İnsanlara hürriyət, millətlərə istiqlal!

Praqada yada düşən Almatı bəyanatı: “alma almaya” niyə bənzəmir?

Ermənistanda Almatı bəyannaməsinə verilən ikibaşlı izah sonra ona gətirib çıxara bilər ki, Paşinyandan sonrakı baş nazir...

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüşdən sonra verilmiş bəyanatda “Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı bəyannaməsinə sadiqliklərini təsdiq etdilər” cümləsi yer alıb.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü məhz Almatı bəyannaməsi əsasında tanınması (ehtimal edilir ki, bu istinad məhz Paşinyanın israrı nəticəsində bəyanatda əks olunub) ekspertlərdə mübahisələr yaradıb. Məlumdur ki, 1991-ci ilin 21 dekabrında MDB məhz Almatı bəyannaməsi əsasında formalaşıb. O dövrdə Azərbaycan Prezidenti olan mərhum Ayaz Mütəllibov sənədi imzalayıb. Almatı bəyannaməsində həmçinin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Amma gərgin siyasi dövrə təsadüf edən Almatı sammitini ovaxtkı müxalifət dövlətçiliyə xəyanət kimi qiymətləndirdi və bu səbəbdən sənəd yalnız 1993-cü ilin 20 sentyabrında parlamentdə ratifikasiya edildi.


Məsələn, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Pressklub.az-a açıqlamasında rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü “Almatı bəyannaməsi əsasında tanımasının real hüquqi mahiyyət daşımadığını bildirib: "Doğrusu, mən böyük təəccüb içindəyəm. Çünki Praqa görüşlərinin yekunu olaraq təqdim edilən bəyanatın heç bir hüquqi əsası yoxdur. Bu isə tarixi faktlarla bağlıdır. Belə ki, 1 dekabr 1989-cu ildə Ermənistanın Ali Soveti və Dağlıq Qarabağın vilayət sovetinin tərkibində birgə iclas keçirilib. Burada Ermənistan Respublikası elan edilib. Və sonra, 1991-ci ilin sentyabrında rəsmi İrəvan öz müstəqilliyini elan edib. Yəni müstəqillik aktı qəbul edilərkən, 1989-cu ildəki sənədə istinad edilib. Bununla da rəsmi İrəvan birmənalı şəkildə göstərib ki, keçmiş Dağlıq Qarabağ regionu onun tərkib hissəsidir. Eyni mövqe əsasında Ermənistan BMT-nin üzvü olub və Almatı bəyannaməsinə qol çəkib. Təbii ki, Azərbaycan da BMT-yə üzv olarkən və Almatı bəyannaməsinə qol çəkərkən Dağlıq Qarabağı öz tərkibində hesab edib. Qısası, hər iki prosesdə tərəflər Qarabağ məsələsində ciddi fikir ayrılığında olub. Ona görə də indiki Praqa bəyanatında bu sənədlərə istinad edilməsi ilə o dövrə aid fikir ayrılığı bir daha təsdiq olunub. Yəni beynəlxalq hüquq baxımından, hələ də Ermənistan tam olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Praqadakı bəyannamə hüquqi baxımdan əsassızdır. Ona görə də mən sülh naminə bir irəliləyiş görmürəm".


Almatı bəyanatına istinad nə dərəcədə hüquqidir? Ermənistan baş nazirinin bu israrına səbəb nədir?

hikmet.jpg (238 KB)

Hikmət Babaoğlu 


YAP-çı deputat Hikmət Babaoğlu çox vacib məqama diqqət çəkdi: “Oktyabr ayının 6-da Praqada imzalanan bəyanatda beynəlxalq hüququn iki mühüm prinsipinə istinad edilir. Bunlardan biri Ermənistan və Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, digəri isə suverenliyini tanımasıdır. Əgər ərazi bütövlüyü dövlət sərhədlərinin tanınmasıdırsa, suverenlik bu sərhədlər içərisində həmin dövlətin ali hüquqlarının tanınmasıdır. Ona görə də Praqa bəyanatına görə, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və orada yaşayan ermənilərlə Azərbaycan dövlətinin münasibətlərini Azərbaycanın daxili işi hesab edir. Əslində Paşinyan bir neçə dəfə bəyan etmişdi ki, Ermənistan və Azərbaycan MDB-yə daxil olarkən bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Nədənsə o vaxt bu məsələ ictimai müzakirə və mübahisələrə səbəb olmadı. Yalnız Praqa bəyanatından sonra bu məsələ ətrafında fikir ayrılıqları yaradıldı. Əslində nəyin necə olmasının dəqiqləşirilməsi üçün bu çox faydalıdır və ümumi siyasi maariflənməyə xidmət edir. Məsələnin kökü belədir ki, 1991-ci ildə o dövrün prezidenti Ayaz Mütəllibov Alma-Ata sazişinə imza atarkən müxalifət Azərbaycanın MDB-yə daxil olmasına etiraz edirdi. Səbəb kimi isə MDB-nin yeni SSRİ olacağını və yenidən Azərbaycanın öz müstəqilliyini itirə biləcəyini göstərirdi. O zaman ərazi bütövlüyümüzlə bağlı hər hansı şübhənin səbəb kimi göstərilməsini mən xatırlamıram. Çünki buna bir səbəb yox idi. Ona görə ki, Ermənistan Ali Sovetinin məlum qərarı SSRİ Ali Soveti tərəfindən etibarsız sayılaraq millətlərarası münaqişəni qızışdıran faktor kimi pislənmişdi. SSRİ Ali Sovetinin qərarı müttəfiq respublikaların qərarları üzərində imperativ olduğu üçün Ermənistanda qəbul edilmiş qərar öz qüvvəsini itirmiş hesab edilmişdi. Bundan sonra isə müstəqillik dövründə Ermənistan başqa heç bir qərar qəbul etməyi, 30 il davam edən danışıqlarda da "Dağlıq Qarabağ"a mümkün status məsələsini fəal müzakirə edib. Əgər Ermənistan Dağlıq Qarabağı öz ərazisi hesab edirdisə və bunu BMT-də belə qəbul edirdisə, onda nəyə görə ATƏT-in Minsk Qrupu vasitəsilə aparılan danışıqlarda Qarabağa Azərbaycanın status verməsi müzakirə edilirdi. Üstəlik, 1993-cü ildə BMT TŞ-nin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün 4 qətnaməsi var idi. Göründüyü kimi, bu arqumentlər səsləndirilən fikirləri təkzib edir. Hazırda aktual məsələ odur ki, nə 1991-ci ildə BMT-yə üzv qəbul olunarkən, nə də sovet dövründə konkret xəritə üzərində iki ölkənin sərhədləri dəqiqləşdirilməyib, yəni delimitasiya olunmayıb. Ona görə də indi məsələ ərazi bütövlüyü prinsipini təsdiq edən sərhədlərin tanınmasının hansı xəritə üzərində əsas kimi götürülməsidir ki, burada da müxtəlif fikir ayrılıqları var. Ancaq bütün hallarda artıq delimitasiya üçün işçi qrupu yaradılıb və onlar işə başlamalıdırlar".

Bakupost.az - "Azərbaycan düyməyə basıb, geriyə yol yoxdur" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Paşinyan hər dəfə bildirir ki, ”Ermənistan Almatı bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyıb". Ancaq həmin bəyanatı imzalanandan sonra dərhal pozan elə Ermənistan olub. Ermənistan həmin illərdə guya ərazi bütövlüyünü tanıdığı Azərbaycanın ərazisinə silah və muzdlular göndərib və Qarabağdakı separatçıları silahlandırıb. Bundan başqa, Ermənistan ordusu Paşinyanın istinad etdiyi Almatı bəyannaməsinə zidd olaraq Azərbaycan ərazisinə daxil olaraq torpaqlarımızı işğal edib. Ermənistan keçmiş Dağlıq Qarabağla yanaşı ətraf rayonları da işğal edib. İşğal 27 il uzandı və bu müddətdə rəsmi İrəvan Almatı bəyannaməsini xatırlamadı. Çünki bu sənəd işğalçı dövlətin maraqlarına uyğun deyildi. Azərbaycan Ordusu 2020-ci ildə torpaqları işğaldan azad etdikdən sonra Paşinyanın yadına Almatı bəyannaməsi düşdü. 27 il Almatı bəyannaməsini yerinə yetirməyən Ermənistan hakimiyyəti indi ağır vəziyyətdə olduğundan 1991-ci il bəyannaməsinə qayıtmaq istəyir. Məsələ burasındadır ki, Ermənistanın o zamankı hakimiyyəti 1991-ci ildə sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən keçmiş Dağlıq Qarabağı mötərizə içərisində saxlayıb. Nikol Paşinyanın Almatı bəyannaməsini tanımasına baxmayaraq, ona müxalifət olanlar, o cümlədən Qarabağ separatçıları köhnə iddialarını təkrarlayıblar: “SSRİ dağılanda Dağlıq Qarabağ artıq müstəqilliyini elan etmiş və Azərbaycandan ayrılmışdı”. Bununla onlar demək istəyirlər ki, Almatı bəyannaməsinin keçmiş Dağlıq Qarabağa aidiyyəti yoxdur. Biz bu məsələyə Nikol Paşinyandan izahat tələb etməliyik. Çünki Ermənistanda Almatı bəyannaməsinə verilən ikibaşlı izah sonra ona gətirib çıxara bilər ki, Paşinyandan sonrakı baş nazir Azərbaycanın ərazi bütövlüyünü keçmiş Dağlıq Qarabağa aidiyyəti olmadığını vurğulaya bilər. Azərbaycanın mövqeyi bəllidir: Almatı bəyannaməsi keçmiş Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın bütün ərazisini ehtiva edir. Paşinyan özü şəxsən Praqada Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa razılaşıb. İndi bu razılaşmanı hüquqi sənədə çevirmək lazımdır. Bunun üçün isə sülh sazişi imzalanmalıdır. Digər tərəfdən, Praqada qəbul olunan bəyannamədə cümlənin birinci hissəsi belədir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə istinad edərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”. Yəni Paşinyan və ya ondan sonra Ermənistanda hakimiyyətə gələn Almatı bəyannaməsini ikibaşlı şərhini verməyə çalışsa, ona Ermənistan baş nazirinin BMT Nizamnaməsinə istinadı xatırlatmaq lazım gələcək. Bundan isə imtina edə bilməyəcəklər. Bütün ölkələr, o cümlədən ermənilərə simpatiyası olan Rusiya, İran, ABŞ və Fransa Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır, İkinci Qarabağ savaşında ağır məğlubiyyətlə üzləşən Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa alternativi qalmayıb, əksi yeni müharibə deməkdir ki, nəticə ermənilərə bəllidir".

Paşinyan Sərkisyana yaşatdığı taleyi özü də yaşaya bilər - etirazlar  alovlanır

Şəhla Cəlilzadə


Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə bildirdi ki, SSRİ-nin dağılma dövründə gələcəyin siyasi-coğrafi xəritəsini müəyyən edəcək bir sıra sənədlər ortaya çıxdı: “Bu sənədlərdən ən önəmliləri SSRİ-nin dağılmasını elan edən, Rusiya, Belarus və Ukrayna tərəfindən 8 dekabr 1991-ci il tarixində imzalanan Belojevsk razılaşması, digəri isə bütün keçmiş ittifaq dövlətləri tərəfindən 21 dekabr 1991-ci il tarixində qəbul edilmiş, SSRİ-yə əvəz olaraq Müstəqil Dövlətlər Birliyi adlı beynəlxalq təşkilatın yaranmasını elan edən Almatı bəyannaməsi idi. Bu bəyannamədən 4 gün sonra isə (25 dekabr 1991-ci il tarixində) SSRİ-nin dövlət bayrağı endirildi və 70 illik imperiyanın varlığı tarixə qovuşdu. Almatı bəyannaməsinin preambula hissəsində dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət ifadə olunur. Sənədə Azərbaycan tərəfindən Ayaz Mütəllibov, Ermənistan tərəfindən Levon Ter-Petrosyan imza atmaqla, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü də tanımış olur.
Almatı bəyannaməsinin imzalanma mərasimində iştirak edən Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan bugünlərdə açıqlama verib ki, Azərbaycan bəyannaməni imzalayarkən artıq Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) öz “müstəqilliyini” elan etmiş, Azərbaycanın tərkibindən çıxdığını elan etmişdi. Beləliklə, guya Qarabağın taleyi artıq bəyannamə imzalanarkən beynəlxalq müstəvidə də qeyri-müəyyən idi. Lakin bu tamamilə səhv, yanlış yanaşma, olduqca zərərli tezisdir. Bu tezisin bizim keçmiş yüksək rəsmi şəxslərimiz və indiki ekspertlərimiz tərəfindən səsləndirilməsi ölkəmizin maraqlarına tamamilə ziddir və qəbuledilməzdir. Praqa görüşündə qəbul edilən sənəddə Almatı bəyannaməsinə istinad edilməsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dair heç bir narahatlıq doğurmur, əksinə, Ermənistan bir daha ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR