Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkianın Novruz bayramı çərçivəsində Qərbi Azərbaycan Əyalətinin mərkəzi olan Urmiyə şəhərinə səfəri zamanı Azərbaycan türkcəsində çıxış etməsi sabiq yol və şəhərsalma naziri Abbas Axundinin reaksiyasına səbəb olub.
Musavat.com ArazNews Telegram kanalına istinadla bildirir ki, Axundi öz sosial media paylaşımında bildirib:
“Cənab Pezeşkian, anlayıram ki, siz Urmiyədə böyümüsünüz və beş dönəm Təbrizin hörmətli millət vəkili olmusunuz. Ona görə də türkcə hesabat almaq sizin üçün tamamilə adi və təbiidir. Amma hazırda siz ölkənin prezidentisiniz. Rəsmi tədbirlərdə yalnız dövlət dili olan farsca danışmalı və hesabat almalısınız. Bu məsələyə diqqətsizlik sonda millətə zərər vuracaq. Zəhmət olmasa, diqqətli olun.”
Prezident Pezeşkianın türk dilindən istifadəsi Güney Azərbaycanda müsbət qarşılanarkən, bəzi fars siyasi çevrələrində narahatlıq yaradıb. Axundinin bu çıxışı isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Pezeşkianın türkcə danışması bundan əvvəl də fars milliyyətçi çevrələrin narazılığına səbəb olmuşdu.
Maraqlıdır ki, Məsud Pezeşkianın başqa dillərdə danışması heç bir etiraza səbəb olmur, lakin o, türkcə danışdığı zaman dərhal tənqid hədəfinə çevrilir və ölkənin sabitliyinə təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqlar səsləndirilir.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ