İnsanlara hürriyət, millətlərə istiqlal!

Pelosi Bayden hökumətini eşidəcəkmi - ABŞ Çindən, yoxsa 2-ci qlobal böhrandan çəkindi...

Neçə gün idi ki, dünyanın diqqəti Tayvanda, daha doğrusu, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyətinin Asiya turuna yönəlmişdi. Səfər zamanı ABŞ parlamenti sədrinin Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya ziyarəti nəzərdə tutulmuşdu. Pelosinin Tayvana da baş çəkib-çəkməyəcəyi məsələsi rəsmi Vaşinqtonla Pekini az qala münaqişənin astanasına gətirmişdi.

Xatırladaq ki, Nümayəndələr Palatasının rəhbərinin Tayvana mümkün səfərinə Çin sərt reaksiya göstərmiş və hətta buna görə ABŞ hökumətinə kəskin xəbərdarlıq etmişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Konqres Nensi Pelosinin Tayvana gedəcəyi təqdirdə Çinin ABŞ-la ən yüksək səviyyədə dialoqa son qoymağa hazır olduğunu bildirmişdi. Bundan əlavə, Tayvan yaxınlığında Çin hərbi təlimlərə başlamış, Çin Hərbi Dəniz Qüvvələri Makau adasından 89 km uzaqlıqda məkanın bütün gəmilər üçün bağlandığını açıqlamışdı. İki qlobal gücün hərbi toqquşma ehtimalı xeyli artmışdı. Ancaq son anda məlum oldu ki, Pelosi Tayvana getməyəcək. Çünki səfər proqramında nəzərdə tutulmayıb. Aydındır ki, bu, ABŞ-ın həm də bir “nəbz yoxlanışı” idi. İstənilən halda, ABŞ Çindən çəkindi, yoxsa sadəcə, 2-ci qlobal böhrana səbəb olmaq və ozünə qarşı “ikinci cəbhə” açmaq istəmədi? Belə fikir var ki, hazırkı həssas durumda Tayvana görə Çinlə hərbi toqquşma Rusiyanın maraqlarına işləyə, Moskva və Pekini ABŞ-a qarşı daha da yaxınlaşdıra bilərdi.

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməmək qərarı Vaşinqtonun Pekinlə hərbi qarşıdurmaya hazır olmadığını göstərdi”.

Bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib.

“Nəticədə Pelosi Tayvana uçmadı. Zərərli yoldan qayıtdı. O, başqa yerdəki müttəfiqlərinə sarsılmaz sədaqət andı içməyə qərar vermişdi. Proqnozlaşdırdığımız kimi, ABŞ bütün qorxulu ritorikasına və təxribat meylinə baxmayaraq, Çinlə hərbi münaqişəyə və ya belə bir münaqişəyə çevrilə biləcək ciddi insidentə hazır olmadığını göstərdi. Çin üçün mənəvi qələbə”, - Puşkov bildirib.

Reallıq belədirmi? Yoxsa ABŞ daha bir qlobal iqtisadi böhran arzulamadığı üçün buna getmədi? Ümumiyyətlə, iki dövlət arasında Tayvana görə nə vaxtsa hərbi qarşıdurma mümkünmü?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Rəsmi Vaşinqton hazırda Çinlə açıq konfrontasiyaya getmək niyyətində deyil”

BAXCP sədrinin müavini, əməkdar jurnalist, politoloq Elçin Mirzəbəylinin ehtimalları bu cürdür: “Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkovun ABŞ Nümayəndələr Palatasının Tayvana səfər etməməsi ilə bağlı söylədikləri, ölkənin daxili ictimai rəyinə hesablanmış bəsit və əsaslandırılmamış təbliğat elementindən başqa bir şey deyil. Bu yanaşma Rusiya ictimaiyyətinə ”ABŞ daha supergüc deyil, Çindən çəkinir" mesajının verilməsinə xidmət edir və təhtəlşüur olaraq, Rusiyanın ABŞ-la rəqabətdə “köməkçi vasitələrə” ehtiyacının olduğunu ortaya qoyur. Qeyd edim ki, Nensi Pelosinin Asiya turu çərçivəsində Tayvana səfər edəcəyi barədə ABŞ Nümayəndələr Palatasının rəsmi internet səhifəsində heç bir məlumat yer almayıb. Ola bilsin ki, belə bir səfər, ümumiyyətlə, nəzərdə tutulmayıb və bu barədə məlumat məqsədyönlü şəkildə mətbuata ötürülüb ki, rəsmi Pekinin necə reaksiya verəcəyini izləsinlər. Xatırladım ki, ABŞ Tayvanla sıx qeyri-rəsmi münasibətlərə malik olsa da, bu ölkənin müstəqilliyini tanımır. Nensi Pelosiyə gəldikdə isə Nümayəndələr Palatasının sədri Çinə qarşı ən sərt mövqedən çıxış edən siyasətçilərdən biri sayılır. Pelosi hələ bu ilin aprelində Tayvana səfər etməyə hazırlaşırdı, amma COVİD-19 virusuna yoluxması səfərin ləğvinə səbəb oldu və səfərin avqust ayında gerçəkləşə biləcəyi ehtimalı irəli sürüldü. Prezident Co Bayden Pelosinin Asiya turundan öncə bəyan etmişdi ki, ABŞ hərbçilərinin qənaətinə görə, Nümayəndələr Palatasının sədrinin Tayvana səfəri yaxşı ideya deyil. Bu baxımdan, Pelosinin prezident Baydenin və ABŞ hərbçilərinin xəbərdarlığını əsas götürərək, Tayvana səfəri Asiya turu proqramına daxil etmədiyi ehtimalı daha inandırıcı görünür. Hər halda, Baydenin xəbərdarlığının səfərdən bir müddət öncə dilə gətirildiyi faktdır. Elə ABŞ prezidentinin bu fikirləri də sübuta yetirir ki, rəsmi Vaşinqton hazırda Çinlə açıq konfrantasiyaya getmək niyyətində deyil. Bu baxımdan, ən azı yaxın 1 il ərzində Çin-ABŞ münasibətlərinin indikindən daha kəskin ola biləcəyi gözlənilmir".

Qazax və qırğızlar Rusiyadan üz döndərir?

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bunun bir nəbz yoxlaması ola biləcəyini düşünür: “ABŞ ritorikasında bir çox səhvlərə yol verən siyasi fiqurları vasitəsilə zaman-zaman Çinin nəbzini yoxlayır. Məsələn, bir-iki ay öncə prezident Bayden demişdi ki, Çin Tayvana hücum etsə, ABŞ Tayvanın müdafiəsini təşkil edəcək. ABŞ-ın milli təhlükəsizlik komandası dərhal bu açıqlamanı düzəltməyə çalışmış, ölkənin ”Vahid Çin" siyasətinə sadiq qaldıqlarını, başqa sözlə, Çinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etmişdilər. Hazırda Hind-Sakit okean regionunda səfərdə olan Nensi Pelosi də daha öncə Tayvana səfər edəcəyini açıqlasa da, səfərin rəsmi trayektoriyasından Tayvan çıxarılmalı oldu. Bu, təbii ki, Çinin sərt mövqeyi, adaya hərbi təlim adı ilə qoşun yeritməsi ilə əlaqədar idi. Həmçinin əksər ekspertlər ABŞ-ın Çinlə Tayvana görə müharibəsini mümkün hesab etmirlər, üstəlik belə bir müharibə olarsa, ABŞ-ın ondan məğlub ayrılacağını bildirirlər. Bir çox beyin mərkəzləri Çinin 2030-cu ildə dünya iqtisadiyyatında birinciliyi ələ keçirərək ABŞ-ı ikinci yerə salacağını iddia edir. Həm də iki ölkə arasında olduqca böyük həcmli ticarət əlaqələrinin mövcudluğu faktı ayrıca qeyd olunmalıdır ki, bu da ABŞ və Çini birbaşa konfrontasiyadan uzaqlaşdıran ən əsas faktorlardan biridir. Müqayisə üçün qeyd edim ki, 2021-ci ildə Avropa İttifaqı (bütün Aİ ölkələri birgə) ilə Çinin ticarət dövriyyəsi (472,2 milyard avro Aİ-nin Çindən idxalı, 223,3 milyard avro Aİ-nin Çinə ixracı) 695,5 milyard avro idisə, eyni ildə sadəcə ABŞ-Çin ticarət əlaqələri (151 milyard dollar ABŞ-dan Çinə ixrac, 506 milyard dollar ABŞ-ın Çindən idxalı) 657 milyard dollar olmuşdu. Beynəlxalq münasibətlərdə qarşılıqlı bağımlılıq nəzəriyyəsi vardır. Bu nəzəriyyəyə görə, geo-iqtisadi olaraq bir-birinə qarşılıqlı bağlı olan tərəflər münaqişədən çəkinirlər. Hazırda Çin-ABŞ münasibətlərində məhz bu tendensiya müşahidə oluna bilər. ABŞ öz hərbi və təhlükəsizlik doktrinalarında Çini bir nömrəli təhdid elan etsə də, onunla birbaşa münaqişəyə girməkdən çəkinir. O ki qaldı Tayvan məsələsinə, Çinin yaxın zamanlarda adanın müstəqil xarici siyasətinə son verəcəyi ehtimal daxilindədir. Belə ki, Çin Tayvanı “kommunist hakimiyyətə qarşı qiyam qaldıran müxalif-liberal vilayəti” hesab edir. Bəzi ekspertlər Tayvanın Çinlə birləşməsinin son tarixi olaraq  2025, yaxud 2030-cu illəri qeyd edirlər, son dövrlərdə dünyada baş verən qlobal təlatümlər fonunda isə Tayvanda qarşıdakı 18 ay ərzində ciddi dəyişikliklər olacağı ehtimal edilir".

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Bayden hökumətinin xəbərdarlığına baxmayaraq, Tayvana səfər edəcəyi gözlənilir.

APA-nın xəbərinə görə, bu barədə CNN-ə adı açıqlanmayan ali səviyyəli Tayvan və ABŞ rəsmiləri bildiriblər.

Məlumata görə, Tayvana səfər Pelosinin ictimaiyyətə açıqlanan hazırkı səyahət planında əks olunmayıb. Tayvan rəsmisi Pelosinin gecə Taybeyə gəlməsinin gözlənildiyini qeyd edib.

ABŞ rəsmisi isə qeyd edib ki, Müdafiə Nazirliyinin rəsmiləri Pelosinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Çinin regiondakı aktivliyini davamlı olaraq monitorinq edirlər.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR