İnsanlara hürriyət, millətlərə istiqlal!

“Plastik əməliyyat etdirənlərin çoxu psixi xəstədir” iddiası

Bu psixi pozuntudan əziyyət çəkənlər vaxtının çoxunu öz bədən üzvlərini nəzərdən keçirməyə sərf edir, daim özlərində qüsur görür və onları düzəltməyə çalışırlar

Estetik əməliyyat etdirənlərin sayı gün keçdikcə artır. Kimi sağlamlığına  qovuşmaq, kimi isə gözəl görünmək, komplekslərdən xilas olmaq üçün bu yola əl atır. Estetik əməliyyatların ondan çox növü vardır. Bunlara müxtəlif dodaq əməliyyatları, saç köçürülməsi, alın dartılması, göz qapaqları şəklinin dəyişməsi (blepharoplasty), üz dartılması (face-lift, rhytidectomy), xarici qulaq şəklinin dəyişməsi (otoplasty), burun şəklinin dəyişməsi (rhinoplasty), süd vəzisi kiçildilməsi, böyüdülməsi, dartılması, istənməyən piylərin çıxardılması (liposuction) , üz qırışlarına botoks, ayaq şəklinin dəyişməsi və s. aiddir.

Ölkəmizdə xanımlar daha çox burun, qaş qaldırma, dodaq böyütmə, üz botoksu kimi əməliyyatlara üz tuturlar. Son illər yalnız xanımlar deyil, hətta kişilər də estetik cərrahiyyəyə müraciət edirlər. Onlar daha çox burun formalarının dəyişdirilməsi, göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsi kimi proseduralara üz tuturlar.

Beynəlxalq Estetik Cərrahlar Birliyi tərəfindən aparılan araşdırma nəticəsində  məlum olub ki, dünyada ən çox cənubi koreyalılar gözəl görünmək naminə bıçaq altına yatırlar. Onlar ən çox gözqaldırma əməliyyatı üçün müraciət edirlər. Bu ölkədə hər min nəfərə 20 əməliyyat düşüb. İkincilik Braziliyada, üçüncülük isə Yaponiyadadır.

Asiya ölkələri  ən çox burun əməliyyatı üçün müraciət edirlər. Çin, Yaponiya, Cənubi Koreya gözqaldırma, Asiya ölkələri burun əməliyyatları, Amerika, Meksika və Avropa ölkələrində ən çox sinə əməliyyatları keçirirlər. ABŞ-da Kaliforniya Universitetinin alimləri plastik əməliyyatların beyinə üzərində təsirini araşdırıblar. Məlum olub ki, plastik əməliyyatlar beyin qocalmasını sürətləndirir.

Qeyd etmək yerinə düşər ki, bəzi estetik prosedurlar var ki, onları yalnız bir dəfə deyil, altı aydan, bir ildən bir təkrar olunmalıdır. Həkimlər bildirirlər ki, bəzən pasiyentlər bir dəfə ilə kifayətlənirlər, buna görə də sonradan əməliyyat effekt vermir və depressiyaya düşürlər. Əməliyyat edənlər isə bildirirlər ki, qiymətlər çox baha olduğuna görə təkrar müraciət edə bilmirlər. Qiymətlərə nəzər saldıqda isə görürük ki, prosedurlar olduqca bahadır və bu qiymətlər hər kilinikaya, həkimə görə dəyişir. Misal üçün, özəl klinikaların birindən əldə etdiyimiz məlumata görə, qaş qaldırma - 500-600 manat, mezoterapiyalar 250 manatdan başlayır, 350 manata qədər davam edir. Burun əməliyyatları əksər klinikalarda  3500 manatdan başlayır. Dodaq, yanaq, çənə dolğusu (təbii gel) 180-350 manat arasında dəyişir. 

Psixiatr Aydan Cabbarova: Bir çox psixi pozuntular vaxtında aşkaredilmə və  düzgün müalicə ilə aradan qaldırılır - AZƏRTAC

Aydan Cabbarova

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Aydan Cabbarovanın sözlərinə görə, tez-tez müşahidə edilən psixi pozuntulardan biri də bədən dismorfik pozuntudur: “Bu psixi pozuntudan əziyyət çəkənlər vaxtının çoxunu öz bədən üzvlərini nəzərdən keçirməyə sərf edir, daim özlərində qüsur görür və onları düzəltməyə çalışırlar. Bu səbəbdən də ilkin olaraq belə şəxslər plastik cərrah və kosmetoloqlara müraciət edirlər. Lakin əsas xəstəlik psixi pozuntu olaraq qalır və xüsusi müalicə tələb edir”.

Qeyd etmək yerinə düşər ki, bəzi estetik prosedurlar var ki, onları yalnız bir dəfə deyil, altı aydan, bir ildən bir təkrar olunmalıdır. Həkimlər bildirirlər ki, bəzən pasiyentlər bir dəfə ilə kifayətlənirlər, buna görə də sonradan əməliyyat effekt vermir və depressiyaya düşürlər. Əməliyyat edənlər isə bildirirlər ki, qiymətlər çox baha olduğuna görə təkrar müraciət edə bilmirlər. Qiymətlərə nəzər saldıqda isə görürük ki, prosedurlar olduqca bahadır və bu qiymətlər hər kilinikaya, həkimə görə dəyişir. Misal üçün, özəl klinikaların birindən əldə etdiyimiz məlumata görə, qaş qaldırma - 500-600 manat, mezoterapiyalar 250 manatdan başlayır, 350 manata qədər davam edir. Burun əməliyyatları əksər klinikalarda  3500 manatdan başlayır. Dodaq, yanaq, çənə dolğusu (təbii gel) 180-350 manat arasında dəyişir. 

ELŞƏN NƏSİBOV PLASTİK CƏRRAH. T.Ü.F.D. | Azərbaycan Tibb Ensiklopediyası

Elşən Nəsibov

Plastik cərrah  Elşən Nəsibov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “İstər plastik əməliyyat, istərsə də ümumi cərrahiyyədə hansısa əməliyyat olsun, fəsad verərsə, təbii ki, insan psixologiyasına mənfi təsir göstərəcək. Heç kim də sığortalanmayıb ki, əməliyyatdan sonra bu insan yüz faiz tam sağlam olacaq. Əməliyyat vaxtı ölüm də ola bilər. Xəstəyə iynə vuranda da ölə bilər. Hansısa bir ağırlaşma baş verə bilər. Yəni əməliyyat heç nədən sığortalanmayıb. Bu bədənin müqavimətindən asılıdır. Amma  plastik əməliyyatları edəndə xəstəyə o dərəcədə xəsarətmi yetirilir ki, onun fəsadı qalsın?! Nə qədər ağılsız həkim olsa belə, bu hərəkəti etməz. İkincisi, həkimin törətdiyi fəsadı aradan qaldırmaq çox rahatdır, çox asandır. Böyük bəla bilirsinizmi nədir? Ən böyük bəla kosmetoloqlardır ki, adlarını həkim qoyublar. Amma heç bir tibbi təhsili olmayanlardır, kabinet şəraitində əməliyyat edirlər. Qaş qaldırma edirlər, dodaqdan süni gel çıxarırlar. Camaatın burnuna sapları salıb, burunun ucunu qaldırırlar. Bunlardan danışmaq lazımdır, həkimlərdən yox. Həkim törədən fəsadı başqa həkim düzəldə bilir. Amma kosmetoloqun törətdiyi fəsadı həkim yox, heç Allah da qaldıra bilmir. Çünki anatomiyanı bilmir. Saç kəsənlər gözün üstünü də düzəldir, belə olar?!”

Cərrah qeyd edib ki, estetik cərrahiyyə beyinə, psixologiyaya mənfi təsir etmir: “Bəzən deyirlər, narkozdan sonra psixologiyam xarab oldu. Yanlışdır. Bu adamların elə əvvəldən problemi olur. 10 dəfə narkoz alan adam var ki, psixologiyası yerindədir. Narkoz sakitləşdirici maddələrdir, narkoz bitəndən sonra böyrəklərdən süzülür çıxır”.

Psixoloq Ülviyyə Murtuzova: " Karyerada qadın uğursuzluğu belə başlayır" -  VİDEO » Azərbaycan Reallığı

Ülviyyə Murtuzova

Psixoloq Ülviyyə Murtuzova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Estetik əməliyyat keçirənləri iki hissəyə bölmək olar. Tibbi və bioloji tərəfdən buna ehtiyacı olan və səhhəti ilə bağlı ciddi problem yaşayan insanlar. İkinci isə vizual görünüşün çox gözəl olmasını özünə ideallaşdıran insan tipləri. Burada cinsə bölmək olmaz. Amma estetik əməliyyatda qadınlar üstünlük təşkil etdiyinə görə onlar özü də bir neçə mərhələyə bölünür. Misal üçün, özündə qüsur axtarır, başqalarının görmədiyi qüsuru özündə yaradır və kompleks edir, mütləq əməliyyata getməlidir deyə bu yola çıxır. İkinci tip isə özündə qüsur görməyən, amma ətrafın ona hər dəfə təkidlə hansısa nahiyyəsində qüsur var, bunu düzəlt deyənlərdir ki, bunlar da əməliyyat edirlər. Təbii ki, burada görünüş olaraq məqsəd eynidir, məqsəd gözəl görünməkdir. Biz tibbi tərəfdən yanaşmırıq. Bir-birinin bəhsinə estetik əməliyyat edənlər də var. Bu lazımdırmı, yaşım buna imkan verirmi, sağlamlıq durumum buna icazə verirmi, sabahkı yaşam durumum bunu qarşılaya biləcəkmi suallarına cavab tapmadan bu yola çıxan insanlar da var. Estetik əməliyyat edənlər bir müddət  həkim nəzarəti altında olması, təkrar prosedurlardan keçməsi mütləqdir. Amma buna çox vaxt əməl edilmir. Estetik əməliyyat edən xanımların pəhriz saxlaması, idman rejimində olması, həkim nəzarətində olması lazımdır. Artıq balans pozulanda həmin prosedurlar əks-təsir göstərir. Bundan sonra insanlarda emosional çöküntü başlayır. "Gözəllik əldə edə bilmədik, ümidlərimiz puç oldu", - deyə fikirlər yaranır. İnsan fiziki olaraq yıxıla bilər, büdrəyə bilər, bu zaman kiminsə vasitəsilə qalxmaq çox asandır. Amma insanın psixoloji və  emosional cəhətdən çökməsi çox ağırdır. Kimsə kənardan kömək etsə belə alınmır. O vaxta qədər insan özü-özündə bunu istəsin. Başqa birində uğurlu oldu, amma məndə olmadı deyə düşüncələr içində boğulur. Amma düşünmür ki, həmin kimsə onu yürüdə biləcək maddi və mənəvi gücə malikdir. Təbii ki, şüuraltı   buna fokuslananda artıq insan depressiyaya düşür. Bizim aldığımız nəticə ilə yaranan görüntü arasında dünya boyda fərq yaranır. Ona görə də burada həm tibbi, həm də insanın özünün psixoloji cəhətdən estetik əməliyyata hazırlanması önəmlidir. Həm də “nə istəyirəm” sualına cavab tapmalıdır.  Sadəcə, dəbdir deyə, qüsuru olmadan əməliyyat etdirənlərin nəticəsi heç də ürəkaçan olmur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR