İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK-ya qucaq açan Avropa Türkiyəyə “demokratiya” adıyla savaş açır...

Qardaş Türkiyə dövlətinə qarşı əlində silah vuruşan PKK-nı, FETÖ-nu ideologiya, silahla, pulla, dərmanla sığınacaqla təmin edən, ona açıq siyasi dəstək verən Qərb Türkiyədən demokratiya tələbləri edir. Üstəlik, özünün təsir agentlərini siyasi partiyalara, orduya, mediaya, QHT sektoruna və s. yerləşdirməklə zaman-zaman Türkiyəni içdən dağıtmağa çalışır.

Buna dair müzakirələr yenidən aktuallaşıb.

İsveçin və Finlandiyanın NATO-ya üzv qəbul edilməsini Ankaranın əngəlləməsi (?) söhbətləri Qərbin PKK məsələsində hansı çirkinliklər etdiyini yenidən ortaya qoydu, yaddaşlar təzələndi. Türkiyə bu təhlükəli tendensiyanın qarşısını tam ala bilməsə də, PKK-nı Avropada zəiflətməyi bacaracaqmı?

Xatırladaq ki, Türkiyənin mövqeyi tamamilə haqlı və aydın idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin və Finlandiyanın NATO-ya üzv edilmələri ilə bağlı ortaya net mövqe qoyub. Deyib ki, təhlükəsizlik təşkilatı olan NATO-ya terroru dəstəkləyən və Türkiyəyə sanskiyalar tətbiq edilməsini uyğulayan bu ölkələrin girməsi mümkün deyil, Türkiyə buna səs verməyəcək...

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Avropanı türk düşmənlərinin ikinci vətəni sayır: “Əvvəla, onu deyim ki, PKK-nı sovet Rusiyası qurdu, amma indi bu ateist-maoist terror təşkilatı Qərbin əmirlərini yerinə yetirir. İllərdir ki, ABŞ minlərlə TIR-la Suriya və İraqdakı kommunist terrorçularına silah göndərir. MİT bunu videokadrlarla isbat da etmişdi. Kapitalist Amerika və Avropa kommunist terrorçu təşkilat PKK ilə müttəfiqdir və bu ittifaq NATO-dakı ”dostları" Türkiyəyə qarşıdır. İndi Türkiyəyə işləri düşüb. Qardaş ölkə vaxtilə Yunanıstanla etdiyi səhvi təkrarlamamalıdır. İsveç və Finlandiya məskunlaşmış terrorçu PKK-çılar və FETÖ-çüləri Türkiyəyə təhvil versinlər, sonra Ankaradan NATO üzvlüyünə icazə alsınlar. Əvvəllər PKK terrorçuları Rusiyada gizlənirdilər, məskunlaşırdılar. Xatırlayırsız ki, Öcalan tutulmamışdan əvvəl Moskva kənarında Jirinovskinin evində gizlənirdi. Hazırda isə vəziyyət kardinal şəkildə dəyişib. Türk düşmənləri PKK-çılar, FETÖ-çülər üçün Avropa ikinci vətən olub. Sözügedən İsveç PKK-nın media orqanlarına da ev sahibliyi edir. Nevruz TV, Ronahi TV və Aryen TV bu ölkədə terror təşkilatının yayım orqanlarından bəziləridir. Bu terror təşkilatları müxtəlif adlar altında İsveç dövlətindən maliyyə alırlar.

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli: “Türk düşmənləri üçün Avropa ikinci vətən olub”

Hətta Nevruz TV-yə 2009-cu ildə 1 milyon 467 min 866 avro verilib. PKK-ya dəstək verən İsveç Demokratik Kürd Cəmiyyəti Mərkəzi də eyni hədəflər istiqamətində fəaliyyət göstərir. PKK-ya bağlı bu quruma İsveç Araşdırma və Təhsil Nazirliyindən 80.000 avro maliyyə yardımı edilir. Suriyada PKK-YPG-YPD sıralarında olan xarici terrorçular arasında çoxlu isveçli var. PKK-da İsveç vətəndaşlarından ibarət “Skandinaviya batalyonu” da mövcuddur. Bu ölkədə PKK-nın “Azad Həyat Partiyası” adlı partiyası fəaliyyətdədir. Ölkə parlamentində PKK-nı təmsil edən deputatlar mövcuddur. Bunlardan Amine Kakabaveh, Sosial Demokrat Partiyasından Evin Çətin, Sol Partiyadan Yekbun Alp, Evin İncir, Eda Düzgün terror təşkilatına dəstək verən siyasətçilərdir. Bu şəxslərin İraqdakı PKK düşərgələrini ziyarət etdikləri məlumdur. İsveç PKK-nın Suriya qolu PKK-PYD-yə böyük dəstək verir. PKK-PYD İsveç hakimiyyətinin icazəsi ilə 2016-cı ildə paytaxt Stokholmda nümayəndəlik açıb. PYD-nin sözdə qadın təşkilatı YPG-nin rəhbəri olan Nesrin Abdullah o zaman İsveçin müdafiə naziri Peter Hultqvistlə görüşərək yaralanan terrorçuların İsveçdə müalicə olunmasını tələb edib. Bunlar hələ son illərin məlumatlarıdır. PKK-çı terrorçuların İsveçrə məskunlaşması uzaq 1980-ci illərə gedib çıxır. Bütün bunları nəzərə alaraq qardaş Türkiyənin İsveç və Finlandiyaya NATO üzvlüyü ilə bağlı mövqeyi tamamilə haqlıdır. Verilən məlumatlara görə, qardaş ölkə İsveç və Finlyandiyanın NATO üzvlüyünə qəbulu ilə bağlı ABŞ qarşısında 3 şərt irəli sürüb:

İsveç və Finlandiya NATO-ya qəbul edilməzdən əvvəl PKK terror təşkilatı və onun bütün törəmələrini terror təşkilatı elan etməli və bu ölkələrdəki terror təşkilatına rəğbət bəsləyənlərə qarşı aktiv mübarizə aparılmalıdır.

Ankara həmçinin zaman-zaman Türkiyəyə tətbiq edilən müdafiə sənayesi sanksiyalarının və silah embarqolarının qaldırılmasını tələb edir. Bunlara əlavə olaraq Türkiyənin yenidən F-35 proqramında iştirakının təsdiqlənməsi və 40 F-16 Blok, 70 F-16 döyüş təyyarəsi və modernizasiya paketi tələb edir.

Türkiyənin digər istəyi Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemini almasından sonra ABŞ-ın tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvidir. Çox güman ki, ən azı 2-ci bənd qəbul olunsa, Türkiyə bu məsələdə razılıq verəcək. Ərdoğan Türkiyəsi dünya imperialist qüvvələrdən güzəşt almadan, öz xeyrinə məsələləri həll etmədən geri çəkilmir. Əminəm ki bu məsələdə də belə olacaq".

102 il əvvəlki və indiki Rusiya - dəyişiklik varmı?

Şəhla Cəlilzadə: “Ərdoğan hazırda Qərbə master-klass nümayiş etdirir”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə sonunda Türkiyənin sözünün keçəcəyinə əmindir: “Türkiyə hər zaman öz milli maraqlarını ön planda tutan və qoruyan bir dövlət olub. Odur ki, Rusiyanın Avropanı və bütün dünyanı hədələməsi fonunda Şimal (Nordic) ölkələrinin, yəni Finlandiya və İsveçin NATO-ya daxil olması məsələsinin gündəm təşkil etdiyi bir zamanda da Türkiyə bundan öz maraqlarının maksimum şəkildə təmin olunmasına çalışır və bu, tamamilə təbiidir. 16 mayda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu iki ölkənin NATO-ya qatılmasına izn verilməyəcəyini açıqlayıb. O, Yunanıstan kimi NATO ölkəsi ilə olan problemləri və NATO-da özünə əlavə ”başağrısı" istəmədiyini nəzərdə tutaraq “eyni səhvi təkrarlamayacağıq”, - deyə açıqlama verib. Aydın məsələdir ki, Ərdoğan mövcud konyukturda NATO-nun genişlənməsi və Finlandiya ilə İsveçi qəbul etməsi üçün Türkiyəyə müəyyən məsələlərdə güzəştə gediləcəyini dərk edərək belə bir açıqlama verib. Həqiqətən də NATO-dan cavab gecikmədi və ittifaq daxilində olan anlaşılmazlıqların masa arxasında oturularaq həll oluna biləcəyi, dövlətlərin razılığa gələ biləcəyi vurğulandı. Odur ki, hazırda Türkiyə bu iki ölkənin ittifaqa qatılması əvəzində öz şərtlərini diktə edir. Bu şərtlər aşağıdakılardır:

NATO-nun F-35 proqramına təkrar qatılması. Belə ki, Türkiyə Rusiyadan S-400 aldığına görə bu proqramdan xaric edilib.

F-16 satın almasına izn verilməsi.

Türkiyəyə qarşı tətbiq olunan silah embarqolarının aradan qaldırılması.

S-400 ilə bağlı olan embarqoların aradan qaldırılması.

PKK terror təşkilatına və onun Suriya və İraqdakı uzantıları olan digər terror təşkilatlarına Qərbdən verilən dəstəyin sonlandırılması, həmçinin rəsmi şəkildə onların terror təşkilatı olmasının elan edilərək tənqid olunması.

Bilirik ki, Türkiyənin Rusiya ilə münasibətlərinin 24 noyabr 2015-ci il təyyarə qəzasından sonrakı 1 ildə ən dərin böhran yaşamasına baxmayaraq, 2016-cı ildən günümüzədək ciddi strateji irəliləyişə nail olunub. Hətta Türkiyə Rusiyadan 2020-ci ildə S-400-lər almış, buna görə ABŞ-ın öz “düşmənlərinə” tətbiq etdiyi CAATSA sanksiyalarına belə məruz qalmışdı. Maraqlı məqam ondan ibarətdir ki, Türkiyə Rusiyadan S-400 almazdan öncə Qərb müttəfiqlərindən hava hücumlarından müdafiə sistemlərini almaq istəmiş, lakin müvafiq ticarət anlaşması əldə edilə bilmədiyinə görə Rusiyaya üz tutmuşdu. Daha sonra isə Rusiya ilə hərbi əməkdaşlıq səbəbi ilə Türkiyə NATO-nun müvafiq hərbi proqramlarından təcrid olunub. Bununla belə, Türkiyənin hərbi sənayesi heç də zərbə almamış, əksinə, yeni-yeni növ, dünyada öz təsdiqini tapan silahlar bazara təqdim olunub. Lakin Türkiyə öz hərbi sənayesini daha da inkişaf etdirmək üçün F-35 proqramında iştirak etməkdə maraqlıdır.

Siyasi konyuktura uyğun ağıllı gedişlər edə bilmək yalnız master-siyasətçilərin işidir. Ərdoğan da hazırda Qərbə master-klass nümayiş etdirir. Odur ki, Qərbin qarşısında çox çətin bir seçim var. Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi üçün Türkiyənin şərtləri yerinə yetirilməlidir. Ərdoğanın sözcüsü İbrahim Kalının dediyi kimi, onlar qapıları örtmürlər, sadəcə, Türkiyənin milli təhlükəsizlik məsələlərini qaldırırlar. Bu məsələlər həllini taparsa, Finlandiya və İsveçin də NATO qapıları açılar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR