Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu gün İranda prezident seçkilərinin ikinci turu keçirilir.
Artıq səsvermə başlayıb və İranın ali dini lideri də daxil, vətəndaşlar səsvermə hüququndan istifadə edirlər.
Məlum olduğu kimi, ikinci turda iki namizəd yarışır.
Bunlardan biri sabiq səhiyyə naziri, islahatçı qanadın təmsilçisi, Azərbaycan türkü Məsud Pezeşkian, digəri isə teokratik mühafizəkar çoxluğun təmsilçisi, ali dini liderin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi Səid Cəlilidir.
Rəqəmlərə baxaq - seçkilərin ilk turunda Məsud Pezeşkian 10,4 milyon, Səid Cəlili isə 9,5 milyon səs toplamışdı. Göründüyü kimi, ikinci tura Azərbaycan türkü Məsud Səid Cəlilidə daha yaxşı göstəricilərlə qatılıb. Onun arxasında Azərbaycan və digər türk topluluqları var. Üstəlik, onu təkcə İrandakı türklər dəstəkləmir.
Tehranın teokratik rejiminin yanlış siyasəti nəticəsində dünyada və regionda, hətta müsəlman dünyasında belə təklənmiş İranın əhalisi əziyyət çəkir, yoxsulluq və səfalət içərisində yaşayır, heç bir suçu olmadan “izqoy’’ duruma düşüb; üstəlik də qlobal müharibəyə cəlb olunmağın, ABŞ və İsrail tərəfindən bombalanmağın daimi təhdidini yaşayırlar. İran xalqı yenilik istəyir, dəyişim istəyir və bunu indiki anda onlara ancaq Məsud Pezeşkianın prezident seçilməsi verə bilər. Tam olmasa da, bu proses başlaya bilər.
Buyurun, baxın: seçkilərin 1-ci turunun nəticələrinə əsasən, “islahatçı” Pezeşkian əsasən etnik qeyri-fars bölgələrində irəlidə olub. Məsud Pezeşkian Şərqi, Qərbi Azərbaycan vilayətləri və Ərdəbildə 75 faizdən çox səs alıb. Həmçinin etnik bəlucların yaşadığı Sistan və Bəlucistan, Kürdüstan, İlam, Kirmanşah (son 3 əyalət kürdlərin çoxluq olduğu yerdir) əyalətlərində Pezeşkian 60 faizdən çox səs alıb. Zəncan, Gilan və Gülüstan əyalətlərində isə islahatçı namizədin səsi 50 faizdən çox olub.
Cəsur, zəki və ciddi natiq olan Pezeşkian nəinki İranda, ondan kənarda da insanların simpatiyasını qazanıb, İranın dəyişmə şansı kimi qəbul edilir. Məsud Pezeşkian türk kimliyini qürurla açıqlamaqla yanaşı, həm də bütöv və yeni İran ideyasını da ustalıqla təbliğ etməkdədir.
Bir sözlə, hər bir normal ölkədə Məsud Pezeşkian kimi namizədlər mütləq inamlı qələbə qazanardılar. Lakin çox təəssüf ki, qonşumuz İran normal dövlət deyil və orada baş verən proseslər mühafizəkar qanadın dəyişikliklər istəmədiyini göstərir. Siyasi proqnozlar budur ki, bütün mühafizəkar çevrələr güclərini birləşdirirərək, Səid Cəlilinin qələbə qazanmasını təmin edəcəklər.
İranda dini elita seçkilərə daha çox start halında müdaxilə edir. İddiaçıların namizəd statusunu məhz onlar müəyyən edir, tam müxalif, dəcəl, xoşagəlməz iddiaçıları ümumiyyətlə seçkidə iştiraka buraxmır. Bundan sonrakı proseslərdə və seçkinin gedişində isə sanki müdaxilə minimallaşır və səsvermə şəffaf gedir.
Lakin İrana bələd olan ekspertlər Musavat.com-un müxbirinə deyiblər ki, İrana nəzarəti həyata keçirən dini elitanın əlində başqa imkanlar da var. Onlara yaxın olan onminlərlə insanların iki pasportu var. Fərqli adda və fərqli identifikasiya kodlarında olan bu pasportlar çox sayda seçiciyə iki dəfə səsvermə imkanı yaradır. Birinci dərəcədə özlərinə yaxın olan tərəfdar seçicilərə verilən bu ikinci pasportların bu gün keçirilən seçkidə kimin xeyrinə “işləyəcəyi’’ sual doğurmur. Üstəlik, fəallığın çox az olduğu bu seçkidə digər saxtalaşdırma imkanları da qalmaqdadır.
Musavat.com analitiklərindən biri isə deyir ki, burada bir yazılmamış qanun da seçkinin ən mühüm amili, nəticələrin müəyyənləşməsinin ölçü vahididir. Həmin “yazılmamış qanun’’ nədir, onun hansı sehri və real gücü var, bu dəfə də işləyəcəkmi?
Bu qanunun açması əslində çox sadədir. İranın ali dini lideri türk olduğu halda, ölkənin prezidenti farslardan olur. Üstəlik, nəzərə alsaq ki, İranın əsas hərbi rütbəsini də Təbrizdən olan general Məhəmməd Baqiri daşıyır (O, İran Silahlı Qüvvələrinin komandanıdır), o zaman bütün İranın Azərbaycan türklərinin nəzarətində olması indiki zaman kəsiyində mümkünsüzdür.
Bu “yazılmamış qanun’’ nə qədər ki, “işləyir’’, nə qədər ki, İranın ali dini lideri və Silahlı Qüvvələrin komandanı Təbrizdən, Azərbaycandandır, hansısa digər azərbaycanlının prezident olma şansı yoxdur. O kürsüyə yaxınlaşar, amma ola bilməz.
Necə ki, 2009-cu ildə Azərbaycan türkü Mir Hüseyn Musəvi faktiki olaraq prezident seçildi, lakin bu yazılmamış qanun dövriyyəyə girdi və İran elitası güc tətbiq edərək, seçkiləri Əhmədinejatın xeyrinə saxtalaşdırdı, onu kürsüdə saxladı. Musəvi ali dini liderin yaxın qohumu və seçkinin real qalibi olsa da, onu prezidentliyə buraxmadılar, hətta uzun müddət ev dustaqlığına məhkum etdilər.
Bu barədə klanlar və qruplararası razılaşma var, İranın siyasi və dini elitası bunu ədalətli sayır.
Yox əgər bu gün bu “qanun’’ deyilənin məntiqinin və nizamının tərsinə bir proses baş versə, Pezeşkian prezident seçildiyə təqdirdə, İranın ali ruhani elitası bununla razılaşsa, hesab edin ki, İranda inqilab baş verdi və bu ölkədə tezliklə hər şey olmasa da, çox şey dəyişəcək.
Biz bu “tərs’’ prosesin tərəfindəyik. İranın dəyişməsi, islah olunması və normallaşması ilk öncə bizə - Azərbaycan Respublikasına lazımdır.
Musavat.com,
Siyasət şöbəsi
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ