İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovniklə general dustaq maşınında yumruqlaşdı -Məhkum MTN zabitləri arasında insident

Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əlbəyaxa olması, bir-birilərinin sifət nahiyələrinə xəsarət yetirmələri haqda da iddialar var

Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev və digərlərinin apelyasiya şikayəti üzrə yanvarın 9-na təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Məhkəmədən bildirilib ki, təxirə salınma yollardakı vəziyyətlə əlaqədardır, Bakı İstintaq Təcridxanasından müttəhimlərin Bakı Apelyasiya Məhkəməsinə gətirilməsi mümkün olmayıb. Zərərçəkənlər isə “Yeni Müsavat”ın əməkdaşına bildiriblər ki, Bakı İstintaq Təcridxanasından Bakı Apelyasiya Məhkəməsinə bir neçə etap maşını gəlib və məhkəmədə baxılan digər işlər üzrə müttəhimləri gətirib.

Onlar təxirə salınmanın ilginc bir səbəbini də açıqlayıblar. Bildiriblər ki, sonuncu prosesdə Mövlam Şıxəliyevlə Yasin Məmmədov arasında yaşanan gərginlik məhkəmədən sonra da davam edib. Bakı Apelyasiya Məhkəməsindən Bakı İstintaq Təcridxanasına aparılarkən etap maşınında tərəflər arasında söz atışması olub. Yasin Məmmədov Mövlam Şıxəliyevi onu və digər iki müttəhimi çətin duruma salmaqda, yaxasını kənara çəkməkdə ittiham edib. Tərəflərin hətta əlbəyaxa olması, bir-birilərinin sifət nahiyələrinə xəsarət yetirmələri haqda da iddialar var. Tərəflərin məhkəməyə gətirilməməsinin səbəbi kimi onların arasındakı dava zamanı sifətlərində yaranan xəsarət izlərinin qalması göstərilir. Əlbəyaxa zamanı Mövlam Şıxəliyevin daha çox xəsarət aldığı da qeyd olunur.

Yada salaq ki, dekabrın 26-da keçirilən məhkəmə prosesində Yasin Məmmədov Mövlam Şıxəliyevin barəsində kəskin ittihamlar səsləndirib, onun müavini olmuş Təhsin Ağayevi alçaq adlandırıb.

MTN polkovniki Yasin Məmmədovun əmlakları müsadirə olunub

Yasin Məmmədovun məhkəmədəki çıxışından sitat:

- Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona nifrət edirəm. Onun mənə hörməti olmayıb, mənim ona vəzifəsinə görə hörmətim olub. Təhsin Ağayev alçaq idarə rəisi olub, baş idarənin rəis müavini olub. O, mənə qarşı düşmənçilik edib, mübarizə aparıb. Mən də bunlarla mübarizə aparmışam, dövlətin mənafeyinə xidmət etmişəm. Bu gün bu adamla məni necə birləşdirib birgə pul alıb-verilməsində ittiham etmək olar? Bu harada yazılıb, hansı qanunda var? Həyatım boyu bununla münasibətlərim gərgin olub. Bütün respublika bilir ki, bununla mənim münasibətlərim gərgin olub. Həyatımı məhv edib. Rütbə almağa qoymayıb, ev almağa qoymayıb...

Həmin gün məhkəmə zalında Yasin Məmmədovun ittihamlarına Mövlam Şıxəliyev qəzəbli şəkildə reaksiya verib:

- Mən bununla necə işbirliyində olub rüşvət almışam?

ŞƏRƏFSİZ, SƏNƏ NƏ ETMİŞDİM Kİ...” - Generalla zərərçəkənlər məhkəmədə  dalaşdı » Qlobal.Az

Zərərçəkən Hüseyn Səfərov isə hakimi müttəhimlərin gərgin münasibətlərini nəzərə alaraq Yasin Məmmədovu məhkəmə zalında ayrıca əyləşməsini təmin etməyə çağırmışdı:

- Deyir ki, Mövlam Şıxəliyevlə düşmən mövqeyindəyik. Bu gün ikisini bir yerə salmısız.  Onlar bir-birini vurub öldürə bilərlər. Xahiş edirəm ki, Yasin Məmmədovun qəfəsdən çıxarılıb zalda oturmasını təmin edin. Qoy gəlib otursun yanımızda, sözünü desin.

Xatırladaq ki, Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayiəti ilə məhkəmə zalına  gətirilən məhkum olunmuş şəxslərin qoluna qandal vurulmur.

Məhkəmə prosesi yanvarın 23-də davam etdiriləcək.

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə - keçmiş şöbə rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevdən başqa digər 3 nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Məhkəmə həmçinin Mövlam Şıxəliyevin general-mayor, digərlərinin polkovnik rütbəsi və bir sıra başqa təltiflərinin alınmasına qərar verib. Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir. Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, çünki istintaqa prosessual nəzarət orqanı var - prokurorluq. Mövlam Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır. Onlar bildirib ki, əgər ortada kiminsə qanunsuz həbs olunması varsa, buna görə prokurorluq, həbs-qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır. Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR