Onlayn ictimai-siyasi qəzet
Əvvəllər sosial şəbəkələrdə Çində çəkildiyi bildirilən bir şəkil istifadəçilər tərəfindən tez-tez paylaşılır, xüsusi mükiyyətin toxunulmazlığına dair nümunə kimi təqdim edilirdi.
Şəkil beləydi: çoxzolaqlı avtobandır, gediş-gəliş yolları xətlənib, ancaq yolun bir hissəsində gediş xətti 20-30 metr sağa meyllənir, qövs cızır, eyni yerdə gəliş yolu da o cür sağa meyllənir, ortada isə bir ev və həyətyanı sahə var.
Belə izah verilirdi ki, bu avtoban çəkiləndə ev-həyət sahibini razı salmaq, köçürmək mümkün olmayıb, ona görə də magistralı layihələndirən yerli hökumət çıxış yolunu yolu hər iki tərəfdən sağa meylləndirməkdə görüblər.
Başqa ölkə olsaydı, hekayətin həqiqiliyinə şübhə etməmək olardı. Ancaq Çində repressiv kommunist rejimi hökm sürdüyündən və bu ölkədə dövlət layihələrinə qarşı çıxmaq sabotaj, dövlət cinayəti sayıldığından böyük ehtimalla bu gerçək görüntü deyil, təbliğat üçün nəzərdə tutulub. Yoxsa Çin kommunistlərinin əlində həmin evi yerlə-yeksan etmək, sahibini də divara söykəyib güllələmək elə də çətin iş deyil.
Hər halda bu şəkil mülkiyyət toxunulmazlığının simvolu kimi illərdir internet resurslarını dolaşır.
Əlbəttə, belə görüntülərə qanunun aliliyi gözlənilən ölkələrdə rast gəlmək olar, amma vəhşi kapitalizmin dişlərinin köpək balığının mişar dişləri kimi şaqqıldadığı ölkələrdə xüsusi mülkiyyət-filan hərləyən yoxdur.
İndiyədək o qədər kimsəsiz, əli heç yerə çatmayan sadə adamların evini başına uçurublar, toz-torpaq içində boğaraq, evini dəyər-dəyməzinə satmağa məcbur ediblər ki...
Çox höcətlik edən, evini deyilən qiymətə satmaq istəməyənlərin mülkünün gecəylə yanması halları da olub.
“Tikinti mafiyası” deyilən ifadə ortalığa durduq yerə çıxmayıb. Əlində yüz milyonlarla pul olan, arxalı, dayaqlı, əlaqəli, yüksək vəzifəli qohumları tərəfindən himayə olunan şirkət rəhbərləri ilə döşə-döşə gəlmək hər adamın, hətta heç kəsin dişinin batacağı xörək deyil.
Bəhsə durmuş kimi, bir hektar ərazidə iç-içə, eyvan-eyvana durmuş 7 çoxmərtəbəli bina ucaldan və kvadratmetrini ən baha qiymətlə satan adamlar nə şəhərsalma qaydalarına, nə xüsusi müıkiyyətin toxunulmazlığına riayət edən deyillər. Onların məqsədi var: bu bina burada tikilməlidir – nəyin bahasına olursa, olsun.
Alatavada, içində sakinlər yaşayan, xüsusi mülkiyyət sənədi də olan evin günün günorta çağı uçurulması hadisəsinə bu kontekstdən yanaşmaq lazımdır. Bina tikənlər üçün fərqi yoxdur, o ev xüsusi mülkiyyətdir, ya yox, heç evin real dəyərinin onların təklif etdiyindən qat-qat baha olması da veclərinə deyil. Plan budur ki, adamlar evi boşaltmalı, verilən pulu götürüb getməlidirlər.
Həmin pula onlar başqa yerdə ehtiyacları olan böyükdə mənzil tapacaqlar, tapmayacaqlar, bu da inşaat aparan şirkəti maraqlandırmır. “Onların canı cəhənnəmə, əsas bizim biznesimizdir” – düşüncə budur.
İndi xəbər var ki, evin zədələnməsinə dair göstəriş verən iş icraçısını və maskalı ekskavatorçunu saxlayıblar. Şirkət rəhbərliyi deyir, evdağıtma hadisəsi səhvən olub. Sanasan, masa üstündə bir stəkan su varmış, adamın əli dəyib, aşıb.
Əlbəttə, şirkət sahibləri tutulanları içəridə qoymayacaqlar. Heç özləri də bu əmələ görə o qədər də ciddi cəza almayacaqlar. (Son məlumata görə, evdağıdan şirkətin rəhbəri saxlanılıb, görək sonu necə olacaq). Böyük ejtimalla hamı işin içindən sıyrılacaq. Yəqin ki, bu qalmaqaldan sonra zərərçəkmiş ailə də yetərli qədər təzminat alacaq.
Ancaq sosial şəbəkədə hadisəyə dair şərh yazanların içində iş icraçısına və ekskavatorçuya ürəyi yananlar da var. Guya ki, onlar əmr quludurlar, deyiləni ediblər. Elə deyil. Onlar “killer”dirlər, sifariş əsasında adam öldürməklə sifariş alaraq ev uçurmağın arasında elə bir fərq yoxdur. İkisi də cinayətdir. Ekskavatorun çalovuşu, kəpçəsi evin qapı-pəncərəsini, divarını zədələdiyi vaxt yaxınlıqda adam olsaydı, aldığı zərbədən iki saniyənin içində öləcəkdi.
Məhz belə adamlar qanunsuz, cinayət xarakterli əmrləri icra edərək insanlara zülm edirlər.
Paytaxtı dəmir-beton cəngəlliyə çevirənlərin, şəhərin evini yıxanların gözü doyan deyil. Bu gedişlə onlar bir uşaq meydançası, yaşıllıq zolağı, məhəllə arası qoymayacaqlar, hamısını düzləyib, bina qaldıracaq, onsuz da yaşamağın, hərəkətin gündən-günə çətinləşdiyi Bakını Kəlküttəyə, Mumbaya, Şanxaya döndərəcəklər.
Bu özbaşınalığın və vəhşiliyin qarşısını almaq üçün tədbirlər görülməlidir. Nümunə götürülməli presedent var. Bir çox şəhərlərdə yeni yaşayış massivlərini yalnız şəhərkənarı ərazilərdə salmağa izn verirlər və şəhərin mərkəzi toxunulmaz saxlanılır.
P.S. Qoogledə axtarış apararkən Çində xüsusi mülkiyyətinin toxunulmazlığının simvolu olan daha bir neçə şəkil çıxdı.
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ