İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən “Azərbaycanda sabitliyə xarici təhdid yoxdur” mesajı

Hakimiyyəti İran, Rusiya və Ermənistan kimi dövlətlərin əhatəsində arxayın edən nədir?

“Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil. Əlbəttə, sərhədlərimizin hüdudlarından kənarda baş verən proseslər ciddi narahatlıq doğurur. Biz bunu hər zaman nəzərə almalıyıq”.  Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda danışıb. Dövlətimizin başçısı, həmçinin deyib: 

“Daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq”.

Əvvəllər xarici təhdidlər önə çıxardı. Prezident isə açıq dedi ki, ölkədəki vəziyyət xarici amillərdən asılı deyil. İran, Rusiya və Ermənistan kimi dövlətlərin əhatəsində olan Azərbaycanı arxayın edən nədir?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov 

Deputat Azər Badamov bu sabitliyin kökündə Ali Baş Komandanın yürütdüyü siyasətin dayandığını qeyd etdi: “ADA Universitetində Prezident İlham Əliyev xarici ölkələrin aparıcı ekspertləri ilə keçirdiyi görüşdə Azərbaycanda sabitliyə xarici təhdid yoxdur mesajı səsləndirdi.  Əlbəttə ki, əldə olunan bütün uğurların təməlində ölkəmizdə təmin olunmuş ictimai-siyasi sabitlik dayanır. Əgər ölkədə sabitlik təmin olunmazsa, nə iqtisadiyyatda, nə də siyasətdə mükəmməl bir nəticəyə nail olmaq mümkün deyil. Məhz ölkəmizdəki sabitlik iqtisadiyyatımıza milyardlarla xarici investisiyaların axmasına zəmin yaradıb. Belə bir sabitliyin təmin olunması da dövlət başçısının ölkə vətəndaşlarının maraqlarına uyğun siyasəti aparması sayəsində nail olunub. İlk növbədə, dövlətimiz büdcə imkanları daxilində öz vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı şəkildə addımlarını atır. O cümlədən böyük sosial infrastruktur layihələri icra olunaraq insanların rahat yaşayışı təmin olunur. Həm də öz vətənini sevən gənc nəsil tərbiyə olundu. Bu gün təmin olunmuş sabitliyin təməlində milli həmrəylik və birlik dayanır. Üç il əvvəl qazandığımız qələbəmizə də milli həmrəylik və birlik sayəsində imza ata bildik. Bu gün ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi var. Bu birliyimiz hər bir xarici təhdidi dəf etməyə qadirdir. Xarici düşmənlərimiz ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağa və dövlətimizi zəiflətməyə dəfələrlə cəhdlər edib. Amma dövlətimiz və xalqımız xarici düşmənlərə öz çirkin niyyətlərini reallaşdırmağa heç vaxt imkan verməyib. Ona görə də dövlətimiz ölkəmizin sərhədlərinin daha güclü şəkildə qorunması üçün addımlar atır. Təbii ki, qonşu respublikalarda baş verən hadisələr bizi də narahat etməyə bilməz. Ölkəmiz Ermənistan istisna olunmaqla, bütün qonşularla yüksək dostluq və strateji əməkdaşlıq əlaqələrinə malikdir. Təəssüf ki, Ermənistan uzatdığımız sülh əlimizdən tutmaq istəmir və xarici havadarların dəstəyi ilə yenidən silahlanmaya üstünlük verir. Azərbaycan Ermənistanın bu hərəkətlərini müşahidə edir və ölkəmizin müdafiə qabiliyyətini daha da artırmaqla baş verə biləcək hər hansı müdaxilələrdən ölkəmizi sığortalayır. Yəni ölkəmizdə təmin olunmuş iqtisadi və siyasi sabitlik  xarici təsirlərdən qorunub saxlanılır. Bunu Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin göstəricisi hesab edirəm”.

Elxan Şahinoğlu: "Putin “taxıl sazişini” uzatmaq istəmir"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İ.Əliyevin fevralın 7-nə təyin etdiyi növbədənkənar prezident seçkisinə toxundu: “Azərbaycanda həqiqətən sabitlik, stabillik hökm sürür. Hələ ki kənardan heç bir real təhlükə yoxdur. Məhz bu amili əlində rəhbər tutan İlham Əliyev erkən prezident seçkisini fevralın 7-nə təyin etdi. Bunun həm də səbəblərindən biri, nə qədər ki, ölkədə sabitlikdir, üstəlik, Qarabağ məsələsi həll olunub, prezident seçkisi keçirib, hakimiyyətini daha da möhkəmləndirmək istəyir. Üstəlik, gələn il Cənubi Qafqazda, Azərbaycanda marağı olan ölkələrdə prezident seçkiləridir, Amerika və Rusiyada. Həm də Avropa İttifaqında seçkilər var. Bu amil də rol oynadı ki, İlham Əliyev prezident seçkisini 2025-ci ildə deyil, 2024-cü ildə keçirir. Nə qədər ki, bu bölgəyə marağı olan dövlətlərin başları özlərinə qarışacaq, biz də öz seçkimizi keçirək və sabitliyimiz davamlı hal alsın”. 

Regionda YENİ GÜC:

Rusif Məmmədsoy 

Siyasi şərhçi Rusif Məmmədsoy dövlət başçısının bu açıqlamasını bir neçə aspektdən dəyərləndirir: “Əvvəla, onu qeyd edək ki, həqiqətən də bu günə qədər Azərbaycanın manevr imkanları məhdud idi. Çünki ortada Qarabağ kimi öz həllini gözləyən problem mövcud idi. Bu gün isə Qarabağ məsələsi qapanıb, hətta bir az da irəli gedərək deyə bilərəm ki, Xankəndi heç olmadığı qədər bizimdir. Bütün bunlar Azərbaycanın manevr imkanlarını genişləndirməklə yanaşı, daha rahat hərəkət etməyimizə də səbəb olub. Xarici təhdid deyərkən təbii ki, ilk öncə ağlımıza Ermənistan gəlir. Ancaq nəzərə almaq lazımdır ki, hazırda o təhdid də böyük ölçüdə aradan qalxıb. Təbii ki, Azərbaycan elə bir bölgədə, elə ölkələrin arasında yerləşir ki, təhdidlərin olması təəccüblü deyil. Ermənistanla yanaşı cənub qonşumuz İrandan da ciddi təhdidlər olurdu. Bu təhdidlər həm hərbi, həm də ideoloji müstəvidə özünü göstərirdi. Lakin biz hər iki istiqamətdə bütün bunların öhdəsindən gəldik və İranı da yeni reallıqları qəbul etməyə məcbur edə bildik. Məhz bütün bunların nəticəsidir ki, ötən gün İran HDQ-nin komandanlığı ölkəmizə səfərə gəldi və bir sıra məsələ ilə bağlı əməkdaşlıq təklif edildi. Hər halda, sadəcə, bölgə ölkələri deyil, okeanın o tayından da təhdidlər gəlir. Məsələn, ötən həftə Azərbaycan əleyhinə hədyanlar səsləndirən ABŞ rəsmisi O’Brayn artıq Bakıdadır və ölkə başçısı ilə də görüşüb. Lakin bu səfər üçün Entoni Blinken İlham Əliyevdən xahiş etməli oldu. Hər halda, O’Brayn Azərbaycana təkliflərlə gəlib və Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ABŞ üçün də imtina edilməsi mümkün olmayan açar dövlətdir. Ümumiyyətlə, Azərbaycan olmadan bölgədə heç bir əlaqə, heç bir inkişafdan söhbət gedə bilməz ki, bu da Azərbaycanın önəmini birə beş artırmış olur. Azərbaycan da bunu çox yaxşı anlayır və yetişmiş əlverişli şəraitdən öz milli və təhlükəsizlik maraqları üçün istifadə edir. Ancaq maraqlı bir məqam da ondan ibarətdir ki, ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyası (USCİRF) ölkəmizdə dini etiqadın hazırkı vəziyyəti ilə bağlı qərəzli hesabat hazırlayıb. Kelli Beken tərəfindən hazırlanan bu hesabatda "Dağlıq Qarabağda dini yerlər" adlı hissə də yer alır. Bu isə qəbuledilməzdir və növbəti təhdid və təxribat xarakterli bir addımdır. Əvvəla, Qarabağ məsələsi həm de-yure, həm də de-fakto bitib. Hətta bunu Ermənistanın siyasi hakimiyyəti belə qəbul edir. O zaman “Dağlıq Qarabağ” termini hələ də niyə işlədilir? Prezident İlham Əliyev xarici təhdidlər deyərkən çox güman ki, həm də Fransanın son zamanlar atdığı addımları da nəzərdə tutub. Fransa Avropa Birliyinin aparıcı üzvlərindən biri olaraq proseslərdə daha praqmatik davranmalı olduğu halda birmənalı şəkildə tərəf tutmaq qərarına gəlib. Tutduğu tərəf isə heç bir perspektivi olmayan, iqtisadi dalanda olan Ermənistandır. Hətta vəziyyət elə bir yerə gəlib çatıb ki, Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan keçirilən görüşlər baş tutur, yekun sülhə doğru addımlar atılır və bu zaman Fransa Ermənistanı silahlandırmaq qərarına gəlir. Bu, bölgədə növbəti qarşıdurma riskini də artırmış olur. Nəzərə alsaq ki, Fransanın Ermənistana tədarük etdiyi silahlar həm də hücum silahlarıdır, o zaman Azərbaycanın buna səssiz qalacağı sadəlövhlük olardı. Təbii ki, bütün bunlar nə ümumi nəticəyə təsir göstərmək, nə də bölgədəki güc balansında dəyişiklik yaratmaq qüdrətində deyil".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR