İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevdən 4 paytaxta Şuşa mesajları - bəs xəbərdarlığa güllə atan kimlərdir?

Rusiya və digər bəzi xarici qüvvələrin Qarabağda yeni təxribatlar hazırladığının əlamətləri artıq görünür

Noyabrın 8-də Zəfər günü Şuşada hərbçilər qarşısında çıxışında Prezident İlham Əliyev bir sıra paytaxtlara və erməni himayəçilərinə sərt mesajlar göndərdi. “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək.

Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il "Fərrux" əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər", - deyə Prezident bildirib. Bu çıxışın əlbəttə ki, ilk hədəfi erməni revanşistləridir ki, dövlət başçısı yenidən baş qaldıracaqları halda onları gözləyən aqibəti xatırlatdı. Bu çıxışda sülhməramlıların “ən azı 20 il Qarabağda qalmasına” çağırış edən Ermənistan və qondarma separatçı rejimə  “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər” xəbərdarlığının  əsas hədəfi ermənilərdir. Lakin bu həm də sülhməramlıların Qarabağda daha uzunmüddətli qalması üçün bəzi planları olan, o cümlədən Vardanyanı Xankəndinə yerləşdirən Rusiyaya xəbərdarlıqdır ki, sülhməramlılar Qarabağda müvəqqətidir. Daha bir mesaj da sülhməramlıların Qarabağdakı qanunsuz fəaliyyətlərə göz yumması barədə oldu. Sitata diqqət edək: “Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımları atacaq”. “Erməni silahlı qüvvələri Qarabağda nə gəzir” sualı həm də Rusiya rəhbərliyinə ünvanlanmış sayılmalıdır.

Prezidentin çıxışında ilk dəfə adını çəkməsə də, İranın hərbi təlimlərinə münasibət bildirməsi də ən önəmli məqamlardan biridir. “Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz”.

Şuşadakı çıxışında Prezidentin 13-14 sentyabr hadisələrinə qiymət verərkən ilk dəfə açıqladığı məqamlar da əsas diqqət yetiriləcək mühüm məqamlardan biridir: “Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik”. Məlumdur ki, Ermənistan sərhəd təxribatında aldığı sarsıdıcı zərbədən sonra hay-küy qaldırdı və Avropa Birliyinin və ATƏT-in missiyasını sərhədə gətirməyə məcbur oldu, üstəlik havadar dövlətlər də Azərbaycana qarşı təzyiqlər etməyə cəhd göstərdi. Bu məsələdə isə əsas “yükü” Fransa prezidenti Makron üzərinə götürdü. Azərbaycanı suçlu çıxarmağa cəhd etdi. Prezident Əliyevin məhz sərhəd təxribatından danışarkən “banlamaq” ifadəsini işlətməsinin səbəbi də aydındır. “Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz”. Prezident çıxışının bu hissəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin olduğunu da əlavə etdi: “Biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.

Nəhayət, Prezident Əliyev Ermənistana şərtlərini də bu cür ümumiləşdirdi: “Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  Şuşada hərbçilər qarşısında çıxış edib » Azərbaycan Prezidentinin Rəsmi  internet səhifəsi

Prezidentin Şuşadakı çıxışından bir neçə saat sonra noyabrın 8-i axşam Azərbaycan Ordusunun Kəlbəcər və Tovuz rayonundakı mövqeləri bir neçə saat müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərini də atəşə tutub. Sərhəddə daima bu cür gərginliklər olsa da, Qarabağda sülhməramlıların məsuliyyət zonasında bu ilin avqustunda Azərbaycan əsgərinin Laçında şəhid edilməsindən sonra ilk belə atəşkəs pozulmasıdır. Prezidentin dörd paytaxta (İrəvan, Tehran, Paris və Moskvaya) mesaj çıxışından sonra həm sərhəddə, həm Qarabağda atəşkəsin pozulması o anlama gəlir ki, mesaj öz sahiblərinə çatıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan və  ermənilər bu xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar: “Çünki məhz ermənilər xaricdə onlara verilən vədlərə aldanaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər, xarici qüvvələrin əlində alətə çevrilirlər, Ermənistan isə havadarlarının vədlərinə arxayın olub 10 noyabr üçtərəfli bəyanatında üzərinə götürdüyü öhdəlikləri icra etmir. Ona görə də Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinə və erməni əhaliyə açıq şəkildə bəyan etdi ki, sizə verilən vədlərə ümid bəsləməyin, vədlərə arxayın olub revanşist addımlar atmaq sonda yenə sizin özünüzün faciəsi ilə nəticələnəcək, Azərbaycanın səbri tükənməz deyil və bir gün səbrimiz tükənəndə dəmir yumruq işə düşəcək. Ermənistana vəd verən ölkələrin, xarici qüvvələrin məqsədi odur ki, ermənilərin qırılması hesabına olsa da münaqişə davam etsin, sülh olmasın və beləliklə də onların bölgəyə təsir rıçaqları əllərindən çıxmasın. Ona görə də  ermənilərin vədlərə inanması böyük ağılsızlıq olacaq. Çünki Azərbaycanın imkanları, ordusunun gücü iki il bundan öncə ilə müqayisədə daha da genişlənib. Belə vəziyyətdə ermənilərin kənar qüvvələrə ümid bəsləyib sülh sazişi imzalamaqdan yayınmaları, təxribatlara getmələri, 10 noyabr bəyanatının tələblərini yerinə yetirməmələri onları yeni fəlakətlərlə üz-üzə qoyacaq. Prezidentin Şuşadan verdiyi bəyanat  erməniləri düzgün yola dəvət idi. Xəbərdarlıq mesajlarının səsləndirildiyi ünvan, mesajların hansı kontingentin iştirak etdiyi tədbirdə bəyan edilməsi də xüsusi diqqətə alınmalı amildir. İlham Əliyev ordu rəhbərliyinin, komandanların, güc strukturlarının rəhbərlərinin, generalların qarşısında bu bəyanatları sələndirməklə xəbərdarlıqlarından nəticə çıxarılmasının nə dərəcədə mütləq olduğunun da mesajını vermiş oldu”.

Tofiq Zülfüqarov — Vikipediya

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov qeyd etdi ki, Rusiya və digər bəzi xarici qüvvələr Qarabağda yeni təxribatlara hazırlaşır. Bunun əlamətləri artıq görünür. Ötən ayın sonunda Xankəndidə mitinq təşkil olunması, rus sülhməramlılarının texnikaları ilə yeni Laçın dəhlizi vasitəsilə Qarabağdakı separatçı ermənilərə silah daşınması, Prezident İlham Əliyevin bayram günü Şuşadakı çıxışından az sonra Xocavənd istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına aid nöqtədən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması və digər addımlar təxribatlara start verilməsidir: “Ermənistan və erməni əhali bilməlidir ki, bu cür təxribatların qurbanları yenə də adi insanlar olacaq. Bu təxribatlara ermənilər getməməlidir. Təxribatların qarşısının alınması üçün də Azərbaycanın dövlət başçısının xəbərdarlığı vacib idi. Prezidentin bir sıra fikirlərindən o da aydın oldu ki, təxribatların olacağından məlumatlıdır. Prezident Rusiya və Fransanın başqa koordinə olunan planlarının da olduğundan xəbərdardır. Havadarları Ermənistana silsilə şəkildə təxribatlar həyata keçirmək göstərişi verdilər ki, Azərbaycanla şərti sərhədlərə ruslar və beynəlxalq təşkilatların təmsilçilərindən ibarət müşahidəçi missiya gətirilsin. İndi isə bu cür təxribatların dalğası Qarabağa keçirilir. Xocavənd istiqamətində təxribat ilk addımdır. Məqsəd odur ki, Qarabağa da rus sülhməramlılardan başqa Fransanın aparıcı rol aldığı hansısa beynəlxalq qurumların xüsusi missiyası, kontingenti yerləşsin. Noyabrın 15-də Fransa Xankəndidə humanitar beynəlxalq missiyanın yerləşməsini tələb eləyən sənəd qəbul etməyə hazırlaşır. Rusiya ən azı Fransa ilə koordinasiya şəklində fəaliyyət göstərir. Rusiyanın istəyi odur ki, beynəlxalq mandatı olmayan rus sülhməramlılara bu yolla beynəlxalq format statusu almağa nail olsunlar. Çünki Rusiya özü də bilir ki, Qarabağdakı sülhməramlıları konkret sənədə görə konkret müddətə müvəqqəti Qarabağda yerləşiblər və əslində onların beynəlxalq sülhməramlı statusu yoxdur. Ona görə də Kreml Fransadan istifadə etməklə bu məsələni öz istəyi və planına uyğun şəkildə həll etməyə çalışır. Kreml bununla çalışır ki, sülhməramlıların müddətinin uzadılıb-uzadılımaması barədə qərar Azərbaycanda deyil, beynəlxalq qurumlarda qəbul olunsun. Ona görə də təxribatlar silsiləsi davam edəcək və beynəlxalq səviyyədə təbliğat yaradıb Azərbaycana qarşı addımların atılmasına nail olmağı planlayıblar. Azərbaycan Prezidentinin çıxışına diqqət etdikdə onun bu planlardan məlumatlı olduğunu və buna görə də öncədən xəbərdarlığını etdiyini görürük”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR