İnsanlara hürriyət, millətlərə istiqlal!

Pelosi “Şeytan yuvası” Xankəndiyə getmədi - Bakıdan, yoxsa Moskvadan çəkindi...

Politoloq Anar Əliyev: “İrəvanda səsləndirdiyi bəyanatların əksinə olaraq mövcud reallıqları dərk etdiklərini, qəbul elədiklərini ortaya qoydu”

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri, ermənipərəst Nensi Pelosi İrəvanda verdiyi və Bakını qıcıqlandıran bəyanatlara rəğmən, habelə separatçı tör-töküntülərin səbirsizliklə gözləməsinə baxmayaraq, maraqlıdır ki, “Şeytan yuvası” Xankəndinə getmədi.

Xatırladaq ki, indiyədək ermənipərəst amerikalı konqresmenlər dəfələrlə Qarabağa qanunsuz ziyarətlər ediblər və bu səbəbə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na düşüblər. ABŞ-ın Bakıdakı səfiri isə Şuşaya getməkdən imtina eləmişdi ki, bu da separatçılara Birləşmiş Ştatların başqa bir reveransı, Bakıya qarşı isə demarşı idi. Nəhayət, N.Pelosi İrəvanda ikən separatçı qurumun qondarma “xin” başçısı David Babayan da ABŞ-da sülənirdi və hətta konqresdə çıxışı gözlənilirdi.

Maraqlıdır  bəs, görəsən, Pelosi niyə Xankəndinə getmədi? Azərbaycanla gərginliyi daha da artırmaqdan çəkindi, yoxsa sadəcə, Rusiya sülhməramlılarının onu buraxmayacağına əmin olduğu üçün?

Anar Əliyev: “Bölgəmizə sülh qətirəcək addımların atılmasına başlanılıb”

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ-ın təmsilçisi Nensi Pelosi İrəvana səfər edərək ciddi şəkildə beynəlxalq hüququn prinsipləri, dövlətlərarası münasibətlər, eyni zamanda diplomatik davranış qaydaları ilə ziddiyyət təşkil eləyən bir sıra bəyanatlar səsləndirdi. Xüsusilə də Azərbaycanı Ermənistan ərazisində hərbi əməliyyat keçirməkdə ittiham etdi: “Heç bir fakt, heç bir əsas gətirmədən Azərbaycanın Ermənistan ərazisinə hücum etdiyini və bunun beynəlxalq münasibətlərə, beynəlxalq hüquqa zidd olduğunu bəyan elədi. Həmçinin saxta "erməni soyıqırımı" abidəsi qarşısında göz yaş axıdaraq erməni əzabkeşliyi haqda, xüsusilə də qonşu dövlətlər və xalqlar tərəfindən guya ermənilərə qarşı törədilmiş “soyqırım”lar haqda danışdı. Pelosi 2020-ci ilin 10 noyabrında imzalanmış bəyanatla əldə olunmuş kövrək sülhə ciddi zərbə vuracaq, Ermənistan cəmiyyətində yanlış təsəvvürlər, illüziyalar formalaşdıracaq bəyanatlar səsləndirdi. Bundan o tərəfi-Xankəndiyə səfər etməsi Azərbaycan-ABŞ münasibətlərinin pozulmasına gətirib çıxarardı. Ümumiyyətlə, bu, ABŞ-ın Cənubi Qafqazda baş verən proseslərə münasibətinin real bir əksi idi. Çünki indiki halda Rusiyanın ciddi şəkildə patronajlığı altında Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi Amerikanın və onun Qərbi Avropa müttəfiqlərinin dövlət maraqları ilə daban-dabana ziddiyyət təşkil edir. Ermənistanla Azərbaycan arasında indiki mərhələdə məhz Rusiyanın vasitəçiliyi ilə sülh, qarşılıqlı inam, etimad formalaşarsa bu, Amerika və Qərbi Avropa dövlətlərinin uzun illər ərzində formalaşdırdıqları Cənubi Qafqaz maraqlarının ciddi zərbə almasına gətirib çıxara bilər. Bunu nəzərə alan Amerika rəsmiləri bölgə xalqlarının maraqlarına və bölgədə əldə olunmuş çox kövrək sülhə zidd olsa da, yanlış təsəvvürlər formalaşdıra biləcək bəyanatlar səsləndirməklə, addımlar atmaqla Azərbaycanla Ermənistan arasında konfrontasiyanı daha da gücləndirməyə xidmət etmiş olurlar. Amma Nensi Pelosinin səfəri sentyabrın 12-dən 13-nə keçən gecə erməni ordusunun təxribatları nəticəsində baş verən proseslər və həmin təxribatlara Azərbaycan Ordusunun qətiyyətli reaksiyasından sonra mövcud qərbpərəst Ermənistan hakimiyyətinin mövcudluğuna yaranan ciddi təhlükədən irəli gəlirdi. Səfərin olacağı xeyli əvvəldən bəyan edilsə də reallaşdırılmasının məhz sentyabr hadisələrindən dərhal sonra həyata keçirilməsi bunu deməyə əsas verir".

Ekspert qeyd etdi ki, bu səfər pafos və populizmdən kənara çıxa bilməyən, Cənubi Qafqazdakı proseslər üçün heç bir real təhlükələr yarada bilməyəcək, yalnız Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesini uzatmağa xidmət eləyən zərərli bir addım kimi qiymətləndirilə bilər. Nensi Pelosinin yalnız İrəvana səfər etməsi, oradan erməni separatçıların olduğu Xankəndiyə gedə bilməməsi əslində Nensi Pelosinin də, digər amerikalı nümayəndələrin də mövcud reallıqların diqtə etdiyi şərtləri başa düşdüyünü, eyni zamanda qəbul etdiyini söyləməyə imkan verir: “Bu onu göstərir ki, yüksək səviyyəli Nensi Pelosi kimi ABŞ nümayəndələri belə, dərk edirlər ki, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməklə bölgəyə səfər etmək Amerika və Azərbaycan arasında münasibətləri çox ciddi şəkildə zədələyə bilər. Bu isə Azərbaycandan daha çox ABŞ-ın maraqları üçün təhlükəlidir, ABŞ-ın maraqlarına çox ciddi zərbə ola bilər. Ona görə hesab edirəm ki, Nensi Pelosi bu perspektivdən çəkindi. İrəvanda səslənən bəyanatları yalnız populizm xarakterli, səfərin özünü isə eyforiyaya düşən Ermənistan cəmiyyətini mövcud vəziyyətdə daha da emosional davranışa, anti-Rusiya meylinə kökləməyə, Paşinyan hakimiyyətini qoruyub saxlamağa xidmət edən kiçik məqsədli səfər kimi qiymətləndirmək olar”.  

Politoloq istisna etmir ki, Pelosinin Xankəndiyə gedişinə-Azərbaycan ərazisinə daxil olmasına Rusiya sülhməramlıları razılıq verməyə bilərdi. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR