycana qarşı qərəzli münasibət göstərən, Ermənistanın “təcavüz” yalanlarına dəstək verənlərə də mesaj verib.

Sitat: “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı”.

Bu kontekstdə Prezident BMT-yə yerinə düşən xatırlatma edib və qəti mövqeyini bir daha ifadə edib: “Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir”.

İlham Əliyevin Özbəkistan səfəri başa çatıb - VİDEO - 16.09.2022, Sputnik  Azərbaycan

Faktiki olaraq Prezident bu açıqlaması ilə Azərbaycana qarşı qərəzli münasibətlərə, təhdidlərə, hədə-qorxulara rəğmən haqlı mövqeyindən çəkilməcəyini bir daha bəyan etmiş olub. Həmçinin dövlət başçısı qalib Azərbaycanın dünyadakı mühüm roluna və ermənilərin havadarlarının ədalətsiz mövqeyinin hansısa nəticə verməcəyinə işarə edib. Burada bir məqamı diqqətə çatdıraq ki, Azərbaycan həqiqətlərini və regiondakı reallıqları Prezident İlham Əliyev 44 günlük müharibə zamanı böyük tribunalardan bütün dünyaya duyurub. Yəni artıq kiminsə mövcud vəziyyətdən, həqiqətin nədən ibarət olmasından xəbərsiz olmasını iddia etməsi mümkün deyil. Erməni yalanlarına inanmaq, onları dəstəkləmək indi yalnız qərəzin, beynəlxalq hüquqa əhəmiyyət verməməyin göstəricisi kimi qəbul oluna bilər. Əlbəttə, bununla yanaşı, Azərbaycan informasiya mübarizəsində arxayınlaşmamalıdır, adekvat addımlar atmalıdır.

Azərbaycan indiki mərhələdə qərəzli davranışların neytrallaşdırılması, minimuma endirilməsi üçün daha hansı addımları atmalıdır?

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm”

Azər Badamov: “Dostlarımızın sayının artması üçün bundan sonra da çox işləməliyik”

Deputat Azər Badamov Azərbaycanın dünyada dostlarının sayının durmadan artmasından söz açdı: “Prezident İlham Əliyevin "haqq yolumuzdan dönməyəcəyik" mesajı informasiya savaşında yeni səhifə açır. Çünki 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun imza atdığı dönməz qələbəsi ilə müharibənin bitdiyini elan etmişik. Müharibənin döyüş meydanında bitməsi heç də ermənilərlə tezliklə sülh şəraitində yaşanacağına yol açacağı demək deyil. Çünki erməninin xəmiri düşmənçilk qanı ilə yoğrulub. Ermənilərin geninə düşmüş sağalmaz xəstəlik pandemiya kimidir və ona qarşı həmişə hazır olmalıyıq. Vətən savaşından sonrakı iki il ərzində sülhə xidmət edəcək təkliflərimizlə çıxış etməyimizə baxmayaraq, Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir və  təxribatlar törətməklə beynəlxalq səviyyədə informasiya məkanında özünə tərəfdarlar tapmağa çalışır. Müzəffər ordumuzun yeni bir səhifə yazdığı “Qisas” və “Təxribata cavab” əməliyyatları da erməni təxribatının qarşısının alınmasına xidmət edib. Azərbaycan dünyada sülh və ədaləti dəstəkləyən ölkə kimi tanınıb.  Ona görə də dostlarımızın sayı günü-gündən artmaqdadır. Şanxay Əməkdaşlıq Təşkilatına Prezident İlham Əliyevin dəvət olunması Azərbaycanın nüfuzunun və hörmətinin bariz göstəricisidir".

Deputat dedi ki, bu gün döyüş meydanında beynəlxalq hüququn tələblərini icra etdiyimiz bir zamanda bu münaqişənin dondurulmasına xidmət edən erməni havadarları yenidən meydana atılıb: “Əlbəttə ki, biz XXI əsrdə yaşayırıq və bu gün dünya birliyinin gücü dünya düzənində bəzi niyyətlərin həyata keçməsinin qarşısını alır. Bütün dünya Azərbaycanın məsuliyyətli ölkə olduğunu tanıyır və beynəlxalq təşkilatlarda bizə qarşı qərarların qəbul olunmasının qarşısı alır. Təbii ki, dostlarımızın sayının artması üçün çox işləmişik və bundan sonra da çox işləməliyik”.

Deputat informasiya savaşımızın önəminə də toxundu: “Döyüş meydanında əldə etdiyimiz qələbəni informasiya savaşında möhkəmlətməliyik. İnformasiya savaşının harada aparılması o qədər əhəmiyyət daşımır. Bu savaş ölkə daxilində və ölkə xaricində olmalıdır. Bunun üçün qələbəmizə kölgə salmaq istəyən vətən xainlərinə qarşı çox ayıq olmalıyıq və onları yerində oturtmalıyıq. Azərbaycanda olan milli həmrəyliyin daha da möhkəmlənməsi üçün informasiya məkanımız daha çox iş görməlidir. Beynəlxalq informasiya resurslarına kimin çıxış imkanları varsa, haqq işimiz haqqında beynəlxalq auditoriyanı məlumatlandırmalıdır. Bu gün biz qloballaşma dövründə yaşayırıq. Oturduğumuz yerdən bütün dünya informasiya məkanına daxil olmaq  imkanına malikik. Ona görə də hər bir vətəndaş informasiya məkanında qələbəmizin möhkəmlənməsinə xidmət etməlidir. Beynəlxalq səfərlərdə və xarici nümayəndələrlə görüşlərdə  həmkarlarımızı  qarşılaşdığımız tarixi haqsızlıqlar və haqq işimiz haqqında məlumatlandırmalıyıq. Hesab edirəm ki, imkanlarımız və resurslarımız düşmənlərimizdən çoxdur və biz informasiya savaşımızı daha da genişləndirməliyik”.

Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı  yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb - AZƏRTAC

Elçin Mirzəbəyli: “Onların bu qədər açıq mövzu haqqında məlumatsız olmaları mümkün deyil”

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, cənab Prezident həm 44 günlük savaşdan öncə, həm də müharibə dövründə Azərbaycanın ədalətli mövqeyi ilə bağlı bütün həqiqətləri dünyanın ən yüksək tribunalarından, həmçinin ən nüfuzlu və tirajlı media təsisatlarından beynəxalq aləmə çatdırıb: “Cənubi Qafqazda gedən proseslərdən azacıq məlumatlı olanlar əslində həqiqətləri çox yaxşı bilirlər, o cümlədən ayrı-ayrı dövlətlərin xarici siyasətində iştirak edənlər, hətta kiçik çaplı məmurlar belə Ermənistanın təcavüzkar siyasətinin mahiyyəti barədə kifayət qədər məlumatlıdırlar. 30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində ermənilərin hansı cinayətlərə yol verdiklərini dünyada yaxşı bilirlər. 10 noyabr bəyanatındakı öhdəliklərə Ermənistan tərəfin əməl etmədiyini, bunun nəticəsində son olaraq sərhəddə törətdikləri təxribatlardan beynəlxalq aləm xəbərsiz deyil. Onların bu qədər açıq mövzu haqqında məlumatsız olmaları mümkün deyil. Azərbaycan beynəlxalq aləmdə erməni yalanlarına qarşı öz adekvat tədbirlərini görür. Son təxribatlarda beynəlxalq müstəvidə qismən də olsa obyektivliyin təmin olunmasına nail ola bilmişik. Burada hər kəsin hərəkətə gəlməsinə və müvafiq addımlar atmasına ehtiyac var. Azərbaycanla Türkiyə arasında informasiya savaşı ilə bağlı çox önəmli bir müqavilə var. Bu müqavilənin həyata keçirilməsi istiqamətində də önəmli addımlar atılır. Biz bunun müsbət təzahürlərinin şahidi olmuşuq. Amma bunun daha da genişlənməsi çox vacibdir. Digər qardaş türk dövlətləri ilə də bu istiqamətdə birgə hərəkət çox önəmlidir”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR