İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnik rütbəli cəllad – o, Kreml məmurları üçün də böyük təhlükəyə çevrilib  

 

O, ilk baxışdan sadə, səmimi, mehriban bir insan təəssüratı yaradıb. Onun nələrə qadir olduğunu isə yalnız ölkənin birinci şəxsləri biliblər. Qriqori Mayranovski bir həkim olaraq öz köməkliyini heç kimdən əsirgəməyib. Ancaq zaman onu da dəyişib, mövcud dövrün sərt rejimi Mayranovskinin də fəaliyyət istiqamətini başqa bir səmtə yönəldib, ağ xalatlı xilaskar sözün əsl mənasında cəllada çevrilib...

1937-ci ildə “NKVD”-nin komissarı Nikolay Yejov rəhbərlik etdiyi qurumda xüsusi laboratoriyanın yaradılması ilə bağlı əmr imzalayanda artıq SSRİ-də kifayət qədər tanınan Qriqori Mayranovskini yanına dəvət edərək yeni yaradılmış laboratoriyaya rəhbərliyi ona həvalə edib.

Qeyd edək ki, 1899-cu ildə Batumidə anadan olan Mayranovski Tiflisdə və Moskvada ali tibb təhsili alıb.  Ali təhsilini başa vurduqdan sonra o, Moskvanın ayrı-ayrı səhiyyə müəssisələrində çalışıb, 1935-1937-ci illərdə isə Ümumittifaq Eksperemental Tibb İnstitutunda xüsusi toksikologiya laboratoriyasına rəhbərlik edib ki, adıçəkilən laboratoriyanın fəaliyyəti məxfi saxlanılıb.

Yuxarıda qeyd etdiyimiz ki, 1937-ci ildə Mayranovski “NKVD”-də yaradılan xüsusi laboratoriyaya rəis təyin olunub, polkovnik rütbəsi daşıyıb. O, bununla yanaşı elmi fəaliyyətində ciddi dönüşlər edib, toksikologiya üzrə əvvəlcə namizədlik, sonra isə doktorluq işi müdafiə edib. Onun doktorluq dissertasiyası dünya toksikoloqları tərəfindən böyük maraqla qarşılanıb.

Майрановский_Григорий_Моисеевич.jpg (54 KB)

“NKVD”-nin xüsusi laboratoriyasının qarşısına qoyulan əsas vəzifələrdən biri də insan ölümünə səbəb olacaq zəhərli maddələrin hazırlanması olub. Mayranovski öz işinin öhdəsindən peşəkarlıqla gəlib və zaman-zaman xüsusi laboratoriyanı “ölüm laboratoriyası”na çevirib. Onun bu laboratoriyadakı kəşfləri həbsxana və düşərgələrdə on minlərlə insanın həyatına son qoyub.

Həkim-toksikoloq ayrı-ayrı şəxslər üçün isə xüsusi zəhərli maddələr hazırlayıb. İosif Stalinin siyasətinə daxildə və xaricdə müxalif çıxanlara bu maddələr tətbiq olunub. Onların kimliyi haqqında məlumatlar olsa da təfərrüatları hələ də “məxfi” qrifli qovluqlarda sirr kimi saxlanılır.

Mayranovskinin hazırladığı zəhərli maddələr ona görə “dəyərli” sayılıb ki, onları hansısa bir şəxsə tətbiq edəndə qəfil ölümlə deyil, tədrici və təbii ölümlə nəticələnib. Mütəxəssislər ölümün səbəbini araşdırarkən heç bir şübhəli motiv tapmayıblar.

Mayranovski “NKVD” laboratoriyasında işə başlayarkən təkcə iki il ərzində zəhərli maddələri 1500 nəfər məhkumun üzərində sanaq keçirərək onların həyatına son qoyub.

“Ölüm laboratoriyası”nın əməkdaşları “NKVD”-nin digər əməkdaşlarından “zərərli iş”ə görə daha çox əmək haqqı alıblar. Ancaq arada olan pul fərqi onların köməyinə çatmayıb. Kəşfləri ilə on minlərlə insanın ölümünə səbəb olan laboratoriya əməkdaşlarının çoxları gördükləri işin “uğurlu” nəticələrinə tab gətirməyiblər. Bəziləri aradan çıxmağa müvəffəq olub, bəzilərini vaxtsız ölüm haqlayıb, digərləri narazılıqlarına görə həbs olunub, kimlərisə psixiatriya xəstəxanalarına yerləşdiriblər. Hətta laboratoriyanın iki əməkdaşı, Şiqalyov və Şeqlov çıxış yolunu intiharda görüblər.

Grigorij-Majranovskij.jpg (76 KB)

Mayranovski həmkarlarından daha iradəli olsa da sonda  o da kəşflərinin güdazına gedib. 1951-ci ildə laboratoriya rəisi gözlənilmədən həbs olunub. Onu işə məsuliyyətsizlikdə və qanunsuz olaraq kimyəvi maddələr saxlamaqda ittiham ediblər.

Sözsüz ki, bu ittihamlar formal xarakter daşıyıb. Həbsin isə tamam başqa motivləri olub. Mayranovski zəhərləmə vasitəsi ilə “NKVD”-nin keçirdiyi bütün əməliyyatlardan, o cümlədən İosif Stalinin göstərişi ilə zəhərli maddələrdən istifadə edərək aradan götürülən adamlardan xəbərdar olub. Yuxarılar belə qənaətə gəliblər ki, bu “çoxbilmiş” adam onlara problem yarada bilər.

Polkovnikin həbsi ilə bağlı Beriya Stalindən razılıq istəyəndə sovet liderinin məsələyə münasibəti ”müsbət” olub:

“Mayranovski öz sahəsinin bilicisidir, bacarıqlı mütəxəssisdir. Amma artıq onun da istismar müddəti bitib. O, öz kəşfləri ilə bizi də aradan götürməyə qadirdir. Həbs edin...”

Polkovnikin həbsinin daha bir səbəbi isə “NKVD”-nin son üç dəfə apardığı əməliyyatlarda onun “məhsul”larının özünü doğrultmaması olub. Belə ki, zəhərli maddələr öz təsirini göstərməyərək əməliyyatı lazımınca həyata keçirməyə imkan verməyib. Bəzi versiyalara görə Mayranovski bunu qəsdən edib.

Bir il davam edən məhkəmə prosesində polkovnik özünü müdafiə edə bilməyib və o, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həyatının 10 ilini günə-gün həbsxanalarda keçirən Mayranovski 1962-ci ildə azadlığa çıxaraq Moskvada öz ixtisası üzrə fəaliyyətə başlamaq istəyəndə ona növbəti problemləri yaşadıblar.

QvUYlU5.jpg (51 KB)

“Ölüm həkimi”nin fəaliyyətə başlaması ilə bağlı həmin dövrdə hakimiyyətdə olan Nikita Xruşşova məruzə edilib. Hələ müharibə illərindən Mayranovskinin fəaliyyətinə yaxından bələd olan Nikita Xruşşov münasibətini əsəbi və qəti şəkildə bildirib:

“Mən bu cəlladı yaxşı tanıyıram, onu Moskvaya, Leninqrada və müttəfiq respublikaların paytaxtlarına buraxmaq olmaz, əks halda o, yenə də insanları zəhərləyərək cəhənnəmə göndərəcək...”

Cəllad həkim uzun-uzadı məkan axtarışından sonra  Mahaçqalada məskunlaşıb. O, bu şəhərdəki Biokimya İnstitutunda müqavilə əsasında işə qəbul olunub. Uzun illər “NKVD” kimi bir qurumda xüsusi güzəşt və imtiyazlara sahib olan Mayranovski üçün Mahaçqala həyatı cansıxıcı görünüb və o, bu həyata tab gətirməyərək 1964-cü ildə qəfil ürəktutmadan vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR