Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev mayın 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun çıxışında bir sıra mühüm açıqlamalar verib, ismarışlar ötürüb.
O qeyd edib ki, sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır: “Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, - deyə dövlətimizin başçısı bildirib.
Politoloq İlyas Hüseynov Musavat.com-a mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib ki, forum artıq altıncı ildir ki, Azərbaycanda keçirilir, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların dialoqu Azərbaycanda təşviq olunur: “Azərbaycan tolerant, əsrlərlə multikulturalizm ənənələri olan ölkə kimi örnəkdir. Digər tərəfdən Prezident çıxışı zamanı mühüm məsələlərə toxundu və bölgədəki sülh, təhlükəsizlik və sabitliklə bağlı yanaşmalarını təqdim etdi. Artıq sərhədlərin delimitasiyası prosesi başlanıb. Bu, böyük bir irəliləyiş deməkdir. Sərhəd dirəkləri quraşdırılır, ordunun gələcəkdə oradan çəkilməsi və sərhəd qoşunlarının regiona həvalə edilməsi baş tutacaq. Bütün bunlar yeni geosiyasi reallıqlarda baş verir. Bizim üçün də mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, digər geosiyasi oyunçular vasitəçilik təşəbbüslərini irəli sürməklə öz maraqlarını güdürlər. Biz əgər vasitəçilər olmadan razılığa gələ bilmişiksə, bu prosesi daha da inkişaf etdirmək və sülh müqaviləsini imzalamaqla dayanıqlı təhlükəsizlik mühitinə nail olmaq əzmindəyik. Eyni zamanda ATƏT-in Minsk qrupu kimi çox acı, xoşagəlməz bir təcrübəmiz olduğu üçün biz vasitəçilərin hansı məqsədlər naminə Cənubi Qafqaza yaxınlaşdığını görmüşük. Ona görə də bölgəmizdə bu gün sülhü və normallaşmanı, dövlətlərarası münasibətləri Bakı və İrəvan formalaşdıra bilər. Burada kənar vasitəçilərə də ehtiyac yoxdur. Artıq kəndlərin məsələsinin birinci mərhələdə öz həllini tapması çox yaxşı bir baza formalaşdırır ki, vasitəçilər olmadan əldə etdiyimiz nailiyyətlərin sayını çoxaldaq. Ümid edirəm ki, bu proses davam edəcək. Kənar oyunçular isə yalnız Bakı və İrəvan arasında dialoqu dəstəkləmək məcburiyyətində qalacaq, bu razılıqları qəbul edəcəklər”.
Movzu ilə bağlı Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov da Musavat.com-a fikirlərini açıqladı:
“Prezident tamamilə doğru şəkildə bildirir ki, sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma əsasında əldə oluna bilər və kənar müdaxilələrdə hər kəsin öz marağı bölgədə vəziyyəti sabitləşdirmir. Əksinə, bölgədə vəziyyəti daha da qəlizləşdirir. Ona görə Bakı və İrəvan birbaşa görüşlər keçirməli, bununla da pis -yaxşı halda öz fikirlərini bir-birlərinə çatdırmalıdırlar. Bu, daha yaxşıdır, nəinki üçüncü dövlət öz ambisiyalarını, maraqlarını ortaya qoysun. Hazırda delimitasiya, demarkasiya prosesinin başlanılması, Ermənistan hakimiyyətinin 4 kəndlə bağlı verdiyi qərar onu göstərir ki, bu il ərzində biz daha da yaxşı xəbərləri normativ prosedurlarda görə bilərik. Ermənistan hakimiyyəti bir sıra çağırışlarla üz-üzədir. Delimitasiya-demarkasiya işləri gedir. Amma eyni zamanda sülh müqaviləsinin mətni, bütün bunlardan da əvvəl Ermənistan konstitusiyasında, gerbində də dəyişikliklərə getməlidir. Bunun yay aylarında baş verməsi daha yaxşı olar. İyulda, avqustda Ermənistan hakimiyyəti yaxşı olardı ki, konstitusiya dəyişikliyinə getsin. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlər məhz bundan asılıdır. Ermənistan xalqı özü cavab verməlidir ki, nəyi, necə istəyir”.
Afaq Mirayiq,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ