İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevdən daha bir qətiyyətli addım - “Fransalı görüş”dən imtina

Qranada görüşündən imtinanın səbəbləri açıqlandı: Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək. Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev  və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulurdu. Sözügedən görüşdə Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirakı gözlənilirdi.

Oktyabrın 4-də isə Azərbaycanın İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina etdiyi bəyan edildi. Azərbaycanın görüşdən imtina etməsinin səbəbləri açıqlanıb. Bildirilir ki, Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, Fransa xarici işlər nazirinin Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 3 oktyabrdakı Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib. Çünki belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər. Açıqlamada sonda bildirilir ki, bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər. Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.

Zəlzələ düşmənləri də yaxınlaşdırır - Barışıq yaxında?

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri, Ermənistan silahlı birləşmələri tərk-silah edildikdən, separatçı quldur rejimin rəhbərləri saxlandıqdan sonra istər Cənubi Qafqazda, istər Ermənistan-Azərbaycan münasibətlərində yeni reallıq formalaşıb: "Ermənistanla Azərbaycan arasında sülh sazşinin imzalanmasına olan bir sıra maneələr aradan qalxıb. Həmin qanunsuz silahlı qüvvələrin, silahlı qrupların Azərbaycan ərazisində qalması Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarının irəliləməsinə, müsbət nəticə verməsinə böyük əngəl idi. Eyni zamanda həmin silahlı birləşmələr və silahlı terrorçu dəstələr sülh sazişi imzalandığı halda ondan sonrakı dövr üçün ciddi təhlükə idi. İndi bu təhlükə sıradan çıxarılıb. Bu da Azərbaycanla Ermənistan arasında bundan sonra gedəcək danışıqlar prosesinə böyük təkan ola bilər. Lakin Fransa və Almaniya, xüsusilə Fransa Ermənistanı açıq-aşkar müdafiə etməklə, Azərbaycana qarşı qərəzli mövqeni daha da sərtləşdirməklə sülh sazşinin imzalanmasına imkan vermirlər. Dördlük Qranada danışıqlarına Türkiyənin qatılmasına imkan verməməklə Azərbaycanı təkləmək məqsədi güdürdü. Eyni zamanda onların məqsədi danışıqlarda əsas platformanın özləri olduğu görüntüsü yaradıb nəticəsiz sülh danışıqları sırasına daha birini əlavə etmək idi. Ona görə də Azərbaycan Qranada görüşünə qatılmamaq qərarını tamamilə düzgün olaraq qəbul etdi. Azərbaycan regional müzakirələrdə region ölkələrinin, xüsusilə Türkiyənin iştirakında israrlıdır. Azərbaycanın bu mövqeyi region ölkələrinin maraqlarına tam cavab verir. Çünki qeyri-region ölkələrinin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə yanaşı, destabilizasiya yaradır. Azərbaycan regional məsələlərin həlli üçün "3+3" formatını təklif edib. Hazırda İran da bu formatın tərəfdarı olduğunu Ermənistana bəyan edib. Təsadüfi deyil ki, İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana qeyri-region ölkələrinin regiona müdaxiləsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib və “3+3" formatlı platformanın vacibliyi vurğulanıb”.

Politoloq qeyd etdi ki, Azərbaycan bu qərarı ilə həm də Fransaya, Almaniyaya, Ermənistana yeni reallıqları qəbul etməkdən başqa yol olmadığını göstərdi: “Ermənistan əgər sülh istəyirsə, Fransa kimi pozuculuq mövqeyində olan dövlətlərin vasitəçiliyindən imtina etməlidir. Ya Azərbaycanla heç bri vasitəçi olmadan ikilikdə danışıqlar aparmalı və sülh sazşini imzalamalıdır, ya da regionun böyük dövlətləri olan Türkiyə və Rusiyanın birlikdə iştirak etdiyi vasitəçilik formatına üstünlük verməlidir. Ermənistan sülh istəyirsə, bundan sonra keçiriləcək danışıqlarda "etnik təmizləmə" söhbətini dilə gətirməməlidir".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtinası doğru qərardır: “Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər. Halbuki Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı. Fransa prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi. İlham Əliyevin "masada Fransa və Almaniya varsa, Türkiyə də olmalıdır" tələbi yerindədir, təklifi qulaqradına vuracaqlarsa, Brüsselin vasitəçiliyi heçə enəcək. Bir də ki, sülh sazişi ilk növbədə Ermənistana lazımdır, Azərbaycan Qarabağda qayda-qanun yaradır".

AXP sədri Pənah Hüseyn də bildirib ki, Azərbaycan Qranada görüşündən imtina etməklə doğru addım atıb: “Fransa xarici işlər nazirinin İrəvan səfəri və ordakı anti-Azərbaycan açıqlamaları əgər Fransa "vasitəçi"lərdən biri kimi  kimi iştirak edəcəksə,  Qranada görüşünün Azərbaycan üçün məqsədəuyğunluğunu sual altına alırdı. Əgər bu sualı götürməyə imkan verən yeni situasiya yaradan hadisə yoxdursa, ən doğru addım “Fransalı görüş”dən imtinadır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR