İnsanlara hürriyət, millətlərə istiqlal!

Pedaqoji piket

Müəllimlərin imtahanı olub, xeyli zəhmətkeş təhsil işçisi bunun nəticələrindən narazı qalmışdır. Deyir bizə az bal veriblər. Maaşımız az faizlə artacaqdır. Suallar dözülməz dərəcədə çətin imiş. Fəlsəfədən suallar qoyublarmış, saxtakarlıq edilib və sairə.

Hətta bir qrup müəllim(ə) Elm və Təhsil Nazirliyinin qənşərində piket keçirməyə yollanmışdı. Dəhşətli mənzərəydi. Müəllimlərin siyasətə qarışdığını görmək üzücüdür. Belə getsə onlar dərs keçməyə də başlayarlar!

Ancaq insaf naminə, müəllimlərin sertifikasiya imtahanını Elm-Təhsil Nazirliyinin keçirməsi məntiqə uyğun deyil. Bunu Məzahir müəllim - MSK etməliydi. Niyəsini hörmətli pedaqoqlarımız hamıdan yaxşı bilir. Şübhəsiz, Məzahir müəllimin attestasiya və sertifikasiyasından yüksək bal, örnək üçün, 90-100 faiz toplamaq müəllimlərə asan olardı. Bəlkə sinədə şparqalka aparmağa da icazə verilərdi. İndiki halda isə 30-40-50 bal toplanmışdır. Bu isə maaşa cəmi 10 faiz artıma imkan verirmiş. İşi xiridarına tapşırmalıyıq. Şair bu yerdə görün nə demişdir: “Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar”.

Maraqlıdır ki, inflyasiya şiddətlənməyən vaxtlarda hökumət müəllimlərin maaşlarını toplu halda, sərəncamla artırardı. İndi isə hər 3-5 ildən bir gərək imtahan versinlər. Yalnız yüksək bal toplasalar maaş artacaq, əks halda, yuxuda darı görsələr bəsləridir. Bağda ərik qurtarıb yəqin. Yoxsa hökumət “salam-məliyi” niyə bitirsin?

İnflyasiya demişkən... Bugünlərdə baş nazirimiz iclas düzəltdi, inflyasiya ilə ciddi məşğul olacağını açıqladı. Əslində “açıqladı” sözünü səhv yazdığımı düşünürəm, çünki bizdə nazirlər brifinq etmək, xalqa hesabat vermək kimi arxaik elementlərdən çoxdan əl çəkmişlər. Xalq kimdir ona hesabat verəsən? Jurnalist isə qarşıdan gələn 22 iyulda yada düşən, nəsli kəsilməkdə olan canlı növüdür, bu da artıq heç kimə lazım deyil. Təsəvvür elə, bu yaxında hörmətli nazirlərimizdən biri mətbuat konfransı keçirərkən əvvəlcədən jurnalistlərə şərt qoyubmuş: nə canlı yayımla çəkiliş olacaq, nə də nazirə sual verməyə icazə var. Sual verilməyən brifinq - bizim yeni media kəşfimizdir.

Allah rəhmət eləsin, vaxtilə Kaşpirovski bütün SSRİ üçün bu tip “brifinqlər” edərdi: su dolu stəkanı qoyurdular televizorun qabağına, Kaşpirovski efirdən həmin suya enerji üfürürdü, suyu içirdin, bütün dərd-azar canından çıxırdı. Allah Qorbaçovun evini yıxsın, gül kimi hökuməti dağıtdı.

SSRİ-dən söz düşmüşkən, o vaxt müəllimin hörməti indikindən çox idi. Müəllim uşağı döyürdü, vurduğu yerdən çiçək çıxırdı. İnstitutlarda yekəqarın professorlar oturub imtahanla uşaqları instituta qəbul edirdilər. Hər ali məktəbin öz qiyməti var idi. Bəzən çoxlu qoyun satıb ali məktəbə girmək mümkün olurdu. Gözəl günlərdi. Müəllimlər yalnız Böyük Oktyabr Sosialist İnqilabının növbəti ildönümündə, 1 mayda parada çıxardılar, ta indiki kimi nazirliyin qabağında etiraz piketi eləməzdilər. Pambıq, üzüm yığımında da pedaqoji kollektivlər fərqlənərdi. Yaxşı pambıq yığanı deputat qoyurdular. Moskvaya göndərirdilər. İndi isə müəllimlər pul toplayıb direktora verir ki, ziyarətə gedib məşədixanım olsun.

Hesab edirəm çoxlu xarici düşmənimiz olan şəraitdə müəllimlərin MİQ imtahanlarından narazılığına (bunun açması Müəllimlərin İşə Qəbulu deməkdir, lakin ola bilər qırıcı MİQ təyyarəsinə işarədir) son qoyulmalıdır. Səbirli, dözümlü olsunlar. Növbəti illərdə imtahan versinlər, daha çox bal yığsınlar. Bəzi ölkələrdə heç məktəb yoxdur. Dərsi cəngəllikdə, filin xortumu, gərgədanın buynuzu, zürafənin boynunda keçirlər. Düşmən dəyirmanına su axıtmaq olmaz, su çatışmazlığı olan dövrdə xüsusilə.

Sonda məndən Məzahir müəllimə çoxlu salam söyləyin.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR