İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiyaçıların sayı artır, potensial işçi qüvvəsinin sayı azalır - ÇIXIŞ YOLU

Azərbaycanda pensiya təminatı sisteminin dayanıqlığının təhlili zamanı nəzərə alınan elementlərdən biri də əmək qabiliyyətli yaşda (20-64 yaş) olan hər 100 nəfərə düşən 65 və yuxarı yaşda olan şəxslərin sayıdır. Yaşlı əhalinin əmək qabiliyyətli yaş qrupuna nisbəti kimi müəyyənləşdirilən, ölüm, doğum və miqrasiyadan asılı olaraq dəyişən bu demoqrafik göstərici əhalinin ümumi yaşı artdıqca qocalmış əhali ilə bağlı artan ehtiyacların dəstəklənməsində əmək qabiliyyətli əhalinin iştirak payını əks etdirmək məqsədi daşıyır. Bu barədə Hesablama Palatasının İşsizlikdən sığorta fondunun 2024-cü il üçün büdcə layihəsinə rəyində qeyd edir.
“Nisbətin aşağı olması işçi qüvvəsindən asılı əhalini dəstəkləyə biləcək kifayət qədər insanın olduğunu göstərir. Aşağı nisbət eyni zamanda yaşlı insanlar üçün yüksək pensiyalar deməkdir. Nisbətin yüksək olması isə əksinə, asılı əhalinin daha çox hissəsinin işçi qüvvəsi tərəfindən dəstəklənməsinə zərurətin olduğunu göstərir ki, bu da nəticədə fondun gəlirlərinin daha çox hissəsinin əhaliyə ödənişlərə yönəldilməsi deməkdir”- deyə, qeyd edilir.

Palata müqayisə olaraq bir neçə ölkəni misal gətirir və 2020-ci il üzrə 65 yaşdan yuxarı hər 100 nəfərə düşən yaşı 65-ı keçmiş pensiyaçılar üzrə ölkələrdən Azərbaycana bir qədər Türkiyə yaxındır. Türkiyədə bu faiz nisbəti 15.2%-dir. Şimal qonşumuz Rusiyada isə bu göstərici 25.3% təşkil edib.

Azərbaycanda bu göstərici 2020-ci ildə 10.4%, 2021-ci ildə 10.9%, 2022-ci ildə 11.5%, cari ildə isə 12.2% olmuşdur.
Bəs görəsən, ölkədə potensial işçi qüvvəsinin sayının azalması, pensiyaçıların sayının artması faktı ölkə üçün nə dərəcədə zərərli tendensiya sayılır?

50a43a79-e528-45fe-9b1e-7d44c322f77d.jpg (77 KB)

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a dedi ki, nəzəri baxımdan yaşlı əhalinin əmək qabiliyyətli yaş qrupunda olan əhalinin sayına olan nisbəti nə qədər az olarsa, həmin dövr üçün pensiya təminatı bir o qədər yüksək icra edilə bilər: “Bu beynəlxalq səviyyədə istifadə edilən bir indikator olaraq nəzəri cəhətdən özünü doğrultsa da, amma bu o demək deyil ki, mütləq belə olur. Çünki əmək qabiliyyətli insanların sayı çox olsa da, onların arasında işləyənlər az olarsa, və ya onların əmək haqqı az olarsa, o zaman işçiyə görə məcburi dövlət sosial sığorta haqqı da az ödənilir. Bu isə real zamanda pensiyaçıların pensiya
təminatında problem yaradır. Yəni əmək qabiliyyətli yaşda (20-64 yaş) olan hər 100 nəfərə düşən 65 və yuxarı yaşda olan şəxslərin sayının az olması hələ hər şeyin yaxşı olması demək deyil. Əsas məsələ əmək qabiliyyətli olanların məşğulluq səviyyəsindən və rəsmi əmək haqqı gəlirlərindən asılıdır.

O ki qaldı, Azərbaycanda bu indekatorun dinamikasına, son üç ildə bu dinamika pis istiqamətdə dəyişir. Belə ki, 2020-ci ildə 10.4%, cari ildə isə 12.2% olub. Bu ortalama hər il 0.6 faiz bəndi bir artım deməkdir. Yəni pensiyaçıların işləyənlərə nisbəti artır”.

Bunun səbəbinə gəldikdə isə ekspert əlavə etdi ki, birinci səbəb, əhalinin artım sürətinin zəifləməsidir: “Artım sürəti zəiflədikcə nisbət artacaqdır. Belə şəraitdə pensiya fonduna daxilolmaların həcminin azalmaması yalnız məşğulluq səviyyəsinin və rəsmi əmək haqlarının artması fonunda mümkündür”.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR