Onlayn ictimai-siyasi qəzet
Terror təşkilatı PKK-nın özünü buraxdığını və silahları təhvil vermə qərarı aldığını açıqlamasından sonra diqqətlər prosesin ikinci mərhələsinə yönəlib.
Xəbərə görə, təxminən 250 nəfərdən ibarət olan PKK-nın sözdə rəhbər heyətinin İraq və Suriyada qalmasına icazə verilməyəcək.
Bu şəxslər üçüncü ölkələrə gedə biləcək, lakin bir ölkədə toplu şəkildə məskunlaşmaları mümkün olmayacaq.
Silahların toplanması, məhv edilməsi və təşkilat üzvlərinin gələcək vəziyyəti ilə bağlı proses davam edərkən heç bir ölkənin zəmanətçiliyi gündəmdə olmayacaq.
Türkiyə bu prosesi İraq və Suriya ilə birgə icra edəcək. PKK-nın Suriyadakı qolu olan YPG-nin də silah buraxması isə Şam hökuməti ilə birlikdə həyata keçiriləcək.
Xatırladılır ki, Türkiyə və Suriya başından bəri suriyalı olmayan YPG üzvlərinin ölkədən çıxarılmasını, yerli üzvlərin isə Şam hökumətinə inteqrasiya olunaraq qanuni siyasi fəaliyyətə başlamasını dəstəkləyir. Bu çərçivədən kənar Suriyanın şimalında hər hansı muxtar və ya silahlı strukturun qurulmasına qəti şəkildə icazə verilməyəcək.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, PKK-nın özünü buraxma qərarının alındığı 12-ci Konfransının Yekun Bəyannaməsində irəli sürülən iddialar kifayət qədər mübahisəlidir və gələcəkdə başqa adla fəaliyyətlərini davam etdirə biləcəkləri ehtimalını ağla gətirir:
“Bəyannamədə bildirilir ki, PKK adı altında fəaliyyətə son qoyulur. Burdan o anlam da çıxır ki, lazım gələrsə, PKK adını dəyişdirərək fəaliyyətini davam etdirə bilər. Odur ki, bəyannaməyə baxıb PKK-nın hansı addım atacağını müəyyənləşdirmək analizləri tamamilə yanlış istiqamətlərə yönləndirərdi.
Məncə, bu vəziyyətlərdə düzgün istiqaməti təsbit etmək üçün PKK-nın ifadələrini yox, Türkiyənin Yaxın Şərqdə yürüdəcəyi siyasətlərin doğura biləcəyi nəticələri gözdən keçirməli, dünyanın güc mərkəzlərinin bu siyasətləri necə qiymətləndirməsini nəzərə almalıyıq.
Məlumdur ki, PKK-nın ən güclü sponsoru ABŞ-dır və bu supergüc Yaxın Şərq siyasətini Türkiyə ilə birgə planlaşdırmaq istəyir. Son zamanlar ABŞ prezidenti Donald Trampın Türkiyə və onun lideri Rəcəb Tayib Ərdoğan barəsində ağızdolusu bəyanatlar verməsi, hətta bu zamanadək özünün ən yaxın müttəfiqi sayılan İsrail baş naziri Benyamin Netanyahunu belə, Türkiyə ilə uzlaşdırılmış siyasət yürütməyə çağırması da bu iddialarımızı təsdiqləyir.
Türkiyə üzərində qurulan siyasət, təbii ki, rəsmi Ankaranın maraqlarını nəzərə almalı, onun iradəsinin xilafına yönəlməməlidir. Rəsmi Ankara isə özəlliklə Suriya və İraqın şimalında hansısa separatçı dövlət qurulmasına kəskin qarşı çıxır, PKK-nın qonşu ölkələrdə fəaliyyətinə isti yanaşmır. Təbii ki, Türkiyənin maraqlarını nəzərə alan ABŞ da sözügedən terrorçu təşkilatın özünü buraxmasını arzulayardı”.
H. Oğuzun fikrincə, İraq və Suriyanın terrorçu ünsürlərdən təmizlənməsinin iqtisadi əsasları da var:
“Bilirsiniz ki, Türkiyənin beynəlxalq ticarət münasibətləri üçün təklif etdiyi 2 önəmli layihəsi mövcuddur. Bunlardan biri Fars körfəzindən başlayıb Türkiyəni keçərək Avropada tamamlanan “Kalkınma yolu” layihəsidir. Bu layihənin həyata keçməsi üçün marşrut üzərində yerləşdirilmiş “minalar” təmizlənməli, təhlükəsizlik mühiti təmin olunmalıdır. Bu da öz növbəsində PKK-sız İraq anlamına gəlir.
Türkiyədən keçməsi planlaşdırılan digər marşrut isə Qətərdən başlayıb, Səudiyyə Ərəbistanı ilə İordaniyadan keçən və digər körfəz ölkələrinin də bağlandığı Fars körfəzi-Türkiyə qaz və neft kəmərləridir. 2008-ci ildə Qətər tərəfindən irəli sürülən bu layihənin qarşısını almaq üçün İran və Rusiya kimi dövlətlər Suriyaya müdaxilə etdilər, nəticədə Suriyada 14 il davam edən vətəndaş müharibəsində yüz minlərlə insan öldürüldü, milyonlarla dinc əhali evindən-eşiyindən didərgin salındı.
Sonunda keçən il Türkiyənin dəstəklədiyi müxalif qüvvələr Bəşər Əsədi devirdilər və HTŞ lideri Əhməd əş-Şaara hökuməti quruldu. Trampın bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında Şaara ilə görüşməsi və Suriyaya qarşı embarqoların ortadan qaldırılması Vaşinqtonun da bu prosesi dəstəklədiyinin ən sanballı dəlillərindən biridir.
Böyük ehtimalla, ABŞ-ın da dəstəyi ilə özünə gələn Suriya yaxın gələcəkdə bu layihəni tamamlayacaq və Avropa rus enerji inhisarçılığından tamamilə xilas olacaq. Bütün bu faktlar və ehtimallar onu deməyə əsas verir ki, Suriyada da PKK-nın kökünün qurudulması prosesi getdikcə güclənəcək və ölkənin şimalı da tədricən Əhməd əş-Şaara qüvvələrinin əlinə keçəcək”.
Siyasi şərhçinin iddiasına inansaq, Trampla Əhməd əş-Şaara arasında Riyadda keçirilən görüşdə ələ alınan mövzular da ABŞ-ın PKK-dan tamamilə gözünü çəkdiyini göstərir:
“Belə ki, ABŞ və Suriya liderləri arasında danışıqlarda Fərat çayının şərq sahillərində salınmış İŞİD həbsxanalarına nəzarət məsələsi müzakirə olunmuşdu. Sirr deyil ki, İŞİD məhkumlarının saxlanıldığı həbsxanalara nəzarət bu günə qədər PKK/YPG qüvvələrinin əlində idi. Kürd separatçıları məhz bu amilləri əsas gətirib ABŞ-dan ciddi maliyyə və hərbi dəstək alırdılar.
Görünür, Vaşinqton bunun əlavə xərc olduğunu düşünüb, İŞİD dustaqlarına nəzarəti tamamilə Suriyanın yeni hökumətinə həvalə etmək niyyətindədir. O halda Suriyadakı separatçı qüvvələrə də ehtiyac qalmır.
Donald Trampla Əhməd əş-Şaara arasında müzakirə edilən digər məsələ Suriyanın təbii sərvətlərinin birgə istismarıdır. Həmin təbii sərvətlərin böyük qismi Fərat çayının şərq sahillərində - Deyrəzorda yerləşir və bu bölgədə əhalinin böyük qismi ərəblərdən təşəkkül tapır.
Sözsüz ki, ərəblər öz ərazilərinin PKK ünsürlərinin nəzarətində qalmasına səbr göstərməz və bu, gələcəkdə iki etnik qrup arasında amansız müharibəyə yol açar. Nəticədə ABŞ-ın Deyrəzor və ətrafında neft və qaz hasilatı da təhlükə altına düşər.
Digər tərəfdən, PKK-nın məskunlaşdığı Suriyanın şimal-şərq hissəsi İraqın şimalı ilə qonşudur. Təbii ki, orada odlu təmasların davam etməsi “Kalkınma yolu” projesinə də mənfi təsir göstərə bilər”.
Bütün bu amilləri nəzərə alan Heydər Oğuz İraq və Suriyanın PKK ünsürlərindən təmizlənəcəyini proqnozlaşdırır.
O ki qaldı İrandakı PEJAK-ın taleyinə, Heydər Oğuz bunun hələlik məlum olmadığını düşünür. Siyasi şərhçinin fikrincə, bu sahədə hər şey İranın özünü necə aparmasından asılıdır:
“Əgər İran ABŞ-ın bütün tələbləri ilə razılaşsa, özəlliklə də nüvə zənginləşdirməsi proqramından inandırıcı şəkildə əl çəksə və öz karbohidrogen yataqlarını Amerikanın enerji şirkətlərinə açsa, Vaşinqtonun siyasəti də dəyişə bilər. Yox, əgər İran öz 40 illik ənənəvi siyasətini davam etdirsə, PEJAK qüvvələrindən onun əleyhinə istifadə olunma ehtimalı var.
Zənnimcə, PEJAK-ı gücləndirmək üçün PKK və YPG “artıqları” da ona yönləndirilə bilər. Zənnimcə, PKK-nın tamamilə ortadan qaldırılmaması, onun 12-ci konfransının Yekun Bəyannaməsində başqa adla fəaliyyətinə davam edə biləcəyinə vurulan eyham da buna işarədir.
Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da, digər Türk yetkililəri də PKK-nın fəaliyyətinin dayandırılmasını tələb etdikləri ərazilər sırasında İranın adı üzərində çox, hətta deyərdim ki, heç dayanmırlar. Görünür, onlar da ABŞ-ın kürd separatçılarından İrana qarşı istifadə olunacağını düşünürlər”.
Heydər Oğuz hesab edir ki, kürd separatçılarından İrana qarşı istifadə olunması ən çox bizim milli maraqlarımızı tapdalayır:
“Çünki bu ssenaridə kürd separatçılarının hədəf alacağı əsas toplum Urmiya vilayətində yaşayan Azərbaycan türkləri ola bilər. İranın etnik cəhətdən parçalanmasına qədər uzanması öngörülən bu ssenaridə Cənubi Azərbaycan türkləri eynilə 1980-90-cı illərdə bizim kimi savaşla sınağa çəkilə bilər.
Özünü kürd separatizminin hücumlarından qorumağa məcbur olan Cənubi Azərbaycan türkləri silahlanar və separatizm təhlükəsini aradan qaldırdıqdan sonra İrandan ayrılmaq yolunu tuta bilər. Necə ki, biz də 40 il əvvəl təxminən eyni sınaqla üzləşmişdik və nəticədə SSRİ-dən ayrılıb müstəqil dövlətimizi qurmuşduq”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ