İnsanlara hürriyət, millətlərə istiqlal!

Plastik cərrahların böyük pullar uğrunda yeni savaşı

Lisenziyası ləğv edilənlərin istinad etdiyi 48-ci maddə nədir?; Səhiyyə Nazirliyi: “Narazılar məhkəməyə müraciət edə bilər...”

Lisenziyası ləğv edilən plastik cərrahların ölkə rəhbərliyinə müraciət etmələri barədə məlumat vermişdik. Bu barədə hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova məlumat yayıb.

“2011-ci ildən əvvəl Azərbaycanda rezidentura təhsili mövcud olmayıb və plastik cərrahiyyə ilə ümumi cərrahlar ixtisasartırma yolu ilə qanuni şəkildə məşğul olurdular. Bu həkimlərin fəaliyyətləri o dövrün qanunlarına tam uyğun olub. Lakin son araşdırmalarda saxta yollarla sertifikat alanlarla yanaşı, həmin qanuni təcrübəyə sahib həkimlərin də sənədlərinin ləğvi haqlı narazılığa səbəb olub. Ona görə də onlar AR Mülki Məcəllənin 7.3-cü maddəsinə əsaslanaraq pozulmuş hüquqlarının bərpası üçün ölkə rəhbərinə müraciət ediblər”, - deyə Qənirə Ataşova bildirib.

Lisenziyası ləğv edilənlər müraciətlərində yazırlar: “2011-ci ildən əvvəl ali təhsilini başa vurmuş və rezidentura ilə plastik cərrahiyyə ixtisasının mövcud olmadığı dövrdə ümumi cərrah kimi məzun olmuş, lakin illərdir plastik cərrah kimi fəaliyyət göstərən həkimlərik. Mövcud qanunvericiliyə əsasən, ixtisas dəyişməsinə icazə verilirdi (maddə 48), lakin Səhiyyə Nazirliyinin 24.01.2025-ci il tarixli əmri ilə qəbul olunmuş qərara əsasən, 10-15 illik təcrübəyə malik olan biz plastik cərrah kimi fəaliyyət göstərən ümumi cərrahların qanunla verilmiş sertifikatları ləğv olunaraq məhdudiyyətlər qoyulmuşdur və bizə təklif olunan cərrahi status bizim bundan sonrakı peşə fəaliyyətimizə uyğun gəlmir”.

Xatırladaq ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyaya müraciət edən 82 estetik cərrahdan yalnız 42-si fəaliyyətə rəsmi icazə alıb. Qalan 40-a yaxın tanınmış cərrah isə gözlənilmədən siyahıdan kənarda qalıb. Ən maraqlısı odur ki, icazə ala bilməyənlər arasında tanınmış, illərlə estetik əməliyyatlar edən və saysız-hesabsız reklamla ad qazanan cərrahlar da var. 

 “Plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır”.

Bu barədə “Teleqraf”ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. “Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən verilən məlumata görə, hazırda klinik protokolların hazırlanması üzərində işlər aparılır. Protokolların bir qisminin cari ilin sonunadək yekunlaşdırılması və təsdiq edilməsi nəzərdə tutulub”, - məlumatda deyilib.

Qeyd edək ki, ötən il Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən bildirilmişdi ki, plastik cərrahiyyə və oftalmologiya üzrə klinik protokollar yoxdur. Nəzərə alsaq ki, plastik cərrahiyyə həm də böyük pulların dövr etdiyi sahədir. O zaman kim haqlı, kim haqsızdır?

Tanınmış plastik cərrah Vaqif Qələndərli məhkəməyə verildi - Oxu.az

 Vaqif Qələn

Tanınmış plastik-rekonstruktiv cərrah Vaqif Qələndərin sözlərinə görə, əvvəllər bu sahə ilə qeyri-peşəkarlar da məşğul olurdusa, Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən komissiya kimlərin bu ixtisasa uyğun olduğunu müəyyənləşdirib və bundan sonra müəyyən qədər problemlərin qarşısı alınacaq: "Təftiş Komissiyası bütün detalları yoxlayıb - beş illik rezidentura keçib-keçmədiyi, hansı ixtisas üzrə təhsil alındığı, xarici təhsilin mötəbərliyi, transkriptlər və s. Əgər xaricdə oxuyublarsa, həmin ölkədən təhsil sənədləri tələb olunub. Ola bilər, bəziləri hələ sənədlərini təqdim edə bilməyiblər. Bu da nəzərə alınıb. Səhiyyə Nazirliyinin saytında qeyd olunub ki, 42 nəfər plastik cərrah kimi fəaliyyət göstərə bilər. Komissiya qərəzsiz çalışıb - dörd müxtəlif qurum yoxlama aparıb. Uyğun olanlar bu sahədə işləyə biləcəklər. Mənim də sənədlərim yoxlandı, heç kim diqqətdən kənarda qalmayıb. Bəlkə də proses hələ davam edir".

Səhiyyə Nazirliyindən “Yeni Müsavat”a ilk olaraq klinik protokollar barədə məlumat verilib. Qeyd edilir ki, klinik protokol hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır: "Klinik protokolların səmərəliliyini təmin edən əsas cəhət, onların tərtib edilməsinin sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır, yəni mövcud olan ən keyfiyyətli klinik tədqiqatların təqdim etdiyi ən etibarlı sübutlardan istifadə olunmasıdır. Protokolların hazırlanması ciddi və məsuliyyətli iş olub, ölkənin bütün elmi-tibbi potensialından istifadə edilməsini, prosesin bir mərkəzdən idarə olunmasını və dünyada qəbul edilmiş meyarlara uyğun şəkildə aparılmasını nəzərdə tutur".

Nazirlikdən eyni zamanda son dövrlər qalmaqallara səbəb olan, adı siyahıda olmayan plastik cərrahlarla bağlı məsələyə də münasibət bildirilib: “Xüsusi Təftiş Komissiyasının qərarlarına müvafiq olaraq adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb, bəziləri isə ümumiyyətlə tələb olunan sənədləri komissiyaya təqdim etməyiblər. Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər. Sözügedən həkim-mütəxəssislər komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.

Xatırladaq ki, Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilib, eyni zamanda icazə verilən əməliyyatların siyahısı məlum olub.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR