İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən “dağlarda döyüş” anonsu

 

Qarabağda meşələrdə qaçaq-quldur dəstələri gizlənir, əksəriyyəti Ağdərə meşələrində və Murov dağındadır; Qabil Hüseynli: “Orada yeraltı xəndəklər, blindajlar, fortifikasiya qurğuları mövcuddur”

“Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur”.

Bunu prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib. “Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Bax, prinsip etibarilə, məsələnin tarixçəsi bundan ibarətdir”, - Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı ilk dəfədir ki, belə bir faktın mövcudluğunu MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri ilə görüşdə açıqladı ki, bu da təsadüfi deyil. Bu həm də o anlama gəlir ki, erməni silahlıları regionda gərginlik yaratmağa cəhdlər edə bilər.

Bəs erməniləri meşələrdə gizlənməyə vadar edən səbəblər nədir, onlarla mübarizə necə aparılacaq? 10 min silahlı dəstənin ağ bayraq qaldırıb təslim olması və Qarabağdan getməsi, ardınca qondarma rejimin özünü buraxmasının ardınca meşələrdə gizlənən “partizan” qrupları nəyə nail ola bilərlər və ya nəyə ümid edirlər? Onlar regionda davamlı destabilizasiya yarada bilərmi?

Əslində Qarabağın meşələrində, dağlarında hansısa qrupların qalacağı gözlənilən idi. Ağdərə, Xocavənd və digər ərazilərin meşəliklərində qaçaq-quldur dəstələrinin, silahlı qrupların qaldığını nəzərə alsaq, onları məhv etmək üçün addımlar atılacağını indidən anons etmək olar. Ekspertlərin fikrincə, bölgədə növbəti lokal xarakterli güc tədbirləri görüləcək. Çünki onlar məhv edilməsələr, Qarabağda tam sabitlik və təhlükəsizlik mümkün olmayacaq...

Bundan əvvəl Azərbaycan Prezidentinin Administrasiyası məlumat yaymışdı ki, tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır. “Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər”, - məlumatda qeyd edilmişdi. İndi isə bəlli olur ki, meşələrdə gizlənən başıpozuq dəstələr mövcuddur. Deməli, kəşfiyyat məlumatları var, eləcə də onların dislokasiya olduğu ərazilərin peyk görüntülərinin əldə edilməsi istisna deyil.

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, lokal xarakterli hərbi əməliyyatlara ehtiyac olmayacaq. “Söhbət azad edilmiş bölgələrdə profilaktik xarakterli tədbirlərin həyata keçirilməsindən gedir. Həmin dəstələr keçilməz meşələrdə qalmaqda davam edirlər. Onların əllərində kifayət qədər silah-sursat var. Ona görə də Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri, Daxili İşlər Nazirliyinin daxili qoşunları bütün ərazi boyu axtarış əməliyyatlarını yerinə yetirir və müəyyən edilmiş dəstələrin sıradan çıxarılması istiqamətində addımlar atılır”, - deyə Q.Hüseynli ehtimallarını irəli sürür. Onun fikrincə, həmçinin kəşfiyyat-axtarış işlərində pilotsuz uçuş aparatları da geniş istifadə edilir: “Onlar ən çox Ağdərədə gizləniblər. Bu bölgə sıx meşəliklərlə əhatə edilib. Orada "Qlobus" deyilən yer var, Murov dağının silsiləsində yeraltı blindajlar, bir-biri ilə əlaqəsi olan müxtəlif hərbi qurğular tikilib. Onlar açıq surətdə bəyan ediblər ki, biz təslim olmayacağıq. Orada yeraltı xəndəklər, blindajlar, fortifikasiya qurğuları da mövcuddur". Professor hesab edir ki, onlar tam mühasirəyə alınıb, ərzaq və su ehtiyatları tükəndikdən sonra güc tətbiq etməyə ehtiyac qalmayacaq, təslim olacaqlar: “Onlar gizlənib qalmaqla demək istəyirlər ki, guya erməni xalqı qəhrəmandır və ölərik, təslim olmarıq. Təbii ki, cəfəngiyyatdır. Çünki bu dəstələrin perspektivi yoxdur. Hərbi hava qüvvələri aviabombalarla o qüvvələri zərərsizləşdirə bilər”.

Özləri də, çağırışları da rədd olunmalıdır”-

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, həmin ərazilərdə terrorçuların qalması mümkündür: “Dağlıq relyefdir, hansısa yerlərdə qrup-qrup gizlənə bilərlər. Bunun üçün bütün ərazilər yoxlanılmalıdır, təhlükəsizlik tədbirləri görülməlidir. Azad edilən torpaqlarda abadlıq işləri həyata keçiriləcək, indidən hazırlıq olmalıdır. Fikrimcə, quruculuq tədbirlərinə qədər lokal xarakterli təmizləmə əməliyyatının keçirilməsi istisna deyil. Yəni antiterror tədbirləri yox, təmizləmə tədbirləri ola bilər. Qarabağda əlində silah tutan heç bir terrorçu qalmamalıdır”. Partiya sədri deyir ki, həmin terrorçu dəstələrin Qarabağdan qaçmaq şansı yoxdur, ya silahı yerə qoymalı, Azərbaycan dövlətindən əfv diləməlidirlər, ya da məhv ediləcəklər.

Oxu.az - Ramiyə Məmmədova: “Tehran öz davranışının yanlış olduğunu anladı”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova deyir ki, erməni terrorçularının PKK üslubunda uzunmüddətli döyüşmək şansları yoxdur: “Onlar kənardan dəstək gələcəyinə ümid bəsləyirlər. Düşünürlər ki, Qarabağda vaxtaşırı atəşkəsi pozmaqla qorxu, təhdid yarada bilərlər. Onlara elə gəlir ki, gizli yollarla silah-sursatla təmin edilə biləcəklər. Amma Qarabağa kəşfiyyatımızın gözündən kənar quş da uça bilmir. Hər yer nəzarətdədir və içəridə qalan, meşələrin dərinliklərində gizlənən həmin destruktiv silahlı dəstələr də ya ac-susuz öləcəklər, ya da zərərsizləşdiriləcəklər. İndi nə qondarma rejim var, nə Ermənistandan dəstək gəlir. Araik, Bako, Ruben Bakıda həbsdədir, meşələrdə gizlənənlər nə edə bilər ki?!”

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR