İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyev niyə məmnundur?

Prezident İlham Əliyev yola saldığımız həftəni işğaldan azad torpaqlarımızda keçirdi. Əvvəl Özbəkistan prezidenti ilə Füzulidəki açılışladan iştirak etdilər, oradan Şuşaya gəldilər. Sonra Kəlbəcərə, sonra Laçına...Bu səfərlərdə, açılışlarda ən çox diqqətçəkən Prezident Əliyevin məmnunluğu oldu. Bir çox yerlərdə gördüm o mənzərini, bəlkə də mən elə görmək istədim...

“İlham Əliyev niyə məmnundur”- əlbəttə, ritorik sualdır. Cavabı o yerlərə qayıdan həyatda, sevinən insanlarda axtarmaq lazımdır.

1693070278_e88f8e9f3e676f3f18d8464ae2e1d122.jpg (57 KB)

Qarabağda əhalinin məskunlaşdırılması üçün 7 əsas prinsip müəyyənləşdirilib. Təhlillər onu göstərir ki, Şərqi Zəngəzur iqtisadi rayonunda məskunlaşma üzrə göstəricilər daha yüksəkdir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında məskunlaşmanın daha tez və əhatəli başlaması isə daha mühümdür. Laçında məskunlaşmanın daha tez olması Prezident Əliyevin strateji planları sırasına daxildir. Şəhər günü ilə bağlı bayram tədbirindəki çıxışında bunu ötəri dedi, amma Laçında məskunlaşmanın tezləşdirilməsinin əhəmiyyəti bizim təsəvvür etdiyimizdən daha vacibdir.

Laçında həyat olmayanda ermənilər bu yolda özlərini çox sərbəst hiss edirdilər. Müharibədən sonrakı aylarda da bu rahatlıq davam etdi. Amma laçınlıların öz torpaqlarına qayıtması bu iqtisadi regonda vəziyyətə əhəmiyyətli təsiri olacaq. Laçında məskunlaşmanın getdikcə daha da əhatəli olması İlham Əliyevi məmnun edən məsələdir və yenə deyirəm, bu Prezidentin mühüm strateji planıdır. Məsələn, bögəni bilən biri kimi çox “xırda” nüansı deyim. Ermənilər davamlı “Laçın yolu” ilə gedib-gəlmək istəyirlər, amma Zabuxda, ətrafda azərbaycanlılar daha çox məskunlaşandan, yolda gediş-gəliş daha da intensivləşəndən sonra ermənilər yenə “ərköyünlük” edəcəklər? Bəzi məsələləri indilikdə açıqlamağa gərək yox, amma indi Laçına köç və məskunlaşma çox mühümdür.

c5995a3ed28937d15499f44001b82f9f_8630777.jpg (228 KB)

Düşmən(lər) isə barışa bilmir(lər)- işğaldan azad edilmiş torpaqların tez bir zamanda dirçəlməsi, oraya yaşlılarla bərabər yeniyetmələrin, uşaqların- yəni gələcəyin qayıtması erməniləri də, onun dəstəkçilərini də yandırır. İndi ancaq dilləri qalıb- hələ də yalan üyüdürlər, qətnamələr hazırlayırlar, amma bunların əbəs cəhdlər olduğunu günün birində mütləq anlayacaqlar.

Prezident Əliyevin məmnunluğunun daha bir səbəbini də hamımız fərqindəyik. Prezident Əliyev millətimizi başqa xalqların yanında Qarabağdan söz düşəndə yaşadığı utancdan birdəfəlik xilas edib. Azərbaycanlıların bir ovuc ermənin və onun güclü dəstəkçilərinin qarşısında acız olmadığını, əksinə torpağı üçün döyüşkənliyini, düşmən tankı üzərinə yürüdüyünü, qəhrəman oğullarını bütün dünya gördü. Gördülər ki, bu millət haqda bədxahlarının formalaşdırdığı bədgüman təsəvvürlər tam yalan imiş. İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı istənilən düşmənin ğözünü oymağa hazırdır. Dünənki də daxil, müharibədən sonrakı bütün çıxışlarında da əsas tezis budur: “Bu xalqın torpağına heç kim bir daha göz dikə bilməz...”

1693068797_ca068694c4d73770d6e6c7956e3560a1.jpg (132 KB)

Prezidentin üzündəki o məmnuniyyətin daha bir səbəbi də var. Azərbaycan bu müharibədə yüz illik “Böyük Ermənistan”, “ikinci erməni dövləti” kimi sərsəm xəyalları, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, erməni lobbisinin belini qırdı. Bizim 30 ilimizi yedilər, əvəzində isə 100 illik tarixi zərbə aldılar...

İlham Əliyev niyə məmnundur? Çünki əvvəl torpaqlarımızın azadlığını, sonra isə Qarabağı qurub-yaratmaq üçün əzəli torpaqlarımıza qayıdışı milli məsələyə çevirdi, ideologilaşdırdı. Şübhəsiz ki, bu ideoloji qələbə də onun əsəridir- indi isə əzəli torpaqlarına qayıdanlara baxır, qürurlanır, məmnun qalır, onlar kimi sevinir. Dünyada az-az dövlət başçısına, ordu rəhbərinə qismət olan taledir...

1693064208_42f94bd02c5656ef92ff27dbb271c762.jpg (160 KB)

İlham Əliyev yenə də dünyada separatizmi maliyyələşdirən, dəstəkləyən güclərə qarşı mübarizənin ön cəbhəsindədir. Bu, ərazisi basılmış, əhalisi qaçqın düşmüş bütün dövlətlərə işğalla barışmamağa çağırışıdır. Prezidentə və Azərbaycana qarşı davam edən ədalətsiz təzyiqlərin bir səbəbi budur...

27 sentyabrda başlayıb 8 noyabrda Zəfərlə yekunlaşan tarixin üç qəhrəmanı var: şəhidlər, onların anaları və Ali Baş Komandan... Onu müharibə günləri çıxışlarında qəzəbli çox gördük, amma bir dəfə də ümidsiz görmədik. Əliyev qətiləşdirmişdi ki, düşmənlə bir masada oturmağın daha mənası yoxdur. Laçındakı son çıxışında da bunu yada saldı. Prezidentin müharibədən az əvvəlki çıxışlarını tapıb oxuyun. O, barışmaz və sərt mövqeyini az qala hər gün ortaya qoyurdu. Bu, sadəcə emosiya deyildi, əsgərlərin ayaq səsləri, tankların-topların gurultusu, xəbərdarlıq idi. Biriləri anlamadılar...

1693064108_89d7d6f4f0bf185003715e24ca9398b2.jpg (203 KB)

Bir dəfə də yazmışam: İlham Əliyev ona görə ölkədə, regionda bir daha genişmiqyaslı müharibə istəmir ki, çünki bu ordunun generalı da, zabiti də, əsgəri də bizim insandır, bizim qandır, bizim xalqın oğludur.

Ermənilər də, onlara “hava vuranlar”da yanlış yoldadırlar. Guya Rusiyanın boyunduruğu altından qaçıb indi özlərinə Amerika, Fransa, İran, Hindistanda dostlar axtarırlar. Regiondan indi bütün pis oyunlar Ermənistan üzərindən gedir. Ermənistan indi həm də namərd körpüsüdür, bütün pisliklər oradan keçirlər.

Prezident Əliyev vətənin bir parçası olan Həkəri körpüsündən keçəndə də qururlu və məmnun idi...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR